İnsanlara hürriyət, millətlərə istiqlal!

Kələyi və kələfi çözülən qrup – ATƏT tarixə gömülmüş qurumu ləğv etməli olacaq

840 17.02.2024 16:00 Analitika A A

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşündə qurumun keçmiş fəaliyyətinə dair bir sıra tənqidi fikirlər səsləndirib.

Prezident qeyd edib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlər - ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməlidir.

Əslində ATƏT-in 3 il yarımdan bəri fəaliyyəti olmayan Minsk qrupunu hələ də saxlaması təəccüb doğurur. Azərbaycan Prezidentinin də dediyi kimi, artıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib, həmsədrlərin görəcəyi bir iş qalmayıb.

İndi Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların vaxtıdır və vasitəçilər olmadan da normallaşma prosesini aparmaq mümkündür. Onsuz da 1990-cı illərin əvvəlindən ta 2020-ci ilin sentyabrına qədər ATƏT-in Minsk qrupunun amerikalı, rusiyalı, fransalı həmsədrləri ortada su bulandırmaqla məşğul idilər.

Dövlət başçıları onları nəzakət qaydaları çərçivəsində qəbul edərək dinləsə də, son illərdə ictimaiyyətin onlardan heç bir gözləntisi qalmamışdı. Hətta xalq arasında həmsədrlərin fəaliyyətinə ikrahamiz münasibət vardı, onları “diplomat-turistlər”, “yeyib-içib kef edən vasitəçilər” adlandırırdılar.

sopre.jpg (8 KB)

Həmsədrlərin heyəti üzv ölkələrin rəhbərliyi tərəfindən vaxtaşırı dəyişdirilsə də, yeni təyin edilən diplomatlar da öz sələflərindən heç nə ilə fərqlənmirdi. Aydın məsələydi ki, onlar öz ölkələrinin rəhbərliyinin, xarici siyasət idarələrinin təmsilçiləridir və ali kabinetlərdə verilən direktivlər üzrə hərəkət edir, açıqlamalar verirlər. Ancaq yeni həmsədrlər öz sələflərindən ziyafət estafetini ikiəlli alırdılar və gah İrəvana, gah Bakıya baş çəkərək ən lüks otellərdə yaşayır, lüks restoranlarda dilekates qidalarla bəslənirdilər. Heç bir məsuliyyətləri də yox idi. Heç kim onlardan “bu zaman kəsiyində ortaya effektiv nəticə qoymalısınız” tələbi etmirdi.

Hətta əksinəydi, ABŞ da, Fransa da, Rusiya da Qarabağ münaqişəsinin tənzimlənməsinin uzandıqca uzanmasının tərəfdarıydı. Çünki belə bir qənaət vardı ki, hər keçən gün Qarabağı Azərbaycandan uzaqlaşdırır, Ermənistana yaxınlaşdırır. Ermənistan rəhbərliyi də bu düşüncədəydi, ona görə də həmsədrlərin iki-üç ildən bir ortaya atdığı “mərhələli həll planı”nı əlinin dalıyla rədd edirdi və bu mənfi səciyyəli maksimallistlik, höcətlik həmsədrlərin xətrinə dəymirdi.

Azərbaycanlı siyasətçilər, politoloqlar, jurnalistlər, eləcə də ictimai-siyasi fəallar ATƏT həmsədrlərinin, Ermənistan rəhbərlərinin kələyini və kələfini çoxdan çözmüşdülər, bilirdilər ki, bütün gəliş-gedişlər, söz-söhbətlər Qarabağı de-yure Azərbaycandan qoparmaq üçündür. Həmsədrlər sonu görünməyən danışıqlarla rəsmi Bakını yoraraq, bezdirərək, qondarma “DQR”-in müstəqilliyinin tanınmasına, daha dəqiqi, Ermənistana birləşdirilməsinə nail olmaq istəyirdilər. Həmsədrlərin boş və mənasız səfərlərinin, monitorinq adı altında o vaxtkı status-kvonun qorunub saxlanılması istiqamətində fəaliyyətlərinin yalnız Ermənistana faydası vardı.

Ancaq bu plan baş tutmadı. 21-ci əsrin 2-ci onilliyinin əvvəlində Azərbaycan rəhbərliyi ATƏT-dən ümidini tamamilə kəsdi və öz başının çarəsinə baxmaq üçün yeni istiqamətlərə meylləndi. Bu, ordu quruculuğunun inkişafına nail olmaq və əlverişli geosiyasi vəziyyətin yetişməsini gözləməkdən ibarət idi. 2020-ci ildə o gün yetişdi. Ağılları ötən əsrin 90-cı illərinin əvvəlində qalmış, həmişə xarici havadara güvənərək yekə-yekə danışan ermənilər yenidən köhnə hava ilə oynamaq istəyəndə başlarının üzərində dron səsi eşitdilər, tutarlı zərbə aldılar və toparlana bilmədilər, gec oldu.

2020-ci ilin payızında, artıq Şuşa azad olunandan az sonra həmsədrlər özlərini yenidən Bakıya çatdırdılar. Həmin vaxt onları sonuncu dəfə qəbul edən Prezident İlham Əliyev onlara nəzakət qaydaları çərçivəsində ağır sözlər dedi, başlarını aşağı salıb dinlədilər, deyəcək sözləri yox idi. Və suları süzülə-süzülə getdilər.

Bakıdan mədəni şəkildə qovulduqdan sonra həmsədrlər ölkələrinə qayıdıb istefa verməli ikən, ATƏT-də Minsk qrupunun buraxılması barədə məsələ qaldırılmalıykən, nəyəsə ümid edə-edə bunu etmədilər. Həmin faydasız qurum hələ də saxlanılır. Rəsmi İrəvan da Minsk qrupunun buraxılmamasını istəyir. Paris, Vaşinqton və Moskva da o fikirdədir. Ancaq Bakı dediyini deyib və birmənalı demək olar ki, fikrini dəyişməyəcək, bir daha o formatda heç bir vasitəçilər qrupu ölkəmizə gəlməyəcək.

Hər üç üzvü ermənilərə tərəfdar olan vasitəçilər qrupu tarixə gömülüb, məsələ bitib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR