İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlunu Azərbaycana dəvət etmək zamanı

3237 30.05.2023 08:03 Yazarlar A A

Seçkidə Ərdoğana uduzanın Atatürk mirasında rəhbər olduğunu gözardı etməmək lazımdır 

Türkiyədə prezident seçkilərinin ikinci turu da xüsusi qarşıdurma olmadan nəhayət ki, sona çatdı. Türkiyə televiziyaları hələ bir ay bundan danışacaqlar, ancaq bizim gündəm tezliklə dəyişəcək. O səbəbdən bu köşənin Türkiyə seçkisi ilə bağlı son yazı olduğuna əmin ola bilərsiz. Əslində, yazmamaq da olardı, amma bəzi səbəblər var... 

Əvvəla, seçki bitdikdən sonra Kamal Kılıçdaroğlunun ilk açıqlamasına baxanda onun üçün bu kampaniya dövründə ilk dəfə məyus oldum. İnsani üzülməkdir yəqin ki, Kılıçdaroğlunun səsindəki kədəri başa düşməyə nə vardı ki? Eləcə də səmimi olaraq dəyişikliyə köklənmiş seçiciləri də... Adama 25 milyondan artıq seçici səs verib. Bu, böyüklü-kiçikli 2  Azərbaycan əhalisindən çox  deməkdir. Bu nəticə göydən də düşməyib. Bəzi bölücü güclər istisna olmaqla Kılıçdaroğluna səs verənlər də Türkiyənin pisliyini istəmirdilər ki... 

bunyamin-bezci-giris.jpg (66 KB)

Əlbəttə, bu seçki kampaniyası müddətində mənim (Əlinin, Vəlinin və sairə) namizədlərdən birinə dəstəyinin də Türkiyədəki seçkiyə heç bir təsiri ola bilməzdi. Burda nələrsə yazmışıq ki, o da daxili auditoriya üçün olub, nə Ərdoğan bizə təşəkkür edəndir, nə Kılıçdaroğlu yazdıqlarımıza görə bizdən narazı qalan, küsən...

Seçki dönəmində Azərbaycan mediasında CHP başqanı haqda bəzi sərt başlıqlar gördüm, bunları gərəksiz hesab etdiyimdən oxumadım, bəlkə də hansısa fakt varmış gerçəkdən də, bunu deyə bilməyəcəm. Atatürk “türkəm” deyənin ortaq dəyəri olsa da, CHP onun  yaratdığı partiyadır. Əvvəlki məramından uzaqlaşmış kimi görünsə də, dəfələrlə hökumətdə olublar, pis-yaxşı ölkə idarə ediblər, pis işlər də var, yaxşısı da. O səbəbdən Kılıçdaroğlunun bir Atatürk mirasında rəhbər olduğunu heç vaxt gözardı etməmək lazımdır. 

erdogan_kilicdaroglu.jpg (105 KB)

Azərbaycanda seçki ilə bağlı ümumi əhval-ruhiyyəni əlbəttə ki, hər iki namizəd bilirdi və ölkəmizdə Ərdoğanın qələbəsini istəyənlərin niyə çox olması Kılıçdaroğlu tərəfdarları üçün sirr deyildi. Bu barədə əvvəlki yazılarda da qeyd etmişdim ki, biz  qardaş ölkə olsaq da, Türkiyənin seçkisidir, “keşişdən artıq keşiş” olmağa gərək yoxdur. O səbəbdən seçkinin elə bizdə də xata-bəlasız keçməsinə bəlkə də sevinmək lazımdır. Ərdoğan üçün qurban deyib indi qoyun kəsənləri də başa düşmək olar, bu da müsəlmançılıqda gələnəkdir, hansısa imkansız ailə bir kilo o ətdən yeyəcəksə, onun üçün fərqi yoxdur seçkini kim qazandı, əsas onun ocağının üstündəki qazanının qaynamasıdır, bu qədər qaramsallığa, qurban kəsənləri acılamağa gərək yoxdur.  

Bİzim Ərdoğan hakimiyyətinə bir təmənnasız vəfa borcumuz vardı, dövlət maraqları da onun hakimiyyətdə qalmasını tələb edirdi. Türkiyədə hakimiyyət məsələsi dünyanın indiki vaxtında bizim üçün də bu qədər mühüm olmasaydı, əvvəlki illərdəki kimi sakitcə müşahidə edər, qalibə təbrik yazardıq. Amma, fəqət və lakin indi dünyanın ipi o qədər qaçıb ki, Ərdoğan kimi siyasət ustasının Türkiyədə hakimiyyətdə qalması lazım idi. Dünyada liderlərin cılışlaması prosesi gedir. Ərdoğan isə o sırada təkcə uca boyuna görə fərqli görünmür. Ərdoğan müasir Türkiyə tarixinə adını yazdırıb və onu kimsə silə bilməyəcək. 

MyCollages__21_.jpg (79 KB)

İstərdik ki, Ərdoğan bu 5 illik dönəmdə ölkəsində daha qucaqlayıcı, daha birləşdirici xətt yeritsin. Ölkənin iki düşərgəyə-dəyişiklik istəyənlərlə, istəməyənlərə yarıbayarı bölündüyü bir vaxtda həm də-Türkiyənin barışdırıcı dilə daha çox ehtiyacı var.  

Türkiyənin düşmənləri yenə də dincəlmirlər. Dünya mediasında az qala türk xalqını aşağılayaraq “demokratiyaya yox, avtokratiyaya səs verdilər” yazırlar yenə də. Bu anti-Türkiyə prosesi davam edəcək. Ərdoğanın işi asan olmayacaq, amma bacaracaq.  

Seçki geridə qalmışkən, bir məzəli məsələni də qeyd edim.  Ərdoğan “bay Kamal” tapıntısının qarabağlıların(bəlkə başqa raonlarda da var) leksikonu ilə birbaşa əlaqəsi olduğunu yəqin ki, özü bilmir. Xüsusilə də bunun Qalada(Şuşa) “bay, bay, bir də bay” şəklində ifadə olunduğunu... Bunu o halda işlədirlər ki, məsələn, kimsə məclisdə oxuyur, ya da oynayır, belə deyib ona həm dəstək, həm də “qaz verərlər”. Düzdür, çoxdan görüşmədikləri adamı da görəndə belə deyirlər, amma bir, ya da iki dəfə... 

erdogan_new.jpg (50 KB)

Ərdoğan son seçkilər ərəfəsi “bay, bay Kamal” deməyə başladı. Fikirləşirdim ki, Ərdoğan qalib gəlsə, Kılıçdaroğlu haqda üç dəfə “bay” yazım, xətrinə dəymədən. Ərdoğan isə dünən İstanbuldakı çıxışında məni qabaqladı, avtobus üzərindəki çıxışında ötəri olsa da, üç dəfə “bay, bay, bay” dedi... 

Nəhayət, ciddi olaraq o düşüncədəyəm ki, müəyyən çətinliklər olsa da, Kılıçdaroğlunu Azərbaycana dəvət etmək lazımdır. Hökm deyil ki, dövlət xətti ilə gəlsin. (Vaxtilə ölkəmizə dəvət edilən Jirinovskiyə bu lütvü göstərmişik). Həm aradakı soyuqluq götürülərdi, ölkəmizi gəzərdi, həm gedib Şuşada təmiz havada nəfəs alardı... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR