İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev Qərbə “fəlakət variantı” vəd edir: Rusiya Ukraynanı tam işğal şansı qazanır

2626 10.01.2024 18:30 Analitika A A

Rəsmi Kiyev ABŞ və Qərbin Rusiya ilə gizli sövdələşməsini pozur, Ukrayna ərazilərini güzəştə ketməmək üçün bütün potensialını işə salıb... İndi Qərb ya Ukraynaya hərbi dəstəyi bərpa etməlidir, ya da ən yaxın vaxtlarda qalib Rusiyanın bütün şərtlərini qəbul edib, Kremlin təlimatlarının icrasına hazır olmalıdır...

Ukrayna savaşı ətrafında qəliz situasiya yaranıb. Bu müharibə Rusiyanı “savaş bataqlığı”na salaraq, beynəlxalq məkandan təcrid edilməsi üçün icad olunub, ssenariləşdirilmişdi. Ancaq Kreml hələlik Ukrayna savaşına tab gətirməyə nail olur. Rusiyaya qarşı beynəlxalq sanksiyalar da bumeranq effekti verməyə başlayıb. Və bu baxımdan, kollektiv Qərbin Ukrayna savaşını planlaşdırarkən prioritet kimi qəbul olunan hədəflərə tam çatdığını iddia etmək bir qədər çətindir.

Ancaq ABŞ və Qərbin Ukrayna savaşına yönəlik mövqeyində müşahidə olunan müəyyən dəyişiklər Rusiyanın ümidlərini bir qədər artırmış kimi görünür. Çünki kollektiv Qərb Ukraynaya artıq əvvəlki intensivlikdə hərbi dəstək verməyə həvəs göstərmir. Belə vəziyyət bir tərəfdən Rusiyanın savaş poliqonunda hərbi təşəbbüsü ələ keçirtməsinə müəyyən imkanlar açır. Digər tərəfdənsə, Ukraynanın bir dövlət kimi mövcudluq şanslarını böyük risk altında buraxır. Və bu, rəsmi Kiyevin kollektiv Qərbə açıq qınaqlar ünvanlamasına da səbəblər verir.

------------------1-18.jpg (917 KB)

Ona görə də, Ukrayna rəsmi dairələrinin son vaxtlar ABŞ və Qərbə dolayısı ilə kəskin iradlar bildirməsi qətiyyən təəccüblü deyil. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hətta Rusiyanın savaşda qələbə şansının ciddi şəkildə artmasından açıq mətnlə danışmağa başlayıb. O, bildirib ki, kollektiv Qərbin Ukraynaya hərbi yardımları azalıb. Ona görə də, Ukraynanın savaşın ağırlığına uzun müddət tab gətirmək imkanları məhdudlaşıb. Bu səbəbdən də, Ukraynaya hərbi yardımları azaldan ABŞ və Qərb indi bunun mümkün nəticələrinə - Rusiyanın hərbi qələbəsinə də mütləq hazırlaşmalıdır. Və Kremlin hərbi qələbəsinin Qərbin maraqlarına uyğun olacağını düşünmək isə sadəlövlükdən başqa bir şey deyil.

Göründüyü kimi, rəsmi Kiyev ABŞ və Qərbə bir tərəfdən gələcək hərbi-siyasi təhlükə barədə xəbərdarlıq edir. Digər tərəfdənsə, dolayısı yolla kollektiv Qərbi Ukraynanın sona qədər dəstəklənməməsinə görə suçlayır. Üstəlik, bu davranışın yaxın gələcəkdə ABŞ və Qərbə baha başa gələ biləcəyinə də üstüörtülü eyham vurur. Yəni, rəsmi Kiyev ABŞ və Qərbdən ciddi şəkildə narazıdır və bunu gizlətməyə artıq ehtiyac belə, duymur. Və Ukraynanın gələcək taleyinin böyük risk altında qaldığını nəzərə aldıqda, rəsmi Kiyev tamamilə haqlı görünür.

Ancaq son hadisələr isə onu göstərir ki, hazırda Qərbdə Ukraynanın gələcək taleyi heç kimi düşündürmür. İndi ABŞ və Qərb Ukrayna savaşından xilas olmağın ən optimal yolunu axtarır. Ukraynaya hərbi dəstək üçün nəzərdə tutulan daxili resurslarını tükətmək üzrə olan Qərb ölkələri savaşdan yorulduqlarını qabardırlar. Və Ukrayna savaşı ilə bağlı daşıdıqları maliyyə-iqtisadi yükü öz çiyinlərindən ən qısa zamanda atmaq üçün uyğun situasiya yetişdirməyə can atırlar.

putin-bayden-kollaj.jpg (808 KB)

Məsələ ondadır ki, ABŞ başda olmaqla, bəzi aparıcı Qərb ölkələri Ukrayna savaşının sona çatdırılmasını müzakirə etmək məqsədilə gizli toplantı keçiriblər. Həmin toplantıda rəsmi Kiyevə Ukraynanın bəzi ərazilərinin Rusiyaya güzəştə gedilməsinin qaçılmazlığı təlqin olunub. Qərb strateqləri hesab edirlər ki, NATO ölkələrinin Ukraynaya əvvəlki kimi hərbi dəstək verməsi artıq mümkün olmayacaq. Nəticədə Rusiya tam hərbi qələbə şansı qazanacaq və bu zəfər Kremlə Qərb qarşısında öz şərtlərini diqtə etmək imkanları açacaq.

Belə bir situasiyanın qarşısını isə yalnız Rusiyaya tam hərbi qələbə imkanı vermədən sülh sazişinin imzalanması ilə almaq mümkün ola bilər. Ancaq Kremli buna razılaşdırmaq da asan məsələ deyil. Çünki sülh danışıqlarına başlamazdan əvvəl Kreml Qərbin Rusiyaya təklif etdiyi güzəştləri öz maraqları ilə uyğunlaşdırmaq istəyir. Bu baxımdan, kompromis yalnız Rusiya ordusunun işğal etdiyi Ukrayna ərazilərinin Kremlin nəzarətində qalması hesabına əldə etmək mümkün ola bilər. Və bu, əslində, Ukraynanın bir dövlət kimi parçalanma prosesinin ilk mərhələsinin başlanması anlamı daşıyardı.

Belə anlaşılır ki, vaxtilə ABŞ və Qərbə güvənib, Rusiya ilə hərbi qarşıdurmaya girmiş Ukrayna indi “sülh bazarlığı”nda Kremlə qurban verilir. Bəzi məlumatlara görə, Ukrayna hakimiyyətində bu məsələ ciddi ziddiyyətlərə yol açıb. Belə ki, bəzi hərbi-siyasi qruplaşmalar Ukraynanın ABŞ və Qərbin maraqlarının girovuna çevrilməsi ilə barışmaq niyyətindən uzaqdırlar. Onların fikrincə, sona qədər savaşmaq və Ukraynanı müharibəyə düçar etmiş Qərbi hərbi dəstəyi davam etdirmək məcburiyyətində buraxmaq vacibdir.

putin1646377325.jpg (86 KB)

Hər halda, Ukraynanın ərazi itkiləri hesabına sülh sazişinin imzalanması mümkün olmazsa, Rusiya mütləq hərbi qələbə şansı qazana bilər. Nəticədə Ukraynanın hərbi işğalı məhz Avropa ölkələrini Rusiyanın birbaşa hədəfinə çevirər. Bu faktoru ön plana çəkməyə çalışan Ukrayna hakimiyyətindəki bəzi hərbi-siyasi qruplaşmalar Rusiya ordusunun mövqelərinə zərbələri intensivləşdiriblər. Və bu taktika ilə konkret hədəflərin reallaşdırılması nəzərdə tutulur.

Belə intensiv döyüş əməliyyatları şəraitində sülh danışıqlarını əsas prioritetə çevirmək mümkün deyil. Çünki sülh masası arxasına keçmək üçün ilk növbədə savaş məkanında müvəqqəti də olsa, sakitliyin yaranması vacibdir. Digər tərəfdən, Ukrayna öz ehtiyatında olan silah-sursatı böyük risk almaqla, tükətməyə başlayıb. Kremldə artıq Ukrayna ordusunun nə qədər vaxtdan sonra öz arsenalındakı resursları tamamilə tükədə biləcəyini artıq hesablamağa başlayıblar. Və bu, baş verərsə, Rusiyanın hərbi qələbəsi qaçılmaz olacağından Kreml kollektiv Qərblə sülh sazişi müzakirələrinə həvəsli olmayacaq.

Məsələ ondadır ki, Kremldə artıq Ukraynanın bir hissəsinin deyil, bütün ərazisinin Rusiyaya biləşdirilməsi perspektivi barədə düşünməyə başlayıblar. Belə olacağı təqdirdə, Kreml həm də Rusiyaya edilən güzəştlərlə kifayətlənmək əvəzinə, məhz ABŞ və Qərbə öz geopolitik şərtlərini diqtə etmək şansı qazanacaq olacaq. Yəni, rəsmi Kiyev sülh danışıqlarını yaxına buraxmayaraq, savaşı intensivləşdirməklə, ABŞ və Qərbi Rusiyanın hərbi qələbəsinin yaradacağı yeni situasiya ilə qorxutmağa çalışır. Və bu qorxunun kollektiv Qərbi yenidən Ukraynaya əvvəlki intensivlikdə hərbi dəstəyi bərpa etməyə məcbur buraxmaq üçün yetərli olub-olmayacağı yəqin ki, ən yaxın vaxtlarda aydınlaşacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR