İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan və Sərkisyan Bakıda "çay içməyə" gətiriləcək-Xocalı qatillərinin kilsə ilə birləşməsinin gerçək səbəbi

5884 08.05.2024 14:33 Yazarlar A A

Prezident İlham Əliyevin Ağdam məscidi önündəki çıxışını xatırlayırsınızmı? Ali Baş Komandanın o zaman söylədiyi tarixi sözləri bir daha xatırlatmaqda fayda var: “Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Köçəryan, Sərkisyan ordusunu məhv etmişik. Biz Köçəryana, Sərkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Köçəryan, Sərkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə”.

Bu, Qarabağ klanının liderlərinə, Azərbaycan ərazilərində 30 il at oynatmış Xocalı qatillərinə öldürücü zərbə idi. Sonrakı dönəmlərdə xunta rejiminin kökünün qazılması nəticəsində Köçəryan-Sərkisyan cütlüyü uçurumun dibinə yuvarlandılar. Amma həyasızlığa baxın ki, yenidən dirçəlməyə cəhd göstərirlər. Qazax rayonunun kəndlərinin qaytarılması ilə bağlı razılaşmanın əldə olunmasından, delimitasiya prosesinə başlanmasından sonra dirildi bu “yüz ilin ölüləri”. Bu dəfə erməni kilsəsinə yoldaş olmağa cəhd göstərirlər. Özü də qorxa-qorxa. Baqrat Qalstanyan adlı zəhərli həşəratın – “qara keşiş”in Tovuzqala istiqamətində sərsəm iddialar səslənməsindən sonra Köçəryanın onunla görüşdüyü xəbəri yayıldı. Və...Köçəryanın ofisi xəbəri dərhal təkzib etdi. Köçəryan revanş cəhdi etməklə Paşinyanı devirmək, Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə gəlmək və Azərbaycanla aparılan sülh prosesini pozmaq istəyir. Həm də qisasa cəhddir bu. Təkcə Azərbaycandan deyil, həm də Nikoldan. Təsadüfi deyil ki, Ermənistanın baş naziri “Bütün Ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır”-deyib. Nikol Paşinyan son mətbuat konfransında açıq şəkildə deyib ki, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır. Baş nazir xatırladıb ki, hələ 2021-ci ildə Robert Koçaryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib. Hakimiyyət də Köçəryanın planlarından xəbərdardır, ona görə də nəfəs almağa belə, imkan vermir. Məhz buna görə bu cani keşiş Baqratla gizli görüşünü danır.

Azərbaycanla Ermənistan arasında tarixdə ilk dəfə böyük bir proses başlanıb, sərhədlərin dəqiqləşdirilməsi və sülh sazişinin imzalanması istiqamətində. Qarabağda saysız-hesabsız cinayətlər törətmiş Köçəryan, Sərkisyan, Ohanyan və digərləri çox narahatdır. Onların iki xalqın faciəsi, fəlakətləri üzərində sərvət toplamalarına Azərbaycanın qazandığı zəfər nəticəsində birdəfəlik son verilib, üstəlik, Ermənistanda günləri qaradır, Robertin nəinki özü, nəinki mandatlı oğlu, hətta oğlunun köməkçisi belə, istintaq altındadır. Eynilə Serjikin də başı məhkəmələrdən açılmır, həmçinin ailə üzvlərinin. Odur ki, Qarabağ klanı çox intizarla keşiş Baqratın Tovuzqaladan başlayan etirazlarının İrəvanda böyük nümayişlərlə nəticələnəcəyini və həmən etirazçıların başına keçəcəklərini, çiyinlərdə hakimiyyətə gətiriləcəklərini zənn edirdilər. Xəyalları suya düşmüş sayıla bilər, “miatsum” kimi...Cəhənnəmə getdi, gorbagor oldu bu iblislərin xəyalları!  

Görünən budur ki, erməni xalqı da bu canilərin hoqqabazlığından boğaza yığılıb, ona görə də dəstək vermirlər, görməyə gözləri belə yoxdur. Çünki onların xislətinə bələd olublar ötən illərdə. Ermənistanda daxili ictimai-siyasi vəziyyət və erməni kilsəsinin aqressivliyi göz önündədir. Əslində, “yel dəyirmanı” ilə mübarizəyə bənzər aqressiya sərgiləyirlər, həm də iki əsrdən artıq dönəmdə erməni kilsəsinin davam etdirdiyi əclaf missiyanı davam etdirməklə nəyəsə nail olacaqlarını zənn edirlər Qareginin rəhbərlik etdiyi xəstələr. Son günlər delimitasiya və demarkasiya prosesləri fonunda Ermənistanın bir sıra yaşayış məntəqələrində etiraz aksiyalarının baş verməsi və əsas məqsədin delimitasiya və demarkasiya prosesinə mane olması əslində Ermənistanın özünün, erməni xalqının varlığı üçün təhlükə yaradır, bunu Paşinyan özü də anlayır, son açıqlamalarında da açıq etiraf edib. Bu prosesin başında dayanan Baqrat oyuncaqdır, əslində arxada aranı qarışdıran, ölkə daxilində etirazlara dəstək verənlər arasında ilk sırada keçmiş prezident Robert Koçaryan və “Daşnaksütyun” partiyasıdır.

Təsadüfi deyil ki, eyni vaxtda Livanda, həmçinin Qərb dövlətlərindəki daşnaklar da ayaqlandılar, Paşinyanın guya “Tavuş ərazilərini satması” barədə gülünc iddialar səsləndirdilər. İki ölkə arasında normallaşma prosesinə mane olan və əhalinin hökumətə qarşı çıxmasını dəstəkləyənlər arasında Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın adamları, erməni kilsəsi və onun nümayəndələrinin də olması faktdır. Xocalı qatilləri Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının sonrakı mərhələsində qolubağlı Bakıya təhvil veriləcəklərindən əndişələnirlər, buna şübhəniz olmasın. Vaxt var idi Qarabağdakı xunta rejiminin başçıları da hədələr səsləndirirdilər, Arutyunyan Gəncənin raket atəşinə tutulmasına şəxsən göstəriş verdiyini iddia edirdi, Vardanyan sərsəm iddialar səsləndirirdi. İndi Bakıdakı həbsxanada çay içirlər, bu canilər. Sərkisyan-Köçəryan cütlüyü həyəcan içindədir, sülhə doğru atılan hər addım onları həbsxanaya yaxınlaşdırır! Azərbaycan dövləti istədiyini alır, Xocalı qatillərini də Ermənistandan alacaq, caniləri kilsə və daşnaklarla birləşməyə təhrik edən bu qorxudur! Amma xeyri yoxdur, Köçəryan və Sərkisyan Bakıda “çay içməyə” gətiriləcək! Qarabağdakı xunta rejimini xilas edə bilməyən qüvvələr Köçəryan-Sərkisyan klanını da qoruya bilməyəcək. Üstəlik, indiki halda bu canilər həm Azərbaycanın, həm də Paşinyan hakimiyyətinin düşmənidir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR