İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə maşınlar ekologiyanı belə məhv edir

1579 25.11.2022 08:00 Media A A

 

Avropada buna görə cərimə tətbiq olunur, bizdə isə...

 

Dünyada baş verən qloballaşma prosesində iqtisadiyyatın keçid dövrünü yaşayan ölkəmizdəki avtomobillərin bir hissəsi MDB ölkələrində istehsal edilmiş avtomobillərdir. Bundan əlavə, 10 ildən artıqdır ki, ölkəyə xaricdən həmin ölkələrdə işləmə müddəti həddinə və ekoloji cəhətdən yararsızlığına görə istismarı qadağan edilmiş avtomobillər idxal edilir. Avtomobillərin modelləri bütün əsas göstəricilərinə görə (qənaətlilik, etibarlılıq, təhlükəsizlik, ekoloji yararlılıq) sənayesi inkişaf etmiş ölkələrdən 8-10 il geridə qalır.

 

Bakıdakı  maşınların neçə faizi ekoloji baxımdan yararsızdır?

Belə avtomobillərin istismarı nəticəsində yanacaq sərfi və atmosferə atılan zərərli maddələrin miqdarı artır. Bundan başqa, respublikada avtomobil parkının böyük əksəriyyətinin özəlləşməsi də onun maddi-texniki bazasının zəifləməsi nəticəsində ətraf mühitə öz mənfi təsirini göstərmişdir.

Hazırda respublikada istismar edilən avtomobillərin üçdə iki hissəsinin Bakı şəhərində cəmləşdiyini nəzərə alsaq, ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran problemlərin nə dərəcədə aktual olduğu aydın olar. Ölkəmizdə avtomobillərdən xaric olunan qaz tullantılarının zəhərlilik hədlərini müəyyənləşdirən müasir ekoloji təhlükəsizlik standartları işlənib hazırlanmamışdır. Bu günədək ölkədə keçmiş SSRİ-nin 1987-ci il standartları qüvvədədir ki, bu standartlar da nəinki bu günə olan beynəlxalq tələblərə cavab vermir, hətta onlardan nəzərəçarpacaq dərəcədə geri qalır.

İstismar müddəti keçmiş maşınlar ekologiyaya necə ziyan vurur?

Son 3 ildə Azərbaycanda istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb. Belə nəqliyyat vasitələrinin 40 faizi müəyyən müddətdən sonra tullantıya çevrilib. Hesablamalara görə, 1991-92-ci illərdə Azərbaycanda atmosferə atılan tullantıların 85-90 faizi stasionar mənbələrin, yəni sənaye müəssisələrinin, az hissəsi isə nəqliyyat vasitələrinin payına düşürdü. Bu gün isə bunun əksi olaraq, ölkədə atmosferə atılan zərərli qazların çox hissəsi - 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür. Sənaye müəssisələrinin daha mütərəqqi texnologiyalar əsasında yenidənqurulması nəticəsində ətraf mühitə daha az tullantı buraxılır. Buna görə də indi əsas problem avtomobillərin formalaşdırdığı zəhərli qazlardır. Nəqliyyat vasitələrinin ətraf mühitə böyük həcmdə zərərli qaz ayırmasının səbəbləri də müxtəlifdir.

Bu gün Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 80 faizdən çoxu işlənmiş, ekoloji tələblərə uyğun gəlmədiyindən istifadə olunduğu ölkələrdə istismarına qadağa qoyulan maşınlardır. Həmin avtomobillər ətraf mühiti çirkləndirir. İnkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, maşınların ekoloji tələblərə uyğun olması tələbi qoyulur, onlar ətraf mühit üçün problem yaratdıqda istismardan çıxarılır.

Dünya təcrübəsində köhnə avtomobillərin istifadəsinin qarşısının alınması üçün kompleks tədbirlər görülür. Bunun üçün ilk növbədə ekoloji baxımdan istismara yararsız avtomobillərin Azərbaycana idxalını məhdudlaşdırmaq və qadağa qoymaq olar. Xarici ölkələrdə belə maşınların şəhərin mərkəzinə daxil olmasına məhdudiyyət və ya qadağa qoyulur, belə nəqliyyat vasitələrinin alınması, texniki baxışı zamanı müəyyən vaxt və qiymət həddi qoyulur. Məsələn, təzə maşınlar 5 ildən bir, köhnə maşınlar hər il texniki baxışdan keçirilir. Digər tərəfdən, təzə avtomobilin rüsumu daha ucuz, köhnə maşınınkı yüksək olur. Ona görə də bu gün Azərbaycan reallıqları nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməli, problemlərin həlli istiqamətində müzakirələr keçirilməlidir. İnsanlar maşın aldıqda iqtisadi amillərlə yanaşı, nəqliyyat vasitəsinin ekoloji göstəricilərini də nəzərə almalıdırlar.

Köhnə maşın tüstülənir, ekologiya pozulur - nəticə isə...

Avtonəqliyyat vasitələrinin uzunmüddətli istismarı onların texniki vəziyyətinin və daxili yanma mühərriklərinin tənzimlənmə parametrlərinin pisləşməsinə gətirib çıxarır. Atmosferə atılan zərərli maddələrin miqdarı avtonəqliyyat vasitələrinin aşınmasından daha sürətlə artır. Məsələn, yeni avtomobillərdə yalnız 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür. İstismar prosesində cari nasazlıqlar və tənzimləmələrin pozulması zəhərlilik göstəricilərinin və yanacaq qənaətliliyinin pisləşməsinə gətirib çıxarır. Əlverişsiz yol şəraiti, yanacaq-sürtkü materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin qovşaq və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin hələlik yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin çatışmaması avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa olunmasına mənfi təsir göstərir. Nəticədə avtomobil istehsalı sənayesinin ekoloji standartların tələblərinə uyğun olan təkmilləşdirilmiş mühərrik istehsalı sahəsində səyləri reallaşmır.

Avropada cərimə var, Azərbaycanda isə...

Rəsmi statistik göstəricilərə əsasən, respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizdən çoxu avtomobil nəqliyyatının və xüsusi texnikanın payına düşür. Aparılan monitorinqlər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan təkcə karbon oksidlərinin miqdarı 700 min tona yaxındır. Müqayisə üçün bildirək ki, stasionar mənbələrdən atılan çirkləndiricilərin ümumi miqdarı 200 min tonu keçmir. Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövriyyəyə buraxılan (idxal və ölkədə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə 2014-cü il 1 aprel tarixindən ölkədə Avro-4 ekoloji normaları tətbiq edilir. Hazırda nəqliyyat vasitələrinin Azərbaycana idxalı, mənşə ölkəsindən asılı olaraq buraxılış ilinə görə (məsələn, ABŞ-da 2004-cü, Avropa İttifaqı ölkələrində 2005-ci, Koreyada 2006-cı ildən sonra istehsal olunmuş avtomobillər) həyata keçirilir. Lakin ölkəyə əvvəllər idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi, uzun müddət istismar olunduğundan faktiki olaraq müvafiq standarta cavab vermir. Belə avtomobillərin sayının artması ölkə ərazisində, xüsusilə Bakı şəhərində atmosfer havasının çirklənməsində əsas faktorlardan biridir. Avropa İttifaqına üzv ölkələrdə ekoloji baxımdan zərərli tullantılarının miqdarı daha çox olan dizel yanacağı ilə işləyən avtomaşınların dövriyyəsinin azaldılması və tədricən qadağan edilməsi istiqamətində işlər aparılır. Buraya dizel yanacağı ilə işləyən avtonəqliyyat vasitələrinin istehsalı və idxalının azaldılması ilə bərabər, onların günün müəyyən vaxtlarında bəzi ərazilərə girişinə məhdudiyyətlər qoyulması da daxildir. Ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması məqsədilə ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, eyni zamanda nəqliyyat vasitələrinin, xüsusilə dizel mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı istismar müddətinə görə də məhdudlaşdırıcı tədbirlərin görülməsi vacib hesab olunur.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR