İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə silsilədən yeni terakt, yoxsa gerçək hücum? – Hədəfdə Kiyevdir

2323 23.03.2024 01:49 Analitika A A

Moskvada, “Krokus Siti Holl” əyləncə və ticarət mərkəzində naməlum silahlıların, daha dəqiqi, terrorçuların tamaşaçıları gülləbaran edib öldürməsi və zalda partlayışlar törətməsi barədə xəbər gələndə bizdə, Azərbaycan mediasında gümanlar çox uzağa getmədi.

Jurnalistlər və politoloqlar dərhal belə bir mülahizə irəli sürdülər ki, bu terror hücumunu kimin, hansı qüvvənin törətməsindən asılı olmayaraq, Kreml öz hədəfinə hücum edəcək və Ukraynanı terror və diversiya törətməkdə suçlayacaq.

Hələ “Krokus Siti Holl” hollunda barrikada qurmuş terrorçuların kimliyi bilinmədən, ölənlərin dəqiq sayı və adları açıqlanmadan, yanğın ram edilmədən ilk olaraq rusiyalı politoloq Sergey Markov bildirdi ki, “Krokus Siti Holl”da baş verən terror aktını böyük ehtimalla Kiyev təşkil edib.

Bu, ilk siqnal idi, ardı bu cür də gəlməliydi. Politoloq onu da deyirdi ki, atışmanı həyata keçirənlər islamçılara bənzəyir.

Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin törədilən teraktda iştirakını təkzib edər-etməz, bu dəfə Rusiyanın
Federasiya Şurasının müdafiə komitəsi sədrinin birinci müavini Viktor Bondarev Ukraynanı bu terror aktında günahkar elan etdi.

Ardınca Kremlin digər “qırğıları” – RF TŞ-nin sədr müavini Dmitrli Medvedyev, Çeçenistanın rəhbəri Ramzan Kadırov və digərləri dilə gəldilər və hamısı eyni sözü təkrarladı: “Günahkar Kiyevdir. Ölümə ölüm olmalıdır. Terror aktının sifarişçiləri və icraçıları öldürülməlidir”.

Hadisə yerində işləyən təhqiqatçı kriminalistlərin, eləcə də xarici əks-kəşfiyyat strukturunun, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının hələ konkret bir söz deyə bilmədiyi bir vaxtda siyasətçi-təbliğatçıları hədəf göstərib, barmaq tuşlaması, əslində qaranlıq mətləblərdən xəbər verirdi.

Prinsipcə, onlar bu açıqlamaları hadisənin ertəsi günü, baş verən terror aktı ilə bağlı dəqiq bilgilərin çoxaldığı və mülahizə yürütmək üçün əsaslı məlumatların olduğu halda versəydilər, dedikləri daha sanballı görünərdi. Ancaq bu şəxslər hadisə baş verən kimi gözlərini yumub, ağızlarını açdılar və bu Kremlin sonrakı ittihamlarının anonsu oldu.

Görünür, elə buna görə ABŞ administrasiyası terror aktına görə Ukraynanın və ya ukraynalıların əli olduğuna dair heç bir sübut olmadığını bəyan etməyə məcbur oldu. Ağ Evdə dövlət müşaviri postunu tutan Con Kirbi dedi: “Mən sizi xəbərdar edərdim ki, bunu Ukrayna ilə bu qədər tələsik bağlamayın”.

Rusiya XİN-in sözçüsü isə dərhal Kirbinin ağzından vuraraq belə bir bəyanat verdi: “Ağ Ev bu mövzuda etibarlı məlumat olmadan heç kimin təqsirsizliyindən danışmamalıdır. Belə bir məlumat yoxdursa, Ağ Evin kiməsə indulgensiya verməyə haqqı yoxdur".

Doğrudan da, ortada heç bir səhih məlumat yoxdursa, hər iki tərəf Ukraynanın adını hallandırmalı deyildi. Moskvanın dediyi isə odur ki, o, Kiyevi suçlaya bilər, amma heç kəs Kiyevi müdafiə edə bilməz, çünki onların əlində terror aktına dair dürüst bilgi yoxdur. Bəs sizdə varmı? Bu sual da cavabsız qalır.

Hazırda bir də ona vurğu edilir ki, ABŞ və Böyük Britaniya səfirlikləri öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə martın 7-də xəbərdarlıq ediblər, deyiblər ki, ekstremistlər növbəti 48 saat ərzində “Moskvada konsertlər də daxil olmaqla böyük toplantılara” hücum edə bilərlər, ona görə də oralardan uzaq olun.

Bunu əsas götürən Kremlpərəst Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib ki, Qərb kəşfiyyat orqanları gözlənilən terror aktlarından xəbərdar ola bilərdilər, görünür, “müəyyən danışıqlara müdaxilə ediblər”.

Bu da dolayısı ilə Qərbi baş verən terror aktında suçlamaq, ən azı bu barədə öncədən bilgili olmaqda ittiham etmək anlamına gəlir.

Bəs bu kimin işi ola bilər? Hələlik yalnız gümanlarla danışmaq olar.

Açığı, bir çoxları bu teraktın uzun illər əvvəl Rusiyada baş verən qalmaqallı terror aktları silsiləsindən olduğunu iddia edirlər. Ehtimal edilir ki, Rusiya bu terror aktından öz sonrakı amansız və qəddar hücumlarına legitimlik donu qazandırmaq üçün istifadə edəcək. Əgər belədirsə, o zaman bu aktın Rusiyanın öz təhlükəsizlik orqanları tərəfindən təşkil edilmiş ola biləcəyini düşünənlər də az deyil.

Hər halda yaxın günlərdə dəqiq məlumatlar artacaq, yaşamaq haqqı olan versiyalar azalacaq, mənzərə xeyli aydın olacaq. Onda şeytanın quyruğu görünəcək.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR