İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolleclərdə önəmli ixtisaslar yaradılır - yeniliklər

2796 08.02.2024 12:17 Təhsil A A

Ekspert: “İlk növbədə əmək bazarının tələbləri öyrənilməlidir”

Bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) yeni ixtisas olacaq.  Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni ixtisas optometriya adlanır və bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcək: 

“Ölkədə tibbin bütün sahələri üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var. Düşünürəm ki, ali təhsil müəssisəsində də bu ixtisas olmalıdır. İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində mamalıq işi, tibbi profilaktika, tibb bacısı (qardaşı) işi, ortopedik stomatologiya, müalicə masajı, laboratoriya diaqnostikası, əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib. Əmək bazarının tələbinə uyğun, kadrlar bacarıqlar üzrə hazırlanmalıdır. Əgər turizm işi, hətta stomatoloq da orta ixtisas müəssisəsində hazırlana bilər. Akademik bilik və bacarıqların tələb olunduğu sahələr və ixtisaslar üzrə kadr hazırlığı ali təhsil müəssisələrində aparılmalıdır. Çox vaxt görürük, apteklərdə işləyirlər, amma təhsil almayıblar. Halbuki müştəriyə dərman preparatları barədə tövsiyə verirlər. Eynək təyin edirlər. Kimlərsə diş kabinetlərində ortopedik stomatologiya həyata keçirir. İnsanların səhhətinə birbaşa təsir göstərəcək peşələrdə təhsilsiz işçi olmamalıdır". 

Bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) yeni ixtisas olacaq. Son illərdə kolleclərə maraq artıb və dövlət bunun üçün bir sıra layihələr icra edir. Dünya təcrübəsində kollec təhsili mühüm yer tutur və bizdə universitetlərdə olan ixtisasların əksəri bir çox ölkələrdə kolleclərdə tədris olunur. Azərbaycanda daha hansı ixtisasları həm də kolleclərə vermək olar? Bunun üstünlükləri nədir? 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib ki, orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən tam anlaşılmır. Buna görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var. Bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır. Kollec məzunlarında bu problem daha dərindir.

Onu da qeyd edək ki, Azərbaycanda 3 xüsusi təyinatlı hərbi kollecin yaradılması barədə qərar da verilib. Bu, Prezident İlham Əliyevin gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında fərmanında öz əksini tapıb. Fərmana görə, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra - hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılır.

Elşən Qafarov: Məktəbəqədər təhsil müəssisələri 2011-ci ildən rayon icra  hakimiyyətlərinə verildikdən sonra bu şəbəkə inkişaf etmədi – Mektebgushesi

Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünya təhsil sistemindəki kolleclərlə bizim təhsil sistemində olan kolleclərin statusunda ciddi fərq var: “Dünya təhsil sistemində kolleclər bizim peşə məktəblərinin, peşə liseylərinin statusunu daşıyır. Dünya təhsil sistemində bizdə olduğu kimi, orta ixtisas ayrıca pillə deyil. Burada subbakalavr təhsili ali təhsilin birinci səviyyəsində həyata keçirilir. Orada ali təhsilin dörd səviyyəsi var. Subbakalavr, bakalavr, magistratura, doktorantura. Bizdə də 2018-ci ildən başlayaraq peşə təhsilində aparılan islahatlar öz nəticəsini verməkdədir. Hansı ki, bizdə yeni formada, yeni məzmunda peşə təlimi mərkəzləri yaradılıb. Fikrimcə, biz də dünya təhsil sisteminə inteqrasiya olunaraq kolleclərlə bağlı qərar verməməliyik. Bunlar universitetlərə birləşdirilməlidir. Hesab edirəm ki, ayrıca struktur olmalı deyil. Tibb sahəsində olan kollecləri saxlamaq olar. Bu gün tibb kolleclərinin sayı da azdır və tibb kollecləri üzrə orta ixtisaslı mütəxəssislərə çox geniş ehtiyac var. Xüsusilə də əczaçılıq sahəsində mütəxəssislərə çox ehtiyac var. Apteklərdə işləmək üçün orta ixtisaslı əczaçıların işləməsinə icazə verilir. Bu sahədə boşluğu ayrı-ayrı kurslar doldurur. Halbuki kursun verdiyi təhsil formal təhsil deyil. Əslində kursu bitirənlər tibb sahəsində işləyə bilməzlər. Ümumilikdə yeni ixtisasların əlavə edilməsi və yalnız tibb kolleclərində tələbə saylarının artırılması əmək bazarında olan boşluğu aradan qaldırmağa xidmət edir”.

Ekspert əlavə edib ki, ilk növbədə əmək bazarının tələbləri öyrənilməlidir: “Bu gün ən çox tələb olunan kompüter ustalığıdır, düzdür, peşə məktəblərində bu həyata keçirilir. Amma pedaqoji sahəyə aid bütün ixtisasların qəbulunu orta ixtisas müəssisələrində dayandırmaq lazımdır. Bu sahəyə aid kollecləri ali məktəblərdə subbakalavr səviyyəsinə qaldırmaq lazımdır. Pedaqoji sahədə bizdə kifayət qədər ali təhsil müəssisələri var. Onlar pedaqoji sahədə kadr hazırlığını həyata keçirirlər. İndi yalnız tibb sahəsində kadr çatışmazlığı var ki, bu sahədə olan kollecləri saxlamaq olar və tələbə yerinin sayını da artırmaq olar”. 

Adil Qeybulla: İnsanlar doğrudan da pandemiyadan beziblər - VİDEO | No  Comment

Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, həkimlərə müraciətəqədərki təcili tibbi yardım, xilasedicilər adi kurslarda qısamüddətli təhsil almaqla müəyyən təcrübə qazanır və vərdişlərə yiyələnirlər. Həkiməqədərki yardım, xilasedici peşəsi konkret vərdişlər sayəsində əldə olunan bacarıqlardır. Bu cür ixtisaslara yiyələnmək üçün ali məktəbdə təhsil almağa ehtiyac yoxdur. Bəlli bir savada, biliyə, bacarığa sahib insan qısamüddətli təhsil almaqla, təlim keçməklə bəzi peşələrə yiyələnə bilər. Məsələn, əczaçı peşəsinə yiyələnmək üçün vacib deyil ki, mütləq ali təhsil alasan. Orta ixtisas təhsili müəssisələri də bu ixtisası tədris edə bilər və edirlər də. Elə peşələr var ki, orada ali təhsilə deyil, bacarıq və vərdişlərə yiyələnmək əsasdır. Yetər ki, bunları tədris edəcək mütəxəssis, təcrübə üçün hərtərəfli imkanlar olsun. Optometriya da ali təhsil tələb etməyən ixtisasdır. Onun orta ixtisas təhsili müəssisəsində tədrisi, məncə, müsbət haldır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR