İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədrindən 2026-cı illə bağlı nikbin açıqlamalar

788 02.12.2025 19:14 Siyasət A A

“Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com bildirir ki, qanun layihələri barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Bildirib ki, DSMF-nin və İSF-nin 2026-cı il üçün büdcəsi haqqında Qanun layihələrinin 1- ci oxunuşu zamanı konseptual baxımdan ətraflı təqdim edildiyini, müzakirə olunaraq qəbul olunduğunu nəzərə alaraq, bu təqdimatda ikinci oxunuşun tələblərinə uyğun olaraq maddələr üzrə mühüm müddəaları diqqətə çatdırmaq istəyir: “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 705,7 milyon manat (9,3%) çoxdur. DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri 8 milyard 483 milyon manat proqnozlaşdırılır. Gələn ilin xərcləri cari ilin büdcəsinə nisbətən 807 milyon manat və ya 10,5% çoxdur”.

Komitə sədri bildirib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək: “Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat təşkil edəcəyi gözlənilir, 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır.

Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır.

Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,% və 50,4% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək”.

M.Quliyev 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərclərinin 266,4 milyon manat həcmində proqnozlaşdırıldığını söyləyib: “Bu da 2025-ci ilin göstəricilərinə nisbətən 5,7 milyon manat çoxdur.

Gələn il İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək.

Bunların içərisində 3 mühüm istiqaməti vurğulamaq istərdim.

2026-cı ildə işsizliyə görə sığorta ödənişlərinin həcmi 28,0 milyon manat, həcmində proqnozlaşdırılır. Bu cari ildəkindən 11,0 milyon manat, yaxud 65% çoxdur.
İSF-nin xərclərinin 77 milyon manatı, yaxud 28,9%-i özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. 2026-cı ildə İSF hesabına 8 min nəfərin (Dünya Bankı ilə nəzərdə tutulan müqaviləyə görə isə əlavə olaraq, 7 min nəfər) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2026-cı il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 110 min nəfərdən çox olacaq. İSF-nin 2026-cı il büdcə xərclərindən 26 milyon manat, yaxud 9,8%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. Bu vəsait 17500 nəfər işsiz və iş axtaran şəxsin peşə hazırlığına cəlb olunmasına imkan verəcək.

Komitə sədri qeyd edib ki, 1-ci oxunuş zamanı qanun layihələrinin müzakirəsində 15 nəfər millət vəkili çıxış edib: “Çıxış edənlərin hamısı qanun layihələrini dəstəklədiklərini bildiriblər.

Bununla yanaşı, çıxışlarda birbaşa qanun predmetinə aid olmayan, lakin sosial müdafiə və sosial təminatla bağlı maraqlı fikirlər səslənmiş, təkliflər verilib.
Bu təkliflər əsasən, pensiya təminatının yaxşılaşdırılması, pensiya fondunun vəsaitinin artırılması, fondun investisiya fəaliyyəti, özəl pensiya fondlarının yaradılması, pensiya yaşı, əlillik təyinatı, məşğulluğun artırılması, qeyri- rəsmi işləyənlərin əmək müqaviləsinə və sosial sığortaya cəlb edilməsi, əmək münasibətlərinin şəffaflığı və s. barədə olub.

Hörmətli xanım sədr!

Sizin tapşırığınıza uyğun olaraq plenar iclasda 1-ci oxunuş zamanı çıxış edən bütün deputat həmkarlarımız qanun layihələrinin 2- ci oxunuşda müzakirəsi ilə bağlı Komitə iclasına dəvət edilmiş və onların iştirakı ilə qaldırdıqları bütün suallar müzakirə edilərək Əmək və sosial müdafiə naziri Anar Əliyev və tərəfimizdən cavablandırılıb.
Komitə iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri, Maliyyə nazirinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, DSMF və İSF nun sədrləri, Hesablama Palatasının auditoru, İqtisadiyyat Nazirliyinin, Vergi Xidmətinin, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin səlahiyyətli şəxsləri iştirak etmiş, aidiyyatı üzrə sualları cavablandırmişlar.

Komitə iclasında hər iki Qanun layihəsinə müsbət rəy bildirilmiş və layihələri 2-ci oxunuşda Milli Məclisin plenar iclasına müzakirə üçün tövsiyyə edib.
Təqdimatı nəzərə almağınızı və Qanun Layihələrini dəstəkləməyinizi xahiş edirəm”.
Səsvermə ilə layihələr ikinci oxunuşda təsdiqlənib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR