İnsanlara hürriyət, millətlərə istiqlal!

“Körpülərin yandırılmaması” - NATO-nun Azərbaycan siyasəti, Bakının NATO siyasəti

1370 18.03.2024 14:06 Analitika A A

Məlum olduğu kimi, dünən NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana səfər edib, dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdən sonra brifinq keçirilib və bu zaman Azərbaycanın NATO ilə apardığı dialoqun uğurla davam etdiyi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq uzun tarixi olduğu qeyd olunub.

Gerçəkdən də, SSRİ dağıldıqdan, keçmiş SSRİ respublikaları milli mənzillərə dağıldıqdan sonra xarici siyasətdə ilk müstəqil addımlarını atdıqları vaxt Azərbaycanla Şimali Atlantika Bloku arasında təmaslar başqa müttəfiq respublikalardan fərqli olaraq daha isti idi. O zamanlar Baltikyanı ölkələri çıxmaq şərti ilə digər keçmiş SSRİ respublikaları NATO ilə ciddi ara məsafəsi saxlayırdılar, Azərbaycan isə NATO ilə tərəfdaşlıq münasibətindəydi və bu blokla əlaqələri taraz saxlamağı öz dövlət suverenliyinin qorunması üçün əhəmiyyətli sayırdı.

Bu uzun illərdə, Prezidentin də dediyi kimi, ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olub, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib, hərbçilərimiz NATO üzvü olan ölkələrin əsgərləri ilə çiyin-çiyinə ən riskli bölgələrdə xidmət keçib.

İlham Əliyev: "NATO ilə tərəfdaşlığımızın uzun tarixi var" - GlobalInfo.az

İlham Əliyev bu barədə danışarkən belə bir maraqlı detalı da diqqətə yetirib: “2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar”.

Söz yox, bu tərəfdaşlıq ordumuzun NATO standartlarına keçidi üçün yaxşı zəmin idi. Çünki sovet dövründən qalma, “dedovşina” rejiminin hökm sürdüyü, türmə, eləcə də cəngəllik qanunlarını (güclülər zəifləri əzə bilər) xatırladan qaydalarla idarə olunan ordu ilə uzağa getmək olmazdı.

Ancaq belə bir fakt da vardı ki, son illərə qədər ordumuzda sovet-rus hərb məktəbinin müdavimləri rəhbər mövqedəydilər və onlar ordunun qəti addımlarla NATO standartlarına keçidinə mane olur, sabotaj edirdilər. Bu mərəzi cərrahi yolla müdaxilə etmək mümkünsüz idi, ölkə ordusuz qalardı. Ona görə bu problemlər zamanla həl olundu, Türkiyədə yeni düşüncəli zabit kadrlarının hazırlığına start verildi, nəhayət, Azərbaycan ordusu rəhbər kadrlar baxımından NATO-ya yaxınlaşdı.

Ancaq bu, NATO ilə siyasi yaxınlaşma deyildi. Çünki NATO ilə siyasi yaxınlaşma təhlükəli idi. Karbohidrogen ehtiyatlarının qiymətinin kəlləçarxa qalxması ilə qısa müddətdə trilyonlar qazanan, iqtisadiyyatını düzəldən, neoimperiya ambisiyaları yenidən güclənən Rusiya əski hərbi və siyasi qüdrətlini bərpa etməyə çalışarkən, yaxınında yerləşən dövlətlərə münasibətdə “kim mənimlədir, kim düşmənimin tərəfindədir” siyasəti yeritməyə başlamışdı. Bu zaman NATO üzvü olmaya-olmaya, NATO tərəfindən müdafiə olunacağının təminatını almadan özünü NATO-nun səfində göstərmək, Rusiyaya qarşı durmaq ağılsızlıq olardı, salamatı neytral olmaq idi.

Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək  görüşü olub - YENİLƏNİB - FOTOLAR | "Nuhçıxan" İnformasiya Agentliyi

Azərbaycan məhz o yolu tutdu, nə NATO -ya üzvlük üçün müraciət etdi, nə də “rus NATO-su” adlandrılan KTMT-nin üzvlüklə bağlı müraciətlərini müsbət cavablandırdı. Hər iki blokdan kənarda qalan Azərbaycan öz hərbi qüdrətini gücləndirməyə qərar verdi. Bunun nə dərəcədə uğurlu olduğu 2020-ci ildən ta günümüzə qədər təkrar-təkrar təsdiq edilməkdədir.

Dünənki brifinqdə Prezident İlham Əliyev ordimizda aparılan islahatların yaxşı nəticələr verdiyini qeyd edərək deyib: “Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”.

Prezident bildirib ki, uzun illər davam edən müzakirələr zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq: “Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

İndinin özündə də biz nə qədər öz ordumuzu NATO standartları ilə inkişaf etdirsək də, bu hərbi blokla siyasi yaxınllğın, vahid stukturda inteqrasiyasının təhlükəli olduğunu anlayırıq. Rusiyanın NATO üzvü olmaq istəyən Ukrayna və Ermənistana münasibəti göz önündədir.

Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək  görüşü olub

Biz dövlət olaraq anlayırıq ki, iki nəhəng hərb maşınının toqquşması zamanı arada qalacaq bufer olmaqdansa, neytral olmaq daha yaxşıdır. Hazırda NATO Rusiyanın əhatəsində olan dövlətləri ona qarşı qoymaq üçün çabalayır, eyni zamanda Rusiya da öz əhatəsində olan dövlətlərin NATO ilə yaxınlaşmasını həzm etmir.

Prezidentin Yens Stoltenberqlə görüşdən sonra mətbuata verdiyi açıqlamalarda daha çox Ermənistanla sülh danışıqlarına, ATƏT-in Minsk qrupunun fəaliyyətinin 28 il boyunca nəticəsiz qalmasına, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşları olmasına vurğu etməsi də göstərir ki, heç bir görüş, zəng ölkəmizi nəhəng hərbi bloklarla ünsiyyətdə tutduğu neytral mövqeyini dəyişdirməsinə sövq etməyəcək.

Azərbaycan-NATO əməkdaşlıq komissiyası niyə genişləndirildi »  BAKİ-XEBER.COM - BAKI XƏBƏR İCTİMAİ-SİYASİ QƏZET

Azərbaycan – NATO münasibətlərinin inkişaf tarixi isə aşaıdakı kimidir:

- Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında başlayıb. O zaman Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilib.

- NATO ilə iAzərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Prezident Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb;

- 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun baş katibi Xavyer Solanaya təqdim edib;

- Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub;

-1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb;

-1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib;

- 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb;

- Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər;

- Azərbaycan və NATO “Terrorçuluğa qarşı tərəfdaşlıq əməliyyat planı”nda iştirak edirlər.

- NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir.

- 2002-ci ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib;

- Xüsusiləşdirilmiş Azərbaycan taqımı müttəfiq və tərəfdaş ölkələrlə birgə Rusiyada keçirilən mülki müdafiə qüvvələrinin fövqəladə xilasetmə təlim məşğələlərində iştirak edib;

- 2003-cü ildə Azərbaycan “Virtual İpək Yolu”na qoşilub;

- 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-ya Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) təqdim edib;

- 2005-ci ildə Azərbaycan NATO ilə ilk FTƏP proqramına başlayıb;

- 2006-cı ildə Bakıda Avro-atlantik Mərkəzinin (NATO-nun məlumat mərkəzinin) rəsmi təntənəli açılışı olub;

- 1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib.

- 20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunub.

Göründüyü kimi, müstəqillik dövründə Azərbaycan və NATO-nun münasibətləri kifayət qədər isti olub və sağlam əməkdaşlıq səciyyəsi daşıyıb. Bu zaman Azərbaycan öz suveren hüquqlarından vaz keçməyib, özünü bu hərbi blokun direktivlərini yerinə yetirmək məcburiyyətində hiss etməyib. Beynəlxalq siyasətdə ən doğru olanda məhz budur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR