İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Yeliseyin gedişini təkrarlayır – Qeyri-rəsmi sammitə dair təəssürat

2751 27.12.2023 13:23 Analitika A A

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Sankt-Peterburqdan yayılan şəkillərinə lazım olduğundan bir qədər artıq məna veririk. Azərbaycan liderinin yeriş-duruşunun şax, baxışının gülümsər olması fonunda Ermənistanın rəhbərinin əzik görünüşü ictimai diqqətə və ironik söhbətlərə səbəb olub.

Bu, aldadıcı görüntü olmasa da, buna elə bir ciddi önəm verməyə də ehtiyac yoxdur. Erməni fotoqraflar da rakursu başqa cür götürüb, özləri üçün daha uğurlu məqam tuta və fotoaparatın düyməsini sıxa bilərlər.

Ancaq açıq-aşkar hiss olunur ki, Paşinyan özünü Rusiyada, Putinin audensiyasında çox da rahat hiss etmir. Hətta onun Əliyevlə görüşərkən özünü daha rahat hiss etdiyi sezilir. Bu, ona görə belədir ki, Ermənistan və Azərbaycanın arasındakı münasibətlər aşağı-yuxarı ayırd edilib, kimin haqqı nədir, bundan sonrakı umacağı nədən ibarətdir, bilinir. Ermənistanla Rusiyanın münasibətləri isə məchulluğa doğru irəliləyir.

sn-3.JPG (25 KB)

Hazırda belə bir versiya irəli sürülür ki, o qədər gərginlikdən və söz atışmasından sonra Paşinyanın Rusiyaya səfər etməsinə, MDB-nin qeyri-rəsmi sammitinə qatılmasına nail olması RF prezidenti Putinin uğurudur və buradan çıxış edərək hesab etmək olar ki, Moskva Ermənistanı ram edəcək, yenidən qanadının altına alacaq.

Bu, indilikdə Kremlin niyyətidir. Paşinyanın Rusiyaya getməsi, yəni ondan tam qopmamağa qərar verməsi isə İrəvanın manevridir. Baş nazirin komandasındakı ən qatı rusofob ermənilər də anlayırlar ki, hazırkı situasiyada Rusiyasız batarlar. ABŞ və Fransa uzaqdadır, üstəlik, bu dövlətlərə Ermənistanın iqtisadi-ticari əlaqələri Rusiya ilə müqayisədə olduqca zəifdir. Demək, Ermənistan üçün xilasedici kəmər hələ də Rusiyanın əlindədir.

sn-5.JPG (59 KB)

Ona görə də Paşinyan Putinin ayağına getməklə neoimperiya ambisiyalarını gerçəkləşdirmək üçün hibrid vasitələrdən yararlanan Kremlə ümid verir, onu bir qədər yumşaltmağa, neytrallaşdırmağa çalışır. Ermənistanın hazırkı iqtidar komandasının kursu tam olaraq Qərbə doğrudur və erməni xalqı da əsasən o cür fikirləşir. Onlar özləri üçün “rusun etibarını sınadıq” qənaətinə gəliblər və “milli xoşbəxtliy”ə nail olmağın yolunu Rusiyadan üz döndərib Qərbə sığınmaqda görürlər.

Kreml hər vəchlə çalışır ki, postsovet məkanındakı mövqelərini qoruyub saxlasın, heç bir dövləti özündən kənara buraxmasın. MDB çərçivəsində vaxtaşırı keçirilən sammitlər, digər görüşlər, heç nə olmayanda belə, nəsə bir idman yarışı təşkil etmək kimi tədbirlər bundan ötrüdür. Kreml bununla keçmiş SSRİ respublikalarına, hazırkı müstəqil dövlətlərə vaxtaşırı siqnal verir ki, baş paytaxtın hara olduğunu unutmasınlar.

sn-4.jpg (312 KB)

32 ildən bəri öz bayrağı, himni, gerbi, sərhədi, bir sözlə, öz əli, öz başı olan gənc dövlətlərin əhbərləri isə böyük ölçüdə formal xarakter daşıyan bu “birgəliyi”, “dostluğu” pozmadan, Moskvanın izzət-nəfsini zədələmədən, o cür dəvətləri qəbul edir, tədbirlərə qatılır, sonra hərəsi öz ölkəsinə qayıdır və müstəqil siyasətlərini yeritməkdə davam edirlər. Bu zaman bəzən onlar Kremlin, şəxsən Putinin xoşuna gəlməyən addımlar atır, qərarlar verir, başqa birliklərə, təmayüllərə qoşulurlar, amma Rusiya dövlətinin onlara ciddi şəkildə təsir etmək üçün rıçaqları xeyli azdır – bu ölkədən olan əmək miqrantlarına təzyiqlərlə, bu ölkələrdən idxal edilən kənd təsərrüfatı məhsullarına qadağa qoymaqla, telefon zəngləri ilə müşayiət olunur. Yaranan gərginliklər isə qısa müddətdən sonra aradan qalxır.

Bununla belə, RF-nin Orta Asiya və Qafqaz ölkələrindən, eləcə də Moldova və Ukraynadan əl çəkmək, özünə yığışmaq niyyəti yoxdur. Bu, heç üfüqdə də görünmür. Ukrayna ilə bağlı durum ortadadır. Gürcüstanla münasibətlər 15 ildir turş-qələvi mühitdədir. Ermənistan yeni-yeni üzünü başqa səmtə tutub və Moskvadan boz üz görür. Qazaxıstan tədricən başqa ölkə olduğunu, tam müstəqil siyasət yeritmək istədiyinə dair eyhamlar edir. Türkmənistan çoxdan neytraldır, öz dünyası var. Özbəkistan özünü sözəbaxan ölkə kimi aparsa da, öz xəttini tutub gedir. Qırğızıstan və Tacikistan isə hələ Rusiyadan yararlanmağın faydalı olacağını düşünür. Belarus isə özünü Rusiyaya birləşmiş diyar kimi aparır.

sn-2.JPG (21 KB)

Öz dövlətimizin Rusiyaya münasibətdə yeritdiyi ağıllı siyasətin bəhrələri ortadadır. Azərbaycanın MDB məkanında müstəqillik xüsusunda daha ötkəm olmaqla yanaşı, Rusiya ilə münasibətləri korlamamaq, eyni zamanda ondan faydalanmaq xətti uğurlu nəticələr verib. Başqa cür olsaydı, bu qədər tarixi nailiyyət qazana bilməzdik.

Beləliklə, Rusiya öz müstəmləkələrindən əl götürməmək siyasəti yeritməkdə Fransanın gedişlərini təkrar etməkdədir. Fransa da 60 ildən çoxdur ki, itirdiyi müstəmləkələrin, müstəqil dövlətlərin rəhbərlərini vaxtaşırı hansısa sammitə (məsələn, Frankofoniya) toplayır, onları fransız dilinin tədrisini davam etdirməyə sövq edir, həmin ölkələrdə özünə loyal iqtidarlar formalaşdırmağa çalışır və s. Ancaq son illərdə bir sıra Afrika ölkələrində baş verən hadisələr göstərdi ki, o siyasətin axırı yoxdur, daha dəqiqi, sonu puçdur.

Bunu Moskva da gec-tez anlayacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR