İnsanlara hürriyət, millətlərə istiqlal!

Krokus əfsanəsi - Sevgi çiçəyi adını daşıyan məkanda faciəvi sevgi

3582 25.03.2024 10:15 Yazarlar A A

 

“Krokus” çiçək adıdır. Biz o çiçəyə şafran deyirik, Anadolu türkləri - “çiğdəm”, yunanlar – “krokus”. Bu çiçək hətta qar altından baş qaldırdığı üçün ümid və yenidən doğulmağı simvollaşdırır.

“Krokus Qrup”un sahibi Araz Ağalarov öz şirkətinə və Moskva ətrafında tikdirdiyi şəhərciyə “Krokus Siti” adı verərkən ağlına da gəlməzdi ki, bir gün bu şəhərciyi, onun ən böyük konsert zalını yenidən tikməli olacaq.

Şəkilləri, videoları yayılır, görürsən ki, 3-4 gün öncəyə qədər 9 min nəfərlik (az qala qapalı stadion deməkdir bu) zalı ilə nəinki Rusiyanın, eləcə də postsovet və Avropa məkanının ən elitar konsert salonlarından biri olan bu tikili sözün əsl mənasında xaraba qalıb. Elə bil, bombardmançı təyyarədən konsert salonuna atom bombası atıblar.

Əslində isə məsum insanların ya nüvə bombardmanında, ya da geyinib-kecinib konsertə gələrək istirahət edərkən gözü dönmüş terrorçuların təşkil etddiyi gülləboranda ölməsinin elə bir fərqi yoxdur. Hər iki halda həyatlar qırılır, arzular yarımçıq qalır, doğmalar faciə, ağrı-acı yaşayır.

Terror belə bir şeydir, o müharibədən, təbii fəlakətlərdən daha pisdir. Zəlzələdən qaçmaq, sunamidən yaxa qurtarmaq, tornadodan sovuşmaq olur, onların heç olmasa, bir-iki saniyəlik amanı var. Terrorun amanı yoxdur. O, bir saniyənin içində onlarla, yüzlərlə insanı məhv edə bilir və onlar nə baş verdiyini anlamadan həyatlarını itirirlər. Sağ qurtulanlar, hadisə şahidləri ömürlük travma alır.

Ona görə də heç bir normal insan dünyanın harasında olursa, olsun, terror aktlarına haqq qazandırmamalıdır. Terrora haqq qazandırmaq, hətta ona biganə münasibət bəsləmək anti-bəşəri hərəkətdir. Çünki heç bəlli olmaz, terrorçuların cinayətini nəzərdə tutaraq “əcəb eləyiblər” deyən biri nə vaxtsa əlisilahlı terrorçu ilə burun-buruna gələ bilər. O zaman o, heç də “yaxşı eləyirsən, hamımızı qır” deməyəcək.

“Krokus Siti”də baş verən terror aktının nəticələri o qədər ağırdır ki, Rusiya kimi 146 milyon əhalisi olan ölkənin sakinlərini tam sarsıdıb.

Belə görünür ki, hər ölkə, hər xalq növbə ilə belə bir çoxtəlafatlı qırğının sarsıntısını yaşayır.

Biz millət olaraq elə bir sarsıntını 34 il öncə 20 Yanvar faciəsi zamanı yaşamışıq. Bax, o zaman da Bakı əhalisi təxminən “Krokus”dakı qədər itki vermişdi. Xalqımız matəmə batmışdı. Biz Bakıya hücumu əslində terror aktı sayırdıq, çünki məsum insanlar gülləboran edilmişdi. Sovet-rus əsgərləri qaçana, gizlənməyə çalışana aman verməmişdilər.

34 il öncə bizimkilər də xəstəxana-xəstəxana, morq-morq gəzib yaralılarını, ölənlərini axtarırdılar. Güllələmə aktlarının şiddətli olduğu yerə camaat qərənfil düzürdü. İndi eyni hərəkətlər “Krokus” terroru ilə bağlı edilir.

Deyək ki, Azərbaycana qarşı qanlı terror aktı həyata keçirən Kreml lənətullahlarının məramı, məqsədi aydın idi, haqqını tələb edən xalqı cəzalandırmaq istəyirdilər, bəs 15 dəqiqənin içində 200 yaxın günahsız insanı güllələyib oldürən, yaralayan terrorçuların məqsədi nədir?

Bu insanların ölümü onların nəyinə lazımdır, bu qətliam hansı işlərinə yaraya bilər? Tutaq ki, onlar 200 yox, lap 2 min, hətta 20 min adamı öldürsələr, dünyanın ən azman imperiyası çökəcəkdimi, Putin istefa verəcəkdimi, dərhal hansısa xilafət yaratmaq mümkün olacaqdımı?

Ümumiyyətlə, indiyə qədər hansı qüvvələr, təşkilatlar, dövlətlər terror aktları ilə hansı məqsədlərinə çatıblar? Həmişə daha pis olub: terrorçu qruplar darmadağın edilib, terrorçu dövlətlər dağıdılıb, terror aktları törədilməsi barədə əmr verənlər öldürülüb. Dövlətlər sarsılmayıb, hakimiyyətlər daha da güclənib, əmin-amanlıq bərpa olunub, hər şey qaldığı yerdən davam etməyə başlayıb. Amma ara yerdə nə olubsa, heç bir günahı olmayan insanlara olub.

***

Krokus çiçəyi ilə bağlı bir yunan əfsanəsi var, sevgi haqqındadır, amma faciəvidir. Əsanəyə görə, Krokus adlı gənc oğlan gözəl pəri Smilaksa aşiq olur və diqqətini ona verir. Pəri məmnun olur, amma vaxt keçdikcə Krokusun diqqəti azalır, pərinin canı sıxılır. Smilaksın səbri tükəndikdə, tanrılara müraciət edir və onlar gənc oğlanı bənövşəyi ləçəkləri və sarı erkəkcikləri olan gözəl bir çiçəyə çevirirlər və o çiçək Krokus adlanır.

Faciəvi sevginin simvolu olan Krokus çiçəyinin adını daşıyan konsert zalında biri azərbaycanlı, digər erməni olan ər-arvadın ölməsi bir baxımdan simvolikdir. Onlardan birinin adının (Vüqar) mənası əyilməzlik idi, o birinin adı (Lilit) isə çiçək adıydı.

Böyük ehtimalla onlar bir-birini sevib evləniblər – mənsub olduqları xalqların bir-birinə düşmən olmasına, müharibə etməsinə baxmayıblar. Birlikdə xoşbəxt idilər, amma birlikdə bədbəxt oldular. İndi bir balaları qalıb. Faciəvi sevginin son bəhəri...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR