İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun Paşinyanla dəhşətli anlaşması: Erməni baş nazir Fransaya qaçırılacaq

2490 26.02.2024 19:05 Analitika A A

Prezident Emmanuel Makron Ermənistanın deyil, məhz baş nazir Nikol Paşinyanın, onun ailəsinin və yaxın ətrafının təhlükəsizliyinə təminat verib... Ona görə də, gələcəkdə mütləq siyasi düşmənlərinin intiqamı ilə üzləşəcəyini anlayan erməni baş nazir Fransanın Ermənistanı fəlakətə sürükləyən planının icrası ilə özünü xilas şansı qazanmağa razılaşıb...

Cənubi Qafqaz ətrafında qurulan geopolitik oyunların əsas hədəfləri tədricən aydınlaşmağa doğru irəliləyir. Qərb siyasi dairələri bu regionda status-kvonu dəyişmək məqsədilə avantürist planları işə salıblar. Çünki mövcud status-kvo ABŞ və Qərbin, xüsusilə Fransanın maraqlarına qətiyyən cavab vermir. Və bu səbəbdən də, Qərbdə Cənubi Qafqazla bağlı radikal addımların atılması barədə qərarlar qəbul edilib.

Bəzi Qərb siyasi iradə mərkəzləri hesab edirlər ki, Cənubi Qafqazın nəzarət altına alınması üçün ilk dəfə bu qədər münbit şərait yaranıb. Ona görə də, Rusiyanın bu regiondan sıxışdırılıb, çıxarılması baxımından yaranmış bu şansdan maksimum səviyyədə yararlanmaq niyyəti açıq-aşkar nəzərə çarpır. Üstəlik, Rusiyanın öz geopolitik mövqelərini qorumaq üçün ata biləcəyi cavab addımlarının real hədəfləri Qərbdə o qədər də ciddiyə alınmır. Və ən təhlükəli məqamlardan biri də məhz budur.

Məsələ ondadır ki, ABŞ və Qərbin Cənubi Qafqaz planlarında Ermənistana yeganə “geopolitik istifadə materialı” rolu ayrılıb. Yəni, əsas hədəf Rusiya olsa da, cəmisi bir dəfə istifadə ediləcək “silah” məhz Ermənistan hesab edilir. Ağ Evin son açıqlamasında Rusiyanın Cənubi Qafqazda Ermənistanın maraqlarına əhəmiyyət vermədiyi vurğulanır. Halbuki, ABŞ rəsmi dairələri Kremli Ermənistanla bağlı ittiham edərkən, hansı səbəbləri əsas götürdüklərini izah etməyə ehtiyac duymurlar. Və bu, daha çox erməni toplumuna Ermənistanın təhlükəsizliyi üçün ən uyğun qarantorun Rusiya deyil, məhz ABŞ olması barədə mesajın verilməsi cəhdi təsiri bağışlayır.

rus-ktmt-111.JPG (64 KB)

Digər tərəfdən, Fransa da Ermənistanın əsas təhlükəsizlik qarantoru roluna iddialıdır. Yəni, rəsmi Paris də regionda Rusiyanı məhz Fransanın əvəzləməsinə can atır. Üstəlik, sadəcə, “növbətçi bəyanatlar” verən ABŞ-dan fərqli olaraq, Fransa Ermənistanın silahlandırılması öhdəliyini də öz üzərinə götürüb. Rəsmi Paris açıq-aşkar Paşinyan hakimiyyətini təlimatlandıraraq, Ermənistanı Azərbaycanla savaşa və Rusiya ilə qarşıdurmaya sövq edir. Və baş nazir Nikol Paşinyanın məhz Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra radikallaşması da bəzi səhnəarxası sövdələşmələrdən xəbər verir.

Hər halda, baş nazir Nikol Paşinyan məhz prezident Emmanuel Makronla görüşdən dərhal sonra Kremli Ermənistanda dövlət çevrilişi cəhdində ittiham etdi. Ukrayna savaşında Ermənistanın Rusiya ilə müttəfiq olmadığını vurğuladı. Ardıncasa, Ermənistanın Rusiyanın patronajlığı altında olan KTMT-da iştirakını “dondurduğunu” qabartdı. Və bu üç bəyanatın hər birisi Rusiyanın qarşısında meydan oxumaq cəhdi kimi olduqca radikal məzmun daşıyır.

Kremldə Ermənistanın bu açıqlamalarından çaşqınlıq keçirtdiklərini qətiyyən gizlətmirlər. Hər halda, bütün strateji sahələr və faktorlar üzrə tamamilə Rusiyadan asılı vəziyyətdə olan Ermənistanın baş nazirinin “cəsarəti” Kreml üçün açıq-aşkar gözlənilməz xarakter daşıyır. Rusiya siyasi dairələri erməni baş nazirin bəyanatlarını və atmağı düşündüyü növbəti addımların mümkün hədəflərini araşdırdıqlarını vurğulayırlar. Və bu baxımdan, Rusiyanın yaxın vaxtlarda sərt reaksiya ilə cavab verə biləcəyi qətiyyən istisna deyil.

modern.az_Rusiya_Ermenistan_606.jpg (29 KB)

Bütün bunlar onu göstərir ki, baş nazir Nikol Paşinyan Parisdə Ermənistanı “geopolitik intihara” sürükləyən radikal mövqedən çıxış edib. Böyük ehtimalla Ermənistan mütləq bunun neqativ nəticələri ilə üzləşməli olacaq. Ona görə də, hazırda erməni baş nazirin niyə belə böyük riskə cəsarət etdiyi barədə suallar müzakirə mövzusudur. Və baş nazir Nikol Paşinyanın Ermənistan üçün hərbi-siyasi fəlakət vəd edən davranışlarının arxasında gizlənən səbəblər artıq tədricən ortaya çıxmağa başlayıb.

Ermənistan mətbuatına baş nazir Nikol Paşinyanın yaxın ətrafından sızan məlumatlara görə, Fransada bəzi yarımməxfi anlaşmalar əldə olunub. Həmin anlaşmalara görə, erməni baş nazir Fransanın radikal və avantürist məzmun daşıyan Cənubi Qafqaz planını icra etmək öhdəliyi götürüb. Rəsmi Parisin planına əsasən, Ermənistan Azərbaycanı hərbi təxribata çəkərək, bir neçə günlük savaşa nail olmağa çalışacaq. Əgər, Paşinyan hakimiyyəti buna nail olarsa, Fransa rəsmi İrəvanın müraciəti ilə Ermənistanda hərbi kontingent yerləşdirmək üçün bəhanə qazanacaq.

Təbii ki, bu, yalnız Azərbaycan-Türkiyə İttifaqının deyil, həm də Rusiyanın sərt reaksiyasına səbəb olacaq. Çünki Fransa hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi ilk növbədə Rusiyanın bu ölkədəki mövqelərinə şərik çıxmaq anlamı daşıyır. Daha sonrasa, bu, Rusiya hərbi bazalarının ümumiyyətlə, Ermənistandan çıxarılması üçün də münbit şərait yarada bilər. Və bu səbəbdən də, Kremlin Paşinyan hakimiyyətinin davranışlarına radikal addımlarla cavab vermək məcburiyyətində qalacağı qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Fransa rəsmi dairələrinin bütün bu planla bağlı ehtiyat variantlar hazırladığı da bildirilir. Erməni mənbələrinin iddialarına görə, Azərbaycanla qısamüddətli savaş rəsmi Parisə həm Ermənistana qoşun yeritmək, həm də Rusiya əleyhinə propoqanda üçün vacibdir. Rəsmi Paris bu prosesdə Ermənistanın dağıdıcı zərbələr ala biləcəyini də qətiyyən istisna etmir. Ancaq Fransa Ermənsitanın təhlükəsizliyinə də hər hansı təminat verməyib.

pasha-sholts-makaka-.jpg (194 KB)

Məsələ ondadır ki, rəsmi Paris Ermənistanın təhlükəsizliyinə təminat vermək üçün Fransanın imkanlarının məhdud olduğunu etiraf edib. Fransa qısamüddətli savaşda Ermənistanın Azərbaycana növbəti dəfə məğlub olacağını da diqqətə alır. Eyni zamanda, Kremlin də Rusiyaya xəyanət etmiş Paşinyan hakimiyyətini devirmək üçün yeni savaşdan Ermənistan cəmiyyətinə stimulverici impulslar göndərmək istiqamətində istifadə edəcəyi şübhə doğurmur. Yəni, ümumi anlamda Fransanın Cənubi Qafqaz planı reallaşarsa, Ermənistanın “ikinci Suriya”ya çevrilməsi qaçılmaz olacaq.

Ancaq Fransanı Ermənistanın gələcək taleyi qətyiyyən maraqlandırmır. Rəsmi Paris Ermənistanı “geopolitik intihara” məcbur etməklə, bu ölkədə hərbi kontingent yerləşdirmək üçün bəhanə qazanmağı hədəfləyir. Ən əsasısa, prezident Emmanuel Makronun Ermənistanı Fransanın Cənubi Qafqaz planlarına qurban vermək təlimatının baş nazir Nikol Paşinyan tərəfindən qəbul edildiyi iddia olunur. Həmin iddiaya görə, onsuz da hakimiyyəti itirdikdən sonra gələcək taleyinin böyük risk altında qalacağını anlayan baş nazir Nikol Paşinyan Qərb qarşısında son xidmətini göstərməklə, şəxsən özünü xilas etmək qərarı verib.

Məsələ ondadır ki, prezident E.Makron Ermənistanın deyil, məhz baş nazir Nikol Paşinyanın və onun ailəsinin, yaxın ətrafının təhlükəsizliyinə təminat verib. Yəni, ən çıxılmaz vəziyyətdə rəsmi Paris baş nazir Nikol Paşinyanı, onun ailəsini və yaxın ətrafına daxil olan bəzi şəxsləri Fransaya qaçırmaq öhdəliyi götürüb. Həmin öhdəliyə görə, baş nazir Nikol Paşinyan da daxil olmaqla, Fransaya qaçırılacaq bütün şəxslərin təhlükəsiz həyat sürməsinə təminat verilib. Və bu səbəbdən də, gələcəkdə mütləq siyasi düşmənlərinin intiqamı ilə üzləşəcəyini anlayan baş nazir Nikol Paşinyan Fransanın Ermənistanı fəlakətə sürükləyən planının icrası ilə özünü xilas etmək üçün şans qazanmaq niyyətinə düşüb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR