İnsanlara hürriyət, millətlərə istiqlal!

Mason işi, “Mossad” izi

3552 12.10.2023 09:25 Yazarlar A A

 

Heç ola bilərmi ki, dünya miqyaslı bir hadisə baş versin, amma onun pərdəarxası təfərrüatları, gizlin, şübhəli məqamları olmasın və biz bir neçə min kilometr uzaqda ola-ola onları hamıdan dəqiq və hamıdan tez bilməyək.

Son 30 ildə belə bir şey görməmişəm. Dünyanın harasında nə baş verirsə, ilk bizə əyan olur. Birinci biz bilirik ki, heç də hər şey göründüyü kimi deyil, əslində məsələnin alt qatı var.

Göylərdən vəhy gəldiyindəndir, ya da çox oxumuşuq, analitik təfəkkürümüz itidir, ondandır, hər nədəndirsə, baş vermiş hadisənin məğzinə, mahiyyətinə dair ilk dəqiq təsbit bizimkilərdə olur.

Bura qədərki cümlələr sizə sarkazmlı göründüsə, elədir ki, var. Amma qəfildən yadıma 2001-ci ilin sentyabr ayının 11-də baş verən hadisə düşdü.

Bildiyiniz kimi, həmin gün təyyarə qaçıran terrorçular Nyu-Yorkdakı əkiz qüllələrə, Vaşinqtonda Pentaqonun binasına taran etmişdilər.

Bizdə axşam saat 5 radələri idi, redaksiyada oturub əkiz qüllələrə taran edən təyyarələrin törətdiyi böyük yanğından canlı yayın verən telekanallara baxırdıq. Daha dəqiqi, təyyarənin biri göydələnin birinə dəymişdi, ikinci taran hələ baş verməmişdi. Otaqda qızğın müzakirə gedirdi. Birdən əməkdaşlardan biri dedi ki, bu, bin Ladenin işi olacaq. Otaqdakıların çoxu o vaxtacan bin Ladeni tanımırdı. Hətta bir nəfər qayıdıb ona dedi ki, Billaden kimdir, hardan bilirsən. Əməkdaşımız sözünün qəribçiliyə salınacağından çəkinə-çəkinə dedi ki, 3 il əvvəl bin Ladenin adamları partladıcı maddə doldurulmuş yük maşınları ilə Nayrobidə və Dar-əs-Salamda ABŞ səfirliklərini partladıblar, 200-dən çox adam ölüb, bu da onun dəst-xəttinə oxşayır.

Qeyd edim ki, hələ ABŞ tərəfi silsiləvi terror aktlarına görə kimlərdən şübhələndiyini demirdi. Bu əsnada ikinci təyyarə də gəldi, qüllənin əkiz tayına dəydi, iş bitdi. Biz də bir az danışıb-danışıb, dağılışıb, getdik. Evə çatanda və yenidən hadisə yerindən canlı yayınlara tamaşa edəndə gördüm ki, bəli, artıq ad çəkilir, “bin Laden, bin Laden” deyirlər. Sonradan teraktlarda iştirak edənlərin hamsının - kamikadzelərin də, fitva verənlərin də, əməliyyata rəhbərlik edənlərin də adı birbəbir məlum oldu.

Vuran məlum, vurulan bəlli olduğu bir vaxtda tezliklə ortaya çıxdı ki, bu hadisənin pərdəarxası var. Onsuz olmaz axı. O da nə imiş? Terror aktlarını ABŞ özü törədibmiş, heç demə.

İmtahan üçün, bu gün kamera-miktorofon götürün, çıxın bir parka, indiki cavanlardan soruşmayın, onlar bilməzlər, amma gəlib-keçən daha yetkin adamlardan “Sizcə, ABŞ-da 11 sentyabr terrorunu kim törədib” deyə soruşun, azı 75 faizi “ABŞ özü törədib” deyəcək – özü də yüzdəyüz əminliklə. Bəziləri masonları da işə qatacaqlar və deyəcəklər, o hadisədə 3-4 min adam ölüb, amma içində bir yəhudi yoxdur.

Bu, ona görə belədir ki, sui-qəsd nəzəriyyəsi üzrə uzmanlar bir xeyli ölkədə intensiv təbliğat kampaniyası apararaq, o fikri milyonlarla insanın beyninə yeridiblər. İndi təsəvvür edin ki, yazıq ABŞ kəşfiyyatçıları 20-dən çox ərəb terrorçunu o təyyarələri qaçıqmaları, gətirib əkiz göydələnlərə çırpmaları üçün nə qədər dilə tutublar. Başqa necə olsun.

İndi də HƏMAS-ın hücum edərək bir neçə saatın içində 1000-dən artıq İsrail vətəndaşını qətlə yetirməsi hadisəsində “İsrailin öz izi”ni axtarırlar. Hətta ilk dəqiqələrdən “mos-mos” edənlər vardı, axırda “Mossad” dedilər. Hazırda onlar sual qoyurlar ki, necə olub, “Mossad” bunu əvvəlcədən bilməyib. Necə ola bilər, axı o “Mossad”dır, dünya ilə bir ad-sanı var. Bu sualdan sonra belə bir məntiqi nəticə çıxarılır: “Deməli, bu hücum İsrailə sərf edirmiş, bilə-bilə qarşısını almayıblar”. Daha sonra başqa bir məntiqi nəticə ortaya çıxır: “Deməli, hücumu İsrail özü təçkil edib”. Di get.

Təsəvvür edin, dünyanın o başında bir yəhudiyə bir şillə vurulanda dünyanı bir-birinə qatan İsrail 1000-dən çox vətəndaşını qurban verir ki, Qəzza sektorunu darmadağın etsin, cənubdan, şimaldan hücuma məruz qalsın, millət sığınacaqlara doluşsun, abad şəhərlər darmadağın olsun və sair və ilaxır. Belə şey ola bilərmi? “Ola bilər” deyənlər varsa, mən pəs.

P.S. Onu da deyim ki, 11 sentyabr hadisəsindən bir-iki gün sonra Üsamə bin Laden mütəkkəyə dirsəklənərək, qürur duya-duya əkiz qüllələrin onun əmri ilə vurulduğunu bəyan etdi, dedi, ABŞ-ı mən vurdum, lap əcəb elədim. Ancaq sui-qəsd nəzəriyyəçiləri bir qədər müqavimətdən sonra dedilər ki, bin Laden özü də ABŞ-ın adamıdır. Beləcə, o boyda haqq-hesab yenə də Ağ Evin üstündə qaldı.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR