İnsanlara hürriyət, millətlərə istiqlal!

Media “pıxı” deyil, bura da – Pxenyan... – Saçkəsən şagirdin videosunu kim çəkmişdi?

1595 16.03.2024 10:01 Yazarlar A A

 

Bu, yaxşı söhbət olmadı. Xirtdəyə qədər zibilin içində olan sektorlar jurnalistikaya, jurnalizmə və jurnalistə dil uzatmamalıdırlar.

Heç kəs jurnalisti uşaq kimi danlaya, ona “qarşına kağız qoyub imla yazdıracam” deyə, hikkəli tonda danışa bilməz. Danışar, cavabını beşqat artqlaması ilə alar.

Buna cürət edənlər keçmişdə də olub. Onların bəziləri sonra məhkəmələrində jurnalistlər tərəfə boylanıb “ümidim sizədir, ifadələrimi düzgün yazın” deyiblər.

İndi jurnalistləri xalqa “cümlə xəyanətlərə bais iblis” donunda göstərmək istəyənlərin dilinə bir söz düşüb: “Sensasiya dalınca qaçırsınız”. Müasir dövrdə jurnalistin hansısa sensasiyanın dalınca və ya böyrüncə, qabağınca qaçmasına ehtiyac yoxdur. Sensasiya özü smartfon ekranlarından jurnalistlərin qabağına qaçır, noutbukuna süzülür, sosial şəbəkələr sensasiya ilə doludur, yazıb çatdırmaq olmur.

Bir çoxlarına elə gəlir ki, jurnalistləri susdurmaqla onların rəhbərlik etdikləri sektordakı iyrəncliklər, eybəcərliklər, neqativ hallar ört-basdır olunacaq, bunlar da asudə şəkildə xalqı, dövlət büdcəsini soyacaqlar. Elə şey yoxdur. Bundan ötrü bütün medianı sovet dövründəki kimi bir strukturdan idarə etmək, Şimali Koreya və Türkmənistandakı kimi İnternetə girişi bağlamaq lazımdır.

Talançı məmurlar istəyir ki, adları mənfi planda çəkilmədən qohumbazlıq, yerlibazlıq etsinlər, biznes strukturları yaratsınlar, komfortlu villalarrda ərəb şeyxləri kimi yaşasınlar, ailə üzvlərinə, digər əzizlərinə lüks avtomobillər bağışlasınlar, bank hesablarında (və ya evdəki seyflərində) milyonları olsun və heç kəs onlara bir söz deməsin, yazmasın. “Yüz yeyənim olsun, bir deyənim olmasın” məsələsi...

Əsas umacaq budur ki, jurnalistlər tənqid yazmasınlar, zəhlə tökməsinlər, can incitməsinlər. Özlərini ölkədə heç bir problem yoxmuş kimi aparsınlar.

Elm və Təhsil Nazirliyinin ərsəyə gətirdiyi videodan da elə çıxır ki, məktəblər güllük-gülüstanlıqdır, problem-filan yoxdur, yeganə problem odur ki, jurnalistlər gəlib ortalığı qarışdırırlar.

Bir təhsil sferası deyil, hamı din qulaq istəyir. Buna imkan verməyənlər olanda isə anındaca düşmən kəsilirlər, əllərinə fürsət düşən kimi “jurnalistlər elə, jurnalistlər belə” monoloqları söyləyirlər.

Sanki ölkədəki problemlər ona görə mövcuddur ki, jurnalistlər var, media olmasa, problem də olmayacaqmış. Əslində isə jurnalistlər o problemlərin mövcudluğunu hər kəsə göstərənlər və ya göstərmək istəyənlərdir. Hələ onlar da bir çox problemlərin alt və üst qatlarını tam təfərrüatı ilə göstərə bilmirlər. Çünki alt qata düşmək, maxinasiyaları nüvəsinə qədər xırdalamaq imkanları yoxdur, üst qatda isə özünü tənqiddən sığortalamaq istəyən məmur zümrəsi var.

Son illərdə jurnalistikanın dişsizləşməsi artıq belə bir duruma gətirib çıxarıb ki, bəziləri özlərini toxunulmaz hiss edir və jurnalistlərə diş qıcayırlar.

Təəssüf ki, cəmiyyətin jurnalistlərdən daha sərt tənqidi materiallar uman hissəsi də onlara qoşulub, oturub-durub jurnaistləri yamanlayırlar.

Olanımız budur. Əlimizdən bu qədər, bir yerə qədər tənqid yazmaq gəlir. Bu da olmasa, təhdid kimi çıxmasın, gününüzü görəcəksiniz.

Bir neçə faktı yada salaq, 4-5 il əvvəl evakuatorlar hər gün yüzlərlə sürücünün avtomobilini müxtəlif yerlərdən daşıyır, 20 manat cərimə, 20 manat daşıma haqqı alırdılar. Hər gün yüzlərlə insanın gücü yalnız cərimə meydançalarının ofisində çığırtı-bağırtı salmağa çatırdı. İş o yerdəydi ki, xəstəxanalara xəstə, yaralı əzizini gətirənlər çıxıb görürdülər ki, maşınları saxladıqları yerlərdə yoxdur. Şıdırğı soyğun gedirdi. Jurnalistlər bu problemi hərtərəfli işıqlandırandan sonra yuxarılarda qərar qəbul edildi və “evakuator terroru” sona çatdı.

Məktəblərdə kütləvi şəkildə pul yığılması (fond pulu, təmir pulu, şüşə pulu, süpürgə pulu, bayram pulu, ekskursiya pulu və sair və ilaxır – 41 adda xərac) tüğyan edən vaxtlar vardı, jurnalistlər yazdılar, ictimailəşdirdilər, ondan sonra bu məsələ bir qədər düzənə girdi. Yoxsa valideynlər özlərini həbsxanaya sovqat aparmağa məcbur olan dustaq əzizləri kimi hiss edirdilər.

Erkən nikahların, azyaşlı qızların ərə verilməsinin qarşısını jurnalistlərin hay-küyü, ajiotaj qoparması alır. Yoxsa bu ölkədə 8-ci sinifdə oxuyan qızları məktəbdən çıxarıb ərə vermək istəyən minlərlə valideyn, “15 yaşlı gəlin” almaq istəyən on minlərlə pedofil var.

Medianın qarşısını aldığı çox yaramazlıqlar var bu ölkədə. Eləcə də jurnalistlərin gücünün çatmadığı şeylər...

Sözügedən videoda bir replika da var: “Bu vaxtacan görməmişəm ki, bir icra başçısından, yaxud hansısa başqa bir məmurdan müsahibə götürəsiniz”. İfadəyə baxın! Jurnalistin üzərinə qabaran “müəllimə” demir ki, İH başçısını və ya başqa məmuru “tənqid edəsiniz”, müsahibə götürməkdən danışır. Çünki onun (eləcə də videonu hazırlayanların) “məmur və tənqid” kəlmələrini eyni cümlədə işlətməyə cürəti yoxdur.

O, “indi burada bir video çəkəcəksiniz...” deyə jurnalisti qınayır, həmin epizodda isə videonu şagird özü çəkir və bir azdan məhz o, həmin videonu orda-burda paylaşacaq. Problem budur. Necə ki, 2-3 həftə öncə bir 11-ci sinif şagirdi qız özündən iki sinif aşağıda oxuyan qızın başına yumurta çırpmış alnına “Q...BƏ” yazmışdı və bütün bu olayı da məhz şagirdlər lentə almışdı. Jurnalistlər yox, məhz şagirdlər. Bundan danışaq. (Yeri gəlmişkən, deyəsən, o, xuliqan qız da arxalı çıxdı, məsələ yat-yut edildi, təhqir olunan qızın göz yaşları yerdə qaldı).

Jurnalistika sektorunda daxili senzura güclənib, yaradıcılıq çərçivələri bir az daralıb deyə bəziləri düşünür ki, jurnalistikanı tamamilə boğmaq, ölkəni jurnalistikanın olmadığı ölkələrə döndərmək mümkün olacaq. Əbəs düşüncədir. Elə olmayacaq. Yuxarıda dediyimiz kimi, İnternet deyilən şey var, portallar, saytlar, qəzetlər yazmasa da, cümlə qurmağı bacaranlar sosial şəbəkələrdəki səhiflərində mütləq iyrəncliklərdən, eybəcərliklərdən, neqativ hallardan, süni yaradılmış problemlərdən yazacaqlar, çəkib göstərəcəklər.

Yeganə çıxış yolu İnterneti bağlamaqdır. Bunu edən ölkələr var. Onlar İnternetin dadını əvvəlcədən xalqa hiss etdirməyiblər deyə belə edə bilirlər. İnternetin dadını bilən ölkələrdə isə onu qapatmaq mümkün deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR