İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?

801 23.04.2024 08:48 Ölkə A A

Elmar Nurəliyev: “Xüsusən məktəblərdə elektrik qurğularının istismarı təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməlidir”

Bu günlərdə İmişli rayonunda yaşanan faciə hər kəsi üzdü. Söhbət aprelin 15-də 5 saylı orta məktəbin həyətində 10-14 yaşlı iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisədən gedir.

Qeyd edək ki, Fərhan Məmmədzadə ilə birgə onun qohumu - 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov da elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər. Onlar səkkizinci sinif şagirdləri olublar. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bəs məktəb həyətlərində şagirdlər bu kimi elektrik şitlərindən necə mühafizə olunur? Onlar dəmir məhəccərlə izolə edilibmi? Faciəyə səbəb nə ola bilərdi? Günahkar kimdir? 

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” -  MÜSAHİBƏ | 1news.az | Xəbərlər

Elmar Nurəliyev 

Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, təyinatından asılı olmayaraq, bütün obyektlərdə, xüsusən də məktəb həyətlərində elektrik qurğularının istismarı təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilməlidir: “Nəzərə almaq lazımdır ki, buradakı şagirdlərin çoxu azyaşlıdır və onlar hər zaman təhlükələri görə, məntiqli qərar verə bilmirlər. Ümumiyyətlə, məktəblərdə uşaqların həyat və sağlamlığına təhlükə yaradacaq heç nə olmamalıdır. Təhlükəli vəziyyət yarandıqda aşkarlanaraq dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Əgər məktəbin hansısa hissəsində sökülmə, uçma ehtimalı, elektrik xətlərində qısaqapanmalar varsa və ya qazanxanalar tam təhlükəsiz vəziyyətdə deyilsə, bunlar gözardı edilməməlidir. Eyni zamanda belə situasiyalar baş verdikdə məktəb rəhbərliyi təxirəsalınmaz tədbirlər görməlidir.

Bu kimi problemlər əsasən rayon məktəblərində yaşanır. Orada bu təhlükəsizlik məsələlərinə kimin nəzarət etdiyi məlum deyil. Yaxşı olardı ki, hər gün dərs bitdikdən sonra məktəb ümumi, hərtərəfli yoxlanışdan keçirilsin. Əgər heç bir problem və ya risk faktoru yoxdursa, şagirdlər növbəti gün məktəbə buraxılsın. 

Elektrik təsərrüfatı həm yanğın təhlükəsini yaradan, həm də cərəyan vurması kim, yəni insanların həyat və sağlamlığına  kifayət qədər təhlükə yaradan amildir. Ona görə də mütləq şəkildə həm istismarı zamanı, həm də hər hansı təmir işləri aparılarkən elektrik təsərrüfatı təhlükəsizlik  qaydalarına uyğun olaraq davranmaq lazımdır. 

Əgər elektrik təsərrüfatında hər hansı nasazlıq baş vermişdisə onun dərhal vaxtında aradan qaldırılması üçün tədbirlər planı həyata keçirilməli, həmin yerə kənar şəxslərin girişi məhdudlaşdırılmalıdır və yalnız yaranmış nasazlıq  aradan qaldırıldıqdan sonra giriş təmin edilməlidir. Çünki elektrik təsərrüfatında baş verən hər hansı bir nasazlıq, neqativ hallar sonda bədbəxt hadisələrə gətirib çıxara bilir".

Ekspert vurğulayıb ki, müəssisələrdə elektrik şəbəkələrin, qurğuların, təsərrüfatının mütləq saz vəziyyətdə olması təmin edilməli, elektrik qurğularında şəbəkələrdə baş verə biləcək potensial risklər nəzərə alınmaqla, onların texniki vəziyyəti mütəmadi qiymətləndirilməli, mümkün ola biləcək qəzaların, fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlər planı hazırlanıb işlənilməli, həyata keçirilməlidir: “Bütün təyinatlı obyektlər, hansı ki bunlar baxçalar, məktəblər, uşaqlar üçün əyləncə mərkəzləri, ümumi istifadə olunan parklar və yaxud insanların sıx yerləşdiyi məkanlar, gediş-gəlişin çox olduğu yerlər ola bilər, burada elektrik təsərrüfatının saz vəziyyətdə olması lazımdır ki, hər hansı bədbəxt  hadisənin baş verə biləcək riski olmasın”.

Elmar Nurəliyev xüsusilə elektrik transformatorlarının ciddi təhlükə mənbəyi olduğunu qeyd edib: “Elektrik transformatorları daim nəzarətdə olmalıdır. Nəinki azyaşlı uşaqların, eləcə də böyüklərin ona yaxınlaşması qadağandır. Yüksək gərginliyə malik elektrik transformatorların olduğu yerə hətta adi elektriklər də girə bilməz, yalnız bu sahə üzrə xüsusi ixtisasartırmadan keçmiş elektriklər girə bilər.  

Yəni elektrik transformatorları çox təhlükəlidir. Bu baxımdan onların ətrafı mütləq şəkildə bağlanmalı, çəpərlənməlidir. Çəpərlənmənin giriş qapısı isə daim bağlı olmalı, kənar şəxslərin içəri daxil olmaması ilə bağlı xəbərdarlıq edən, məlumatlandırıcı yazılar olmalıdır. Ətrafda yaşayan və yaxud çalışan insanların da bu barədə ilkin bilikləri olmalı, uşaqlar nəzarətsiz buraxılmamalıdır".

Xalidə GƏRAY
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR