Dünya çempionatında bu gecə 1/8 final mərhələsinin son qarşılaşması keçiriləcək. Bakı vaxtı ilə saat 00:00-da Kanadanın Vankuver şəhərində yerləşən BC Place stadionunda İsveçrə və Kolumbiya yığmaları üz-üzə gələcək. Qarşılaşmanın qalibi 1/4 finalda artıq vəsiqəni təmin etmiş dünya çempionu Argentina ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, hər iki komanda turnirdə inamlı çıxışı ilə diqqət çəkib. İsveçrə 1/16 finalda Əlcəzairi 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Murat Yakinin komandası nizam-intizamlı oyunu, möhkəm müdafiəsi və sürətli əks-hücumları ilə seçilir.
Kolumbiya isə Qananı minimal hesabla üstələyərək son 16-lığa adlayıb. Nestor Lorensonun rəhbərlik etdiyi Cənubi Amerika təmsilçisi turnirin ən etibarlı müdafiələrindən birinə sahibdir. Luis Dias, Xames Rodriqes və təcrübəli futbolçuların liderliyi Kolumbiyanı təhlükəli rəqibə çevirir.
Bu qarşılaşma təkcə 1/4 final uğrunda deyil, həm də Lionel Messinin rəhbərlik etdiyi Argentina millisinin növbəti rəqibini müəyyənləşdirəcək. Argentina bu gün Misiri 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib və indi gözlər Vankuverdə keçiriləcək son 1/8 final matçına çevrilib.
Futbol ictimaiyyəti bu oyunda gərgin taktiki mübarizə, yüksək temp və son dəqiqələrə qədər davam edəcək intriqa gözləyir.
Cavanşir Abbaslı
Musavat.com






