İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şura Rusiya ilə bağlanmış sənədə qarşı - niyə indi?

1470 08.05.2024 12:01 Siyasət A A

Radikalların iki il sonra “ayılması”nın arxasındakı niyyət açıqlandı

Müxalifət mayın 19-na yeni mitinq təyin edib. Milli Şura Bakıda “siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, quru sərhədlərinin açılması tələbi ilə” etiraz aksiyası təyin edib. Bundan əvvəl müxalifət bu tələblərlə 21 aprel və 5 may tarixlərinə mitinqlər təyin etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti isə hər iki halda mitinqə icazə verməkdən imtina edib. 

BŞİH cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinə əsaslandığını bildirib.

Milli Şura hakimiyyətin bu qərarını pisləyib və onu ölkədə “sərbəst toplaşmaq azadlığının tamamilə qadağan edilməsi” kimi qiymətləndirib. Baş tutmayan bundan əvvəlki tələblər sırasında Rusiya qoşunlarının çıxarılması da vardı. Son aksiya uçun isə Milli Şura yeni tələb “tapıb”. 

C.Həsənli deyib ki, daha bir ciddi tələb də irəli sürüləcək. “Bu, Azərbaycanın 22 fevral 2022-ci ildə Rusiya ilə bağlanmış müqavilədən (Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən söhbət gedir) imtina etməsi tələbidir. Bu sənəddə Azərbaycanın suverenliyini məhdudlaşdıran maddələr var. Azərbaycan qanunvericiliyinə görə, prezident Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən sənədlər imzalaya bilməz. Çünki orada, məsələn, Azərbaycanla Rusiya arasında xarici siyasətin koordinasiya edilməsi var. Bu nədir? Azərbaycan öz istədiyi kimi xarici siyasət yeridə bilməz. Xarici siyasəti Rusiya ilə koordinasiya etməlidir, Rusiyanın maraqlarını gözləməlidir. O sazişdə 6-7 maddə Azərbaycanın suverenliyini məhdudlaşdırır”, C.Həsənli bildirib. 

Qeyd edək ki, Həsənlinin dediyi iki bənddə deyilir: 

Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.

Mili Şura niyə indi “ayıldı” ki, sən demə, iki il əvvəl imzalanmış sənəd Azərbaycanın maraqlarına ziddir? Milli Şuranın böyük ehtimalla eyni cavab alacağı mitinq qərarını elan etməkdə məqsədi nədir?

Bu halda sülh sazişindən söhbət gedə bilməz" - Xəyal Bəşirov News 365

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, radikal müxalifət, Milli Şura adlı qurum artıq mitinq etmək üçün bəhanə tapa bilmək problemini yaşayır. Bir zamanlar torpaqlarımızın işğalda olması faktından mitinqlər üçün istifadə edirdilər. Torpaqlarımız azad edildi. Onlar gördülər ki, əllərindən bəhanə çıxdı. Bunda sonra separatçı ermənilərin qaldığı Xankəndi və digər ərazilərimizi bəhanə edib mitinqlər keçirmək istədilər. Həmçinin Rusiya sülhməramlıları məsələsini qabartmağa başladılar. Qarabağın azad edilməsi ilə keçən ilin sentyabrında Milli Şuranın əlindən daha bir bəhanə çıxmış oldu. Bu ilin aprelindən isə rus sülhməramlıları bəhanəsi də radikalların əlindən çıxdı. Beləliklə, onlar faktiki olaraq aranı qatmaq, aksiya keçirmək üçün bir ciddi arqument, bəhanə tapa bilmirlər: “Ona görə də öz aləmlərində Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış müqavilənin hansısa bəndlərini mitinq keçirmələrinə bəhanə olaraq seçiblər. Özü də bunu həmin sənədin imzalanmasından iki ildən artıq vaxt keçəndən sonra etmələri bir daha təsdiqləyir ki, Milli Şura mitinq üçün arqument, bəhanə tapa bilmir. Onların qeyd etdiyimiz müqavilənin hansısa bəndləri barədə iddiaları əsassızdır, insanları aldatmağa hesablanıb”.

X.Bəşirov qeyd etdi ki, nə zaman Azərbaycanda beynəlxalq mötəbər tədbirlər, nüfuzlu beynəlxalq konfranslar keçirilirsə, Azərbaycan nə zaman dünyanın diqqət mərkəzində olursa radikal müxalifətin yadına sərbəst toplaşmaq azadlığı düşür: "Təbii ki, bu təsadüf deyil. Bu, onlara verilən sifarişdən irəli gəlir. Məqsəd ölkədə qeyri-sabitlik, guya anti-demokratik mühit görüntüsü yaratmaqdır. Bu il Azərbaycanda COP29 kimi çox böyük beynəlxalq tədbir keçiriləcək. Ona görə də düyməyə basılıb ki, Milli Şura ölkədə süni gərginlik, süni qarşıdurma mənzərəsi yaratsın. Milli Şura da buna görə öz ağalarına sifarişi yerinə yetirməyə çalışdıqlarını göstərmək üçün ard-arda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktublar göndərir. Bu, statistikanın toplanmasına xidmət edir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın son dörd ilə yaxın müddətdə tarixdə görünməmiş səviyyədə nəhəng qələbələrə nail olması belə, radikal müxalifətin mövqeyində azacıq dəyişikliyə səbəb olmadısa, deməli, problem onların ədalət hissindən tamamilə uzaq olmasında, onların Azərbaycanı sevməyən qüvvələrdən asılı olmasındadır: “Onları idarə eləyən qüvvələr nə zaman düyməni basıb "hərəkətə keçin" əmrini verirlərsə, məhz o zaman aktivləşirlər. Ona görə iki il öncə Rusiya ilə müqavilə imzalananda Milli Şura mitinq keçirmək istəmirdi ki, əvvəla, o sənəddə Azərbaycanın milli maraqlarına və konstitusiyasına zidd heç nə yoxdur, ikincisi onlara mitinq sifarişi verilməmişdi.  Əmr, göstəriş indi gəlib. Buna görə də bəhanə uydurub mitinq keçirmək istəyirlər. Milli Şuranın bu oyunları çoxdan ifşa olunub və xalqımız onların çağırışlarına yenə də qoşulmayacaq". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR