İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Marksdan sitata niyə hiddətləndi? - Kreml vətənpərvər rektora cəza tələb edir

2272 17.02.2024 08:01 Yazarlar A A

 

Özbəkistanla Rusiya arasında “dil qalmaqalı” yaranıb. Özbəkistanda jurnalistika universitetinin rektoru Şerzodxon Kudratxoca bir neçə gün öncə ölkədə yaşayan rusdillilərin özbək dilini öyrənmək istəməməsi barədə danışarkən Karl Marksdan sitat gətirib və vaxtilə Marksı SSRİ xalqlarının əziz-giramisi edən, heykəllərini qoyan, hər şəhərdə adını küçələrə, müxtəlif müəssisələrə verən, əsərlərini dərsliklərə salan Moskva möhkəm hiddətlənib.

Öncə onu deyək ki, K.Marksın məşhur ifadəsi belədir: “Yaşadıqları ölkənin dilini bilməyənlər ya qonaqdır, ya dili assimilyasiya etmək istəyən işğalçıdır, ya da lal axmaqdır”.

419269559_7128662623869207_8092930174682200640_n.jpg (90 KB)

Rektor Kudratxoca həmin sitatdan sonra ölkəsindəki rusdillilərə xitab edərək soruşub: “Kimliyinizi müəyyənləşdirin, işğalçısınız, yoxsa axmaq?”

Bu sözün üstündə Özbəkistanın Moskvadakı səfirini Rusiya XİN-ə çağırıb danlayıblar, daha sonra ultimatuma oxşayan bir bəyanat yayıblar, “rusofob” rektora cəza tələb ediblər. Bu, azmış kimi, Özbəkistanda yaşayan rusları və rusdilliləri Şerzodxan Kudratxocaya qarşı qaldırıblar və onun əleyhinə peşəkar və sosial mediada miqyaslı bir kampaniya başladıblar.

Bloger və ictimai fəal İslam Kaparzo Küdratxocaya cavab olaraq özbək dilini öyrənməyin vacibliyini qeyd edib, lakin sözünün “əmma”sını da deyib: “Bu məsələdə çoxlu nüanslar var. Əlifbanın hərfləri bir neçə dəfə dəyişibsə, dili necə öyrənmək olar? Kiril əlifbası vardı, indi də latın əlifbası türk hərfləri üzərində qurulub. Yaşlı nəsil latın əlifbasını oxuya bilmir, gənc nəsil də kiril qrafikasını oxuya bilmir”.

Sanki latın əlifbası Çin, yapon ieroqlifləri və ya ərəb əlifbası kimidir ki, onu öyrənmək çətin olsun. Belə çıxır ki, Özbəkistandakı və başqa ölkələrdəki rusdillilərin yeganə öyrəndikləri dil rus dilidir. Başqa heç nə. Yox, əgər onlar ingilis, alman, fransız dillərini öyrənirlərsə, demək, latın əlifbası ilə artıq tanışdırlar. Bu isə bloqer Kaparzonu “çətin əlifba” arqumentini puç edir.

aaa.JPG (34 KB)

Rusiyanın mərhum dövlət xadimi Yevgeni Maksimoviç Primakovun nəvəsi, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Aleksandroviç Primakov isə bu məsələ ilə bağlı Özbəkistana ultimatum verib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat Kudratxoca üzr istəyənə qədər onunla, eləcə də onun rəhbərlik etdiyi strukturlarla hər hansı ünsiyyəti və əlaqəni istisna edir.

Bəli, velikorus şovinizminin müasir propoqondistləri dil məsələsində bu qədər həssasdırlar, kim rus dilinə qarşı güldən ağır söz desə, dərhal hərəkətə gəlir, əllərindəki bütün rıçaqları işə salırlar.

Ona görə də rektor Kudratxocanın işi çətin olacaq, o, bu, həmlələrə yalnız özbək ziyalıların həmrəyliyi nəticəsində tab gətirə bilər. Dünən rektorun müdafiəsinə qalxanlardan biri də Azərbaycanın böyük dostu, tərcüməçi-publisist Rüstəm Cabbarov (İqbol) olub. O, öz fikirlərini sosial şəbəkədə paylaşıb. R.İqbol yazıb: “Əslində Latviyada, Ukraynada, Gürcüstanda və ya Azərbaycanda hansısa məmur bunu desəydi, belə hay-küy olardımı? Çox güman ki, olmazdı. Çünki “böyük ağalar” hamıdan belə gərginlik gözləsələr də, bizdən gözləmirlər”.

rustaiqb.jpg (14 KB)

R.İqbol daha sonra yazıb: “Biz bir məclisdə 200 nəfərlə rusca danışırıq ki, iclasa qatılan rusdilli iştirakçını incitməyək. Onların şərəfinə məbəd tikirik ki, ölkəmizi işğal edən işğalçıların atları əbədi yaşasın. Övladlarımızı rus məktəbinə yerləşdiririk ki, sabah rusca daha yaxşı danışsın. İşə girmək istəyiriksə, ilk növbədə rus dilini bilməyimiz tələb olunur, amma etiraz etmirik, “başəmız, gözümüz üstünə” deyib qayıdırıq”.

Göründüyü kimi, bu məsələ bizdəki durumla aşağı-yuxarı eynidir. Son illərdə “rusdillililik”, heç demə, bütün postsovet məkanında paralel şəkildə trend olub, sadəcə, bir ölkədə çox, o birində az təpki doğurur.

İncələsək, yaxın tarixə ekskurs etsək, bu təmayülün 2014-cü ildən sonra güclənməyə başladığını görərik. Bu, Kremlin postsovet ölkələrinə münasibətdə “hamını yenidən eyni çətir altına yığmaq” siyasətinə start verildiyi dönəmdir. Krımı, Donbası işğal edən Rusiya keçmiş SSRİ respublikalarında rus dilini inkişaf etdirməklə, qorumaqla, ona xüsusi status almaqla yenidən bu məkanlara dönmək fikrindədir. (Bizdə bir yanlış fikir var ki, Putin SSRİ-ni bərpa etmək istəyir, əslində isə o, SSRİ-nin sərhədləri daxilində çar Rusiyasını – “xalqlar həbsxanası”na çevrilən, heç bir xalqın muxtrayiyyat statusu olmadığı dövranı bərpa etmək fikrindədir).

Ölkəmizdə rusdilli məktəblərin artması, Azərbaycandilli məktəblərdə rus bölmələrinin xüsusi çəkisinin ağırlaşması həmin vaxtdan sonraya təsadüf edir. Bu gün artıq övladlarını rusca təhsil almağa yönəltmiş valideynlərin sayı-hesabı yoxdur. Məktəblərdə rus bölməsinə şagird yerləşdirmək müşkül məsələdir, çünki istəyən çoxdur, yerlər isə tələbatı ödəmir. Paytaxtda isterik bir “rusdilli olmaq” ehtirası var.

Açıq-aydın görünür ki, bütün bunlar təsadüfən belə alınmayıb. Bu, Rusiyanın yeritdiyi açıq-gizli siyasətin nəticələridir.

Təsəvvür edin, hazırda Rusiyanın özündə onsuz da pis-yaxşı rusca danışa bilən əmək miqrantlarından rus dili və ədəbiyyatı, hətta rus tarixi üzrə imtahan götürmək nəzərdə tutulur. Bunu ona görə edirlər ki, onlar dili daha yaxşı öyrənsinlər və “rusdilli” olsunlar.

Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanda isə heç kəs slavyan mənşəli insanlardan yaşadıqları ölkənin dövlət dilini öyrənməyi tələb edə bilməz. Mütləq bəhanə tapılır: “Əlifba fərqlidir”; “yaşlı nəslin dil öyrənməsi çətindir”; “işinin spesifikası elədir ki, rusca yazmağa, danışmağa məcburdur”; “lazımi tədris vasitələri, ədəbiyyatlar, xüsusi kurslar yoxdur” və s.

Dövlət dilinin öyrənilməsinin vacibliyi qanunvericilik sənədində nəzərdə tutulduğu halda isə Moskvadan ultimatumlar gəlir, parlamentlərdən tələb edirlər ki, belə bir qanun qəbul edilməsin, qəbul edilibsə, düzəliş olunsun.

Ona görə də Rüstəm İqbol kimi ziyalılar bu gün belə deyirlər: “Əslində bunu təkcə Şerzodxan Kudrattxoca deyil, hamımız deməliyik. Bu, millətçilik deyil. Öz haqqını tələb etmək millətçilikdirsə, o zaman şimal ölkəsində anasıyla özbəkcə danışan qaragözlü adamı döyüb öldürməyin adı nədir?”

Doğrudan da, başqa ölkədə yaşayan adamın ana dilində danışması vazkeçilməz hüquqdursa, özbək qardaş niyə öldürülüb? Qafqazda və Mərkəzi Asiyada heç kəsi rusca danışdığına görə döymür, öldürmürlər, eləcə, “yaşadığınız ölkənin dilini öyrənin” deyirlər, o da onların xətrinə dəyir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR