İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Xankəndidə “at”ından sonra “peşka”sını irəli verdi

8946 19.07.2023 09:07 Qalmaqal A A

Gözlənilir ki, tezliklə Qurgen Nersesyanın ətrafında “koalisiya” yaradılacaq və separatçı rejimə “rəhbərlik” edəcək

Azərbaycan torpağında dövlətimizin ərazi bütövlüyü və suverenliyi əleyhinə mitinqlər, yürüşlər təşkil edən “dövlət naziri” Qurgen Nersesyan diqqəti nəhayət ki, özünə yönəldə bildi. İndi o, separatçı rejimin başçısı Araik Arutyunyanın kölgəsindən çıxaraq Xankəndidəki qanunsuz mitinqlərin əsas təşkilatçılığını üzərinə götürüb, hətta Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə görüşləri də o aparır.

Qurgen Nersesyan Rusiya sülhməramlı kontingentinin komandiri Aleksandr Lentsovla görüşündə o vədi alıb ki, sülhməramlılar hər gün Qarabağdakı vəziyyətlə bağlı Rusiya Federasiyasının rəsmi strukturlarına məlumat verəcəklər.

“Dövlət naziri”nin sözlərinə görə, sülhməramlı missiya 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının pozulduğunu etiraf edib. Nersisyan əlavə edib ki, problemin dəqiq həlli tapılana qədər sülhməramlı qüvvələrin daimi yerləşdirildiyi yerin yaxınlığında qurulan çadırlarda qalırlar. “Aksiyalarda” ən sərt çıxış edən də elə Nersesyandır. “İndi mən beynəlxalq ictimaiyyətə, Ermənistan Respublikasına və Rusiya Federasiyasına sual vermək istəyirəm: sizə daha nə lazımdır, nəyi gözləyirsiniz? Bu meydanda cəsədlər istəyirsiniz ki, nəhayət, reaksiya verəsiniz? Biz dünyanın bu və ya digər hissəsində təşkil olunan görüşlərin nəticələrini diqqətlə izləyirik. Biz onların bu və ya digər müzakirə platformasını bir-birindən necə qopardığını, təşəbbüslər uğrunda mübarizə apardığını, vasitəçilik səyləri uğrunda mübarizə apardıqlarını izləyirik, əgər kiməsə təzyiq edilirsə, onda bütün çəkicin zərbəsi bizim başımıza dəyir. Və bir daha hamımızın adından qışqırmaq istəyirəm: biz artıq səbrin son həddinə çatmışıq”, - deyə Nersesyan bildirib. Bu “fəallığı” onun Rusiyanın adamı olduğu haqdakı iddialar tam təsdiqləndi. Rusiya Ruben Vardanyan adlı “at”ın qurban verdikdən sonra yerinə təyin olunan Nersesyanın kimliyi haqda çox danışılırdı.

Xatırladaq ki, Nersesyan 1985-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsili alıb. 2021-ci ildən bu günə qədər separatçıların “baş prokuroru” işləyib. Nersesyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurub. Erməni mediası yazırdı ki, Rusiya tərəfi ona etibar edir və ona yaxınlaşmağa imkan verməyən soyuq və sərt xarakterini nəzərə alaraq heç bir gizli informasiya sızmasının olmayacağından əmindir. Ümumiyyətlə, gözlənilir ki, tezliklə Nersesyanın ətrafında “koalisiya” yaradılacaq və separatçı rejimə “rəhbərlik” edəcək. Nersesyanın verdiyi açıqlamaların təhlili onu göstərir ki, o, danışıqlarda konstruktiv mövqe tutmağa meylli deyil. Nersesyan iddia edir ki, danışıqlarda “balansın saxlanılması, beynəlxalq status alması və nəticənin olması üçün” üçüncü tərəf və tərəflərin iştirakından da bəhs edir. Rusiya bu dəfə elə “fiqur”u öz oyununa salıb ki, Vardanyan qədər “parlaq” və varlı olmasa da, onun Xankəndidən rədd edilməsi mümkünsüz kimi görünür. Amma şübhə yoxdur ki, “at”ını qurban verməyə məcbur olmuş Rusiyanın “peşka”sı üzərindən də qurduğu oyunlar öz nəticəsini verməyəcək...

Deputat Bəhruz Məhərrəmov 2022-ci ildəki fəaliyyətinə dair hesabat yaydı

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin formalaşdırdığı yeni geosiyasi situasiya nəticəsində Ermənistanın manipulyasiya imkanları azaldıqca separatçılar artıq sonun çatdığının fərqindədir: “Ermənistanın hələ də Qarabağda qalmış 10 minlik ordu qalıqları, qanunsuz silahlı dəstələri, o cümlədən Ermənistandan və havadarlarından mümkün dəstək belə separatçılara Azərbaycanla açıq münaqişədə yaxşı heç nə vəd edə bilməz. Bu mənada separatçılar mövcud durumda çıxış yolunu yenidən himayəçilərinə - Rusiya sülhməramlılarına sığınmaqda, habelə Rusiyanın "adamlarına" "siyasi səhnədə" daha geniş yer verməkdə görürlər. Qurgen Nersesyanın son proseslərdə daha qabarıq formada rol almasına da bu prizmadan baxmaq lazımdır.

Digər tərəfdən, təəssüf ki, sülhməramlılar özləri də regiona gəldikləri gündən separatçıların hüquqazidd davranışlarına rəvac verməkdədirlər. İlk növbədə, 10 noyabr bəyanatının 4-cü maddəsində açıq mətnlə ifadə olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Bu günə qədər sülhməramlıların müvəqqəti nəzarət zonasında həm Ermənistan Silahlı Qüvvələrinin 10 mindən artıq heyəti, həm də separatçıların qanunsuz hərbi birləşmələri mövcuddur. Yəni 10 noyabr bəyanatının şərtləri, konkret olaraq 4-cü maddəsi ilə müəyyən olunmuş öhdəliklər kobud surətdə pozulmaqdadır. Bu, Azərbaycanın suverenliyi və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə, o cümlədən BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə, habelə beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə açıq hörmətsizlikdir. Digər tərəfdən, bildiyiniz kimi, 22 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 9-cu maddəsi ilə Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il tarixli bəyanatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəyi barədə öhdəlik götürüb. Lakin sülhməramlıların davranışları, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin bəyanatları Moskvanın götürdüyü öhdəliklərlə üst-üstə düşmür və bu da öz növbəsində “Pacta sunt servanda” - öhdəliklərə vicdanla əməl edilməsi prinsipinə ziddir. Təbii ki, separatçılar da vəziyyətin fərqindədir, situasiyadan ruhlanaraq Azərbaycan ərazisində 5 il müddətinə yerləşdirilmiş sülhməramlıların qərargahına istinad nöqtəsi kimi baxaraq Azərbaycan əleyhinə mitinqlərini məhz orada təşkil edirlər. Sülhməramlılar isə missiyalarına uyğun gəlməyən formada prosesin iştirakçısına çevrilməkdədir. Nersesyanın da məhz bu ərəfədə fəallaşması, Rusiya sülhməramlılarının qərargahı ətrafında radikal çıxışları məhz sülhməramlı komandanlığın xeyir-duası olmadan mümkün deyil. Arutyunyanla əvvəldən uzlaşmayan, Vardanyan kartı boşa çıxan Moskva bu dəfə Nersesyan gedişi edir. Lakin Qarabağın erməni əsilli sakinləri anlamalıdır ki, bu ritorika və sülhməramlıların “dəstəyi” onlara heç nə vəd edə bilməz. Cənab İlham Əliyevin dediyi kimi, heç kim gəlib onların yerinə burada döyüşməyəcək. O ki qaldı Rusiya tərəfdən davranışlara, bizim üçün əsas olan Rusiya Prezidentinin mövqeyidir ki, o da dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini ifadə edib. Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də ilk növbədə bu iradəni rəhbər tutmalı, Rusiya rəhbərliyinin imzasına hörmətlə yanaşmalı və indiki mürəkkəb situasiyada güvənilir, etibarlı tərəfdaş olan Azərbaycanla münasibətləri heç bir perspektivi olmayan separatçı meyillərə və artıq yollarını Rusiya ilə ayırmaqda olan Ermənistanın riyakarlığına qurban verməməlidir".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycanın ərazi bütövlüyünə olan təhdidlərdən söz açdı: “Üçtərəfli bəyanata atılan imzaların "çernili" qurumamış Rusiya və Ermənistan sazişinin şərtlərini pozmağa başladılar. Üçtərəfli anlaşmada ilk pozuntu Qarabağdakı erməni silahlı dəstələrinin bölgəni tərk etməməsi oldu. Halbuki Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşməsi ilə paralel erməni silahlı birləşmələri torpaqlarımızı qeyd-şərtsiz tərk etməli idilər. Ötən 3 il ərzində rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgələrdə yerləşmiş erməni silahlıları Azərbaycan Ordusunun mövqelərinə müxtəlif silahlardan dəfələrlə atəş açdılar, əsgərlərimizin üzərinə qumbara atdılar. Saysız-hesabsız təxribatların hamısı rus sülhməramlılarının gözü qarşısında törədildi. Bizə qarşı diversiya təşkil etdilər. Nəticədə şəhidlər verdik, yaralılarımız oldu. Silah-sursat daşınması artıq adi hala çevrilib. Rusiya və Ermənistanın birgə hərəkətləri Azərbaycanın ərazi bütövlüyünə təhdiddir".

Ə.Məmmədli onu da bildirdi ki, Moskva özünü heç nə olmamış kimi aparır: “Məncə, erməni dəstələrinin silahlandırılması ilə bağlı Rusiyaya son xəbərdarlıq edilməli, çox sərt reaksiya verilməlidir. Bundan sonra antiterror əməliyyatlarına başlamalı, terrorçu qalıqlarını torpaqlarımızdan təmizləməliyik. Səbrimizin daşdığını ruslara göstərməliyik. Lazım olarsa, bu prosesdə Türkiyənin də hərtərəfli dəstəyini alaraq hərəkətə keçməliyik. Əks halda, hələ ruslar bizə çox vardanyanları, nersesyanları hürdürəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR