İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədə Xocalıya əlimiz çatmadı, amma bu, gücümüz çatmadı demək deyil...

1055 26.02.2023 15:20 Yazarlar A A

“Qarabağın qanadı” olan Xocalıya qayıtmağın yolu... 

31 il əvvəlin bu günündə “Nəsimi bazarı”nın yanındakı məşhur travmatologiya xəstəxanasında Daşaltın əməliyyatı zamanı ayağının birini itirən şuşalı Nuşirəvanın otağındakı ağ-qara televizorda eşitdik rəsmi xəbəri. İki nəfərin öldüyünü dediklərini, sonra isə aşıq mahnıları verdiyini  indiyədək xatırlayıram…

Biz əlbəttə ki, gerçəyi bilirdik, həmin gecə Xocalının hətta ev heyvanları belə dərbədər düşmüşdü, çoxları qorxudan Şuşadakı həyətlərə dolmuşdular…Bu hücum, qətliam heyvanları belə qorxutmuşdusa, orada nələr baş verdiyini göz önündə canlandırmaq çətin deyildi.      

Xocalı Şuşaya Xankəndidən həmişə “bir köynək” yaxın olub. Xocalının çox bərəkətli torpağı olub, camaatı da zəhmətkeş…Çox dadlı kartofu olardı, onu Şuşa bazarında əl-əl axtarırdılar. Yaz-payız əkib-becəriblər bu şəhərin adamları... Şuşa Qarabağın tacıdırsa, Xocalı ürəyindəki həmişəlik sağalmaz yaradır. Xocalı bitməyən ağrıdır, onu heç bir qələbə nə unudar, nə hadisənin üzərindən keçən illər yaramızı sağaldar, nə acımız keçər... 

Xocalı  həm də Qarabağın “qanadı olub”, SSRİ rəhbərliyi DQMV-də fövqəladə vəziyyət elan edildikdən sonra Xocalı hava limanın mühafizəsi, yüklərin və sərnişinlərin şəxsi əşyalarının yoxlanılması funksiyalarını SSRİ daxili qoşunlarının bölməsinin nəzarəti altında olub. Sonradan Xocalı milsinin(polisini) nəzarəti ələ alıb və bu şəhərə xain hücumunadək davam edib…

159508.jpg (37 KB)

Ermənilər bu aeroportu işğal illərində bizim Xocalı yaramıza duz basmaq üçün işlədiblər. Erməni prezidentləri helikoptellə  Xocalı aeroportuna hər dəfə enəndə bizim ürəyimizə dağ çəkiblər, yaramızı qopardıblar. Xocalı həm də Qarabağın hava qapısıdır demək...

Diasporunun ianələri hesabına aeroport 2009-2012-ci illərdə aeroport yenilənmişdi və ermənilər onu yenə sərnişin daşınması üçün istifadəyə verməyə çalışırdılar. 17 milyon dollara 55 yerlik mülki təyyarə də alınmışdı. Hətta Ermənistanın o vaxtkı prezidenti, Xocalı canisi Serj Sərkisyan İrəvan-Xankəndi reysinin ilk sərnişini olacağını elan etmişdi. Amma bütün cəhdlərə baxmayaraq, ermənilər aeroportla bağlı məqsədlərinə çatmadılar.  

sarkisyan.jpg (56 KB)

44 günlük vətən müharibəsində Xocalıya əlimiz çatmadı, amma bu gücümüz çatmadı demək deyildi…Ötən ilin fevralın bu günlərində Xocalının Fərrux  dağı əməliyyat nəticəsində Azərbaycan ordusunun nəzarətinə keçdi.  Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı(kəndi) da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. Fərrux ərazisi Azərbaycan ordusunun nəzarətindədirsə, deməli, Əsgəran, Xanabad, Xocalı tam bizim ovcumuzun içində olmuş kimidir… Burada da erməni cinayətlərinin izləri tapılıb, insan sümükləri Xocalı soyqırımı zamanı bu yolla canının qurtarmaq istəyən   azərbaycanlılara aid olduğu şübhə doğurmur…   

Köçəri ermənilərin məskunlaşdıqları bu ərizələr rəsmi olaraq Azərbaycanındır, dünya da bu həqiqəti qəbul edir. O səbəbdən də Xankəndinin də, Xocalının da bundan sonrakı taleyi məhz  Azərbaycanın görə biləcəyi işlərdən asılıdır.

Ermənilər hələ ki, göydən başlarına yağa biləcək bombalardan qorxmurlar. İndi onlar ən çox  Azərbaycanın nəzarətinə qaytardığı əraziləri necə qurub-tikəcəyi, əhalini necə yerləşdirəcəyi narahat edir. Bu, ermənilərin bundan sonrakı taleyni həll edəcək yeganə dinc həll yoludur. O səbəbdən Azərbaycan mümkün qədər tez bu problemi  həll etməlidir.

1 (1).jpg (91 KB)

Festival, “ağılı şəhər”, “yaşıl enerji” hamısı vacibdir, lazımdır. Qoy, ermənilərin ürəyi partlasın. Amma ən vacib olan bütün gücü torpaqlarımızda məskunlaşdırmanı tezləşdirməkdir.   Nəzərə almaq lazımdır ki, o torpaqlarda böyümüş adamların çoxu artıq bu dünyadan qaçqın kimi köç edib, bir çox yaşlaşıb, bir çoxu ata-babadır. Onlar uşaqlarının, nəvələrinin əlindən tutub o torpaqlara aparmasa, nəsillər arasındakı vacib olan o torpaq bağı qırılacaq.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların sırasında həmin vətən həsrətli ata-babaların oğul-uşaqları, nəvələri də vardı. İtkilərimiz çox böyükdür, 3 mindən çox oğul şəhid vermişik. Bu bilirsizmi, nə deməkdir? İndən sonra doğulmayacaq ən əzı 3 min uşaq deməkdir. Elə etmək lazımdır ki, artıq xeyli yaşlaşmış adamlar gedib öz vətənlərində ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşasınlar. Nəsillərini başlarına toplaya bilsinlər, o kökü yenidən torpaqlarımıza salsınlar. Qarabağda bundan sonra ermənilər yox, biz artmalıyıq, çoxalmalıyıq, kök salmalıyıq. Xocalıya da qayıdış yolu bundan keçir...    

Hələ işğal vaxtı özümüzə təskinlik verirdik ki, bəs, dünya tökülüb bizə azad olunmuş ərazilərin bərpasında, tikilməsində kömək edəcək, filan... İndi baxırıq ki, üç-dörd dost ölkədən başqa, bu işə görə qolunu çırmalayan yoxdur. Ağır işdir, amma dövlət bu işi bacaracaq inşallah...Əgər bu məskunlaşma tezləşsə, ermənilər çox tezliklə rədd olub gedəcəklər, Xankəndidən də, Xocalıdan da...

Nazim SABİROĞLU, 
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR