İnsanlara hürriyət, millətlərə istiqlal!

“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib

2001 30.04.2024 13:42 Yaxın tarix A A

1938-ci ildə Nikita Xruşov Ukraynaya birinci katib göndəriləndə işlədiyi əvvəlki vəzifəyə, Moskva şəhər və vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə kimin təyin olunacağının müzakirəsi bir aydan artıq davam edib.

Qeyd edək ki, Moskvanın birinci katibi vəzifəsi SSRİ-də ən prestijli postlardan biri sayılıb. Həm də bu post ittifaq miqyaslı daha yüksək vəzifəyə təyinat üçün ən uğurlu keçid olub. SSRİ-yə 11 il rəhbərlik etmiş Nikita Xruşov, Rusiya prezidenti Boris Yeltsin vaxtilə Moskvanın birinci katibi işləyiblər. Bu vəzifədə işləyənlərdən Vyaçeslav Molotov və Lazar Kaqanoviç Stalinin ən yaxın silahdaşları sayılıblar, Viktor Qrişin Siyasi Büronun üzvü olaraq siyasi elitada söz sahiblərindən biri olub, Yekaterina Furtseva ölkədə ən ötkəm nazirlərdən biri kimi tanınıb, Pyotr Demiçev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinin birinci müavini vəzifəsinə yüksəlib, İvan Kapitonov Mərkəzi Komitənin katibi vəzifəsinə seçilib və s.

Uzun-uzadı müzakirələrdən sonra nəhayət, 1938-ci ilin fevral ayında Siyasi Büronun üzvü Andrey Jdanovun təklifi ilə 38 yaşlı Aleksandr Uqarov Moskvanın birinci katibi kürsüsünə əyləşib. O, bu vəzifəyə qədər Leninqradın ikinci katibi vəzifəsində işləyib.

1900-cü ildə Moskvada anadan olan Uqarov 18 yaşında bolşeviklər partiyasına qəbul edilib, vətəndaş müharibəsinin iştirakçısı olub, Leninqrad Dövlət Universitetində ali təhsil alıb, bir müddət Leninqrad Politexnik İnstitutunda müəllim kimi fəaliyyət göstərib. 1927-ci ildən isə o, fəaliyyətini partiya orqanlarında davam etdirib, eyni zamanda “Leninqradskaya pravda” qəzetinin redaktoru olub.

UQAR.jpg (32 KB)

Leninqradda işləyərkən Uqarovun fəaliyyəti şəhər rəhbərliyinin diqqətindən yayınmayıb. Yüksək təşkilatçılığı, bilik və bacarığı, ideoloji sahədəki fəallığı Leninqrad şəhər Partiya Komitəsinin birinci katibi Andrey Jdanovun da diqqətini çəkib. Jdanovun çıxış və məruzələrinin hazırlanması həmişə Uqarova həvalə edilib. Onun işi Jdanovu tam qane edib.

1935-ci ildə Jdanov Kremlin razılığını aldıqdan sonra Uqarovu Leninqrad şəhər Partiya Komitəsinə ikinci katib vəzifəsinə təyin edib. Bu ərəfədə onların arasında yaxın dostluq münasibətləri yaranıb. Jdanov məzuniyyət və ezamiyyətlərdə olanda öz vəzifələrinin icrasını məhz Uqarova etibar edib.

Jdanovun sayəsində Moskvada yeni vəzifəyə təyinat alan Uqarov siyasi elitada ən uğurlu kadrlardan biri sayılıb. 38 yaşlı birinci katibin çox qısa müddətdən sonra daha yüksək vəzifəyə təyin olunacağına heç kim şübhə etməyib. Ancaq çox keçmədən Uqarovun siyasi fəaliyyətində ciddi problemlər yaranıb. Bu problemlər onun həm siyasi karyerasına, həm də həyatına son qoyub.

1938-ci ilin may ayında “NKVD” rəhbəri Nikolay Yejov Uqarovdan repressiya siyahısı tələb edib. Birinci katib bu tələbə cavab olaraq bildirib ki, onun rəhbərlik etdiyi komitədə vətənə xəyanət edən, antisovet fəaliyyət göstərən məmur yoxdur. Cavabdan qane olmayan Yejov Uqarovun kabinetinə təşrif buyurub və birinci katibə qarşı sərt ittihamlar irəli sürüb, onu həbs edəcəyi ilə hədələyib.

Uqarov bu hədə-qorxuya təmkinlə cavab verib:

- Sizin məni həbs etməyə ixtiyarınız çatmır. Mənim toxunulmazlıq statusum var. Amma mənim sizi kabinetdən qovmağa tam haqqım çatır. Xahiş edirəm mənim kabinetimdən rədd olasınız.

Yejov Uqarovdan qisasını sonraya saxlamayıb. “NKVD” rəhbəri birinci katib haqqında hazırladığı qovluğu Stalinə şəxsən təqdim edib.

STAS.jpg (92 KB)

Materiallarda qeyd olunub ki, Uqarov kommunal təsərrüfat işçilərinin yığıncağı adı altında antisovet fəaliyyətlə məşğul olanların toplantısını keçirib, trotskiçilərin təşkilatlanması haqqında tabeliyində olan işçilərə göstərişlər verib. Faktla bağlı araşdırmalar aparılıb. Amma heç kimdən bu haqda ifadə almaq mümkün olmayıb. Məsələyə müdaxilə edən Vyaçeslav Molotov Uqarovun fəaliyyətində antisovet elementlərin olduğuna Stalini inandıra bildirib.

Bu hadisədən bir neçə gün sonra qeyri-rəsmi şəraitdə Stalin Uqarovun namizədliyini irəli sürmüş Jdanovla birinci katib haqqında söhbət aparıb. Jdanov bütün şübhələrin əsassız olduğunu sübut etməyə çalışsa da, söhbətin sonunda Stalin öz qərarını verib:

“Mən onu həbs etdirəcəyəm”.

Beləliklə, 1938-ci ilin noyabrın 20-də Uqarov həbs edilib. İstintaq zamanı Uqarovun dindirilmə prosesi Beriya və Kobulov tərəfindən aparılıb. İstintaqın birinci günündə Uqarov heç bir antisovet fəaliyyətdə iştirak etmədiyini bildirib. Lakin səhəri gün “NKVD”nin zirzəmisində məruz qaldığı ağır işgəncələrdən sonra o, bütün əməllərini “etiraf” edib.

1939-cu ilin fevral ayında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Uqarov haqqında hökm çıxarıb. O, ən ağır cəzaya - güllələnməyə məhkum olunub.

XRUSA.jpg (71 KB)

Uqarov 1956-cı ildə (ölümündən sonra) bəraət alıb. Sabiq birinci katibin bəraət almasında Xruşovun böyük rolu olub və o, Uqarovun güllələnməsini aşağıdakı kimi qiymətləndirib:

“Mən Uqarovu çox yaxından tanıyırdım. Onun məndən sonra Moskvanın birinci katib olması məni sevindirirdi. Bilirdim ki, Uqarov bacarıqlı, savadlı, işgüzar bir şəxsdir və o, mənim işlərimi lazımınca davam etdirə biləcək. Bəs Stalin nə etdi? Bu perspektivli siyasətçini Yejovun güdazına verdi. Bu cür saysız-hesabsız faktlar var, Stalin rejiminin başkəsənliyini təsdiq edən faktlar...”

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR