İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlanların qız, qızların isə oğlan kimi rəqs dəbi...

1385 17.04.2024 08:25 Media A A

Aydın Xan Əbilov: “Aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi addımlar atmalıdır”

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB) Elza Seyidcahan efirdə kiçik yaşlı qızın “Tərəkəmə” rəqsini oğlan kimi oynamasına qəzəblənib. Qalmaqallı hadisə “Yaxşı deyək, yaxşı eşidək” verilişində baş verib.  

Belə ki, əməkdar artist milli rəqslərimizdə qızların və oğlanların rəqsinin fərqli olduğunu söyləyib. Müğənni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini “faciə” adlandırıb: “Bu çərxi-fələk tərsinə dövran edir. İndi qızlar oğlan, oğlanlar qız olur. Bu "Tərəkəmə" rəqsini Xalq artisti, rəqqasə Roza Cəlilova belə oynayırdı? Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar indi oriyental rəqs edirlər. Bunu isə biz bəzi məclislərdə görürük. Bəzi müəllimlər uşaqları bədbəxt edirlər. Biabırçılıqdır. Bu cür gözəl qızı ediblər oğlan. Bu cür incə rəqsi nə günə qoyublar? Ana-ata da bilmir, fəxr edirlər ki, bizim qızımız oğlan kimi oynayır. Kişlərin və qızların rəqsi ayrıdır. Roza Cəlilova 90 yaşında elə rəqs edir ki... Bu gördüyümüz faciədir. Deyirlər Elza təhqir edir. Təhqir edirəm ki?" 

Elza Seyidcahanın bu çıxışına Əməkdar artist Mehriban Xanlarova da haqq qazandırıb. 

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə milli rəqsimizi oğlanların qız, qızların isə oğlan kimi ifa etdiyi videolar paylaşılır. Görüntülər ictimaiyyət arasında birmənalı qarşılanmır. 

Əgər əvvəllər sərt texniki-dinamik hərəkətli rəqsləri yalnız kişilər edirdilərsə, son illərdə qadınlar da bu məsələdə kişilərdən heç də geri qalmırlar.

Maraqlı məqam ondan ibarətdir ki, son zamanlar azyaşlı uşaqlar arasında rəqs etməyə maraq artıb.  Bu marağı sosial şəbəkələrdə tez-tez paylaşılan azyaşlı rəqslərindən də görmək mümkündür. Təzadlı məqam qız uşaqlarının oğlan kimi oynaması, kişi rəqsinə xas elementlərdən istifadə etmələridir. Oğlanlar isə qız kimi nazlana-nazlana rəqs edir. Bir sözlə, qızlar kişi kimi sərt, tullana-tullana rəqs edir, oğlanlarda isə bunun əksi müşahidə olunur.

Milli folklorumuzda qadın və kişi rəqsləri hərəkət elementlərinə görə fərqlənir. Azərbaycan qadın rəqs elmentlərinin əsasını ayaqların düz hərəkəti, bütün diqqətin əl və çiyinlərə yönəlməsi, başın və üzün hərəkəti təşkil edir. Qadın rəqslərindən fərqli olaraq, kişi rəqslərində ayaqların hərəkət texnikası böyük rol oynayır.

Aydın Xan Əbilov: "Rusiyaya göndərilib, amma müalicə üçün xəstəxanaya  yerləşdirilməyib ki, "ayıbdır, el nə deyər?"" Pravda.az

Aydın Xan Əbilov

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycan incəsənətinin üzdə olan, daha çox meydanlarda, toylarda nümayişi ilə get-gedə rəngarəng formalar alan rəqslər, rəqs sənəti, xüsusilə milli rəqsimizlə bağlı problemlər bu günün və dünənin deyil, çoxdan başlamış bir prosesin real nəticələrindən qaynaqlanır. Qeyd edim ki, bu barədə  Elza Seyidcahandan əvvəl mən də həmin televiziyanın sosial layihəsində söz açmışam. Yəni qızların oğlan, oğlanların isə qız kimi rəqs etməsini qətiyyətlə pisləmişdim. Bəli, Azərbaycanda istər toylarda, istərsə də sosial şəbəkələrdə tez-tez nümayiş etdirilən, müxtəlif rəqs müəllimlərinin və onların şagirdlərinin ifa etdiyi rəqslərlə bağlı artıq Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları, hətta lazım gələrsə, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ciddi təhlil, analiz aparmalıdır.

Bu gün toylarda gözümüzün qarşısında oğlan uşaqları narkotik istifadəçilərinin, avaraların, cinayət aləminin nümayəndələrinin hərəkətlərini rəqsə gətirir, bu mövzuda yazılmış mahnıların sədaları altında rəqs edirlər. Bəzən müşahidə edirik ki, peşəkar rəqqaslar belə bu cür hərəkətləri öz yaradıcılıqlarında təkrarlayırlar. Bununla əlaqədar ciddi ictimai qınaq, etiraz olmalıdır. Hər şey əvvəlcə rəqslə, musiqi ilə, filmlə, kliplə, şou-biznes hadisələri ilə başlayır. Necə olur ki, hansısa mahnılarda, meyxanalarda narkotik vasitələrin, dələduzluğun, avtoşluğun təbliğinə görə müğənnilər, ifaçılar həbs olunur, inzibatı məsuliyyətə cəlb edilir, amma bütün bunları rəqslərə gətirən, hətta kiçik uşaqlarda təqlid edən şəxslər məsuliyyətə cəlb olunmur? Axı həmin uşaqlar bizim övladlarımız, gələcəyimizdir. Əlbəttə ki, toylarımızda, məclislərimizdə başqa xalqların rəqslərini ifa etmək olar. Amma bizim mental dəyərlərimizi, milli xüsusiyyətlərimizi özündə əks etdirən rəqslərimizi olduğu kimi ifa etmək lazımdır. 

Hesab edirəm ki, aidiyyəti qurumlar bu problemin həlli yolunda ciddi addımlar atacaq".

Yazını hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR