İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə təhsilinin ciddi problemi - məktəbdə 11 il oxumaq arzusu...

734 06.04.2022 10:30 Ölkə A A

 

Ekspert: “Bu il büdcədən təhsilə 4 milyarda yaxın vəsait ayrılıb, amma bəzi məktəblərdə təhsil hələ də 9 illikdir...”

Bölgələrdə, xüsusən ucqar kəndlərdə 9 illik orta ümumtəhsil müəssisələrinin olması ciddi problemlərə yol açır. Belə ki, bu məktəblərdə 9-cu sinfi bitirən şagirdlərin əksəriyyəti bir çox səbəbdən 10 və 11-ci siniflər üzrə təhsil ala bilmir. Öz kəndinin 9 illik məktəbini bitirən şagird növbəti ildən qonşu kənddə təhsilini davam etdirmək məcburiyyətində qalır. Bir çox hallarda da bu istək elə istək olaraq da qalır. Nəqliyyat, yol və digər çətinliklər səbəbindən şagirdlər hər gün qonşu kəndə və ya rayon mərkəzinə gedib, təhsillərini tamamlamağı bacarmırlar. Təhsil Nazirliyindən bildirilib ki, hazırda Bakıda 7, regionlarda isə 767 ümumi orta məktəb (9 illik) fəaliyyət göstərir.

Qanunvericiliklə tam orta təhsil icbari deyil və şagirdlər öz seçimlərinə əsasən, tam orta təhsil səviyyəsinə keçmədən, 9 illik təhsil səviyyəsini bitirib, bundan sonra peşə təhsili və digər müəssisələrdə öz təhsillərini davam etdirə bilirlər. Ekspertlər deyir ki, qəbul və buraxılış imtahanlarının nəticələrini təhlil edəndə 9 illik məktəb probleminin təsiri özünü göstərir. Belə ki, şagirdlərin digər məktəblərə gedişində davamiyyət problemi olur. Çünki digər kəndlərdə məktəblər uzaq məsafədə yerləşir və qış aylarında avtobus və digər nəqliyyat olmadığı üçün əlçatanlığa təsir edir. Ona görə də hər bir məktəbdə şagird sayından asılı olmayaraq, tam orta məktəblərdə təhsil 11 illik olmalıdır.

Ceyhun məmmədov | Banker.az

 Ceyhun Məmmədov

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov problemlə  bağlı “Yeni Müsavat”a  bunları deyib: “Bu məsələdə biz ümumi bir prosesi ciddi təhlil etməliyik. 11 illik məktəbin yaradılması, qurulması üçün kifayət qədər şagirdin olmasına ehtiyac var. Tutaq ki, bir kənddə 11-ci sinifdə yalnız 2-3 nəfər oxuyur. Burada prosesə baxanda, maliyyə vəsaitini təhlil edəndə, müəllimlərin maaş məsələsinə baxanda kifayət qədər vəsaitin tələb olunduğu ortaya çıxır. Ona görə burada təhlil etmək lazımdır ki, haradakı şagirdlərin sayı daha çoxdur, daha çox şagird qonşu kəndlərə 10-11-ci sinifdə oxumaq üçün gedir və bu kənddə az olmayan şagird varsa, biz burada şərait yaratmalıyıq. Burada müəyyən bir hədd müəyyənləşdirmək olar. Ancaq qeyd etdiyim kimi, burada siniflərin yaradılması üçün müəllimlərə maaş verilməlidir və digər əlavə xərclər yaranır. Bu proses imkan daxilində nəzərə alınmalıdır. Biz çalışmalıyıq ki, şagirdlərin sayını təhlil edərək qeyd olunan ərazilərdə 11 illik tam orta məktəbin fəaliyyət göstərməsi üçün şərait yaradaq. Bu, imkanlardan və mövcud vəziyyətdən asılıdır. Bir də burada maarifləndirmə işləri görülməlidir, təbliğat işləri aparılmalıdır ki, buna maraq olsun”. 

Gedək, xarici ölkədə işləyək?” – Kamran Əsədov dövlət qurumlarının  müdaxilələrinə etiraz etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov da “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirib: “Azərbaycanda məktəblər gündüz və digər ümumtəhsil müəssisələri olmaqla iki yerə ayrılır və onların ümumilikdə sayı 4.436-dır. Bu məktəblərin 3.300-ü və ya 73.73%-i tam orta, 804-ü və ya 17,96%-i ümumi orta, 329-u və ya 7.35%-i isə ibtidai məktəbdir. Digər növ məktəblərin sayı az olub və ümumi çəkidə 1%-ə çatmır. Onlardan 17-si internat tipli məktəblər, 13-ü internat siniflərdir. Axşam, qiyabi məktəblər və siniflərin sayı isə müvafiq olaraq 7 və 6-dır. Azərbaycanda təhsil alan ümumi şagirdlərin sayı 1.583.189 nəfərdir. Ölkənin ümumi orta təhsil müəssisələrində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri istisna olmaqla) 149 386 min müəllim və rəhbər heyət çalışıb.

2021-ci ildə dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 197 milyon manat, 2022-ci ilin  dövlət büdcəsindən isə təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Büdcə layihəsinə əsasən bu vəsaitin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3 milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 015 min 701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Bütün bunlar göstərir ki, dövlət tərəfindən təhsilə çox böyük diqqət və qayğı var və təhsil alanlar üçün heç bir çətinlik olmamalıdır. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunub. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

Bir fakt da məlumdur - bu, xüsusilə kənd rayonlarına aiddir - burada məktəblərdə 9-cu sinfi bitirən şagirdlərin sayı azdır. Bizim kənd rayonlarında elə məktəblərimiz var ki, oradakı 9-cu sinfin sayı cəmi 1-dir. Xeyli məktəbimiz var ki, orada şagirdlərin sayı çox aşağıdır. 5 nəfərdən, 7 nəfərdən ibarət olan 9-cu sinif də var".

Ekspert dünya praktikasını qeyd edərək bildirib ki, ABŞ-da orta məktəbin birinci səviyyəsi ibtidai təhsil “Elementary school” (5 il), ümumi orta təhsil “Middle school” (3 il), tam orta təhsil “High school” (4 il) adlanır: ““Elementary school” səviyyəsində şagirdlərin fərdi istedadlarını inkişaf etdirmək üçün üçüncü sinifdə xüsusi testlər vasitəsilə onları qabiliyyətə görə qruplara bölür, təlim prosesində onların bu və ya digər fənləri öyrənməsinə üstünlük verilir. Bu səviyyədə hətta istedadlı və geridə qalan şagirdlər üçün ayrı siniflər mövcuddur. Bu siniflər  evə verilən tapşırıqların səviyyəsi və fənlərin öyrənilməsi dərinliyi ilə bir-birindən fərqlənir. “Middle school” səviyyəsində riyaziyyat, ingilis dili, təbiət elmləri, sosial elmlər (dünya tarixi də bura daxildir) və bədən tərbiyəsi məcburi fənn kimi tədris edilir. 8-ci sinifdə isə şagirdlərə əlavə olaraq xarici dil, incəsənət və ya texnologiya kimi fənləri seçmək hüququ verilir. “High school” səviyyəsində müstəqillik daha da çoxalır, şagirdlər ali məktəbə qəbul olmaq üçün seçdikləri ixtisasa uyğun aşağıdakı fənlər üzrə əlavə məşğələlərdə iştirak edə bilərlər: xarici dil, kompüter qrafikası və veb-dizayn, informatika, robot texnikası, jurnalistika, kinomotoqrafiya, teatr sənəti və s. Zərurət hiss edənlər və ali məktəbə daha yaxşı hazırlaşmaq məqsədilə “Advanced Placement” adlanan 13-cü sinifdə seçdikləri ixtisasa uyğun fənlər üzrə daha dərin bilik əldə edə bilirlər.

Çox təəssüf ki, kəndlərdə mövcud olan ibtidai, ümumi 9 illik məktəbləri bitirənlər bundan sonra digər kəndlərdə məktəblərə gedirlər. Biz qəbul və buraxılış imtahanlarının nəticələrini təhlil edəndə bu amilin keyfiyyətə bilavasitə təsir göstərdiyini görürük. Belə ki, şagirdlərin digər məktəblərə gedişində davamiyyət problemi olur. Çünki digər kəndlərdə məktəblər uzaq məsafədə yerləşir və qış aylarında avtobus və digər nəqliyyat olmadığı üçün əlçatanlığa təsir edir. Ona görə də hər bir məktəbdə şagird sayından asılı olmayaraq tam orta məktəblər təşkil edilməlidir. Bu, həm təhsilin keyfiyyətinə, həm də əlçatanlığına müsbət təsir göstərər".

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndinin də mövzu ilə bağlı fikirləri diqqət çəkib: “Təəssüflər olsun ki, ölkəmizdə 800-ə yaxın orta təhsil müəssisəsi sırf  doqquz illik təhsil verir. Ümumilikdə isə ölkədə fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin sayı 4447-dir. Əlbəttə, bütün bunlar gələcəkdə həmin şagirdlərin sonrakı təhsillərini davam etdirmələri ilə bağlı müəyyən çətinliklər üzə çıxarır. Bu çətinliklərdən də ən başlıcası ucqar kəndlərdə, rayonlarda məktəblərarası məsafənin çox olmasıdır. Eyni zamanda bəzi regionlarda uşağının sırf 9-cu sinfə qədər təhsil almasını istəyir və növbəti siniflərdə sırf uzaqlıq məsələsini nəzərə alıb övladlarının təhsil almasını dayandırırlar. Bu amillər də ümumi təhsil göstəricilərinə, ümumi əmək bazarında ixtisaslı kadrların hazırlanmasına çətinlik törədir. Yaxşı olardı ki, Təhsil Nazirliyi sırf bu qəbildən olan məktəblərin ərazisində ən azından 11-ci sinfi təşkil edə bilsin. Əgər şagird sayı az olsa belə, tam orta təhsili bərpa etsə, məqsədəuyğundur. 774 məktəbi 9-cu sinif üzrə bitirən şagirdlərin sayı kifayət qədər çoxdur. Bu şagirdlərin təqribən 50-60 faizi təhsilini dayandırmır, yerdə qalan isə  9 illik bazadan orta təhsil müəssisələrinə, yəni kolleclərə üz tuturlar. Yaxud da 9-cu sinfi bitirən şagirdlər digər kənd məktəblərinə yerdəyişmə etməklə təhsillərini davam etdirirlər”.

E.Əfəndi qeyd edib ki, hər bir vətəndaş üçün təhsilin əlçatanlığı təmin olunmalıdır: "Bu prinsipi prioritet kimi götürsək, həmin şagirdlərin təhsillərinin əlçatanlığını təmin etmək üçün demək olar ki, bütün qüvvələri səfərbər etməliyik. Onlar təkcə 9-cu sinfi bitirməklə təhsillərini dayandırmalı deyillər, onlar tam olaraq təhsillərini almalıdırlar. Bu həmin şəxslərin konstitusiya ilə təsbit edilmiş hüquqlarıdır. Hər kəsin təhsil almaq hüququ var. Onlar 10-11-ci sinifdə təhsil almalıdırlar. Sonradan yaranan maneələr aradan qaldırılmalıdır ki, təhsilin davamlılığı təmin olunsun".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR