İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin qapısını turistlərə açanlar – Özbəklərin tanıdıqları həmvətənlərimiz

1928 06.11.2023 09:05 Reportaj A A

“Özbəkistanın mədəni mirası – yeni intibahın əsası” adlanan VII beynəlxalq konqresin işində iştirak edən 10-a yaxın azərbaycanlı nümayəndənin hamsı yekdilliklə təsdiq edər ki, tədbir yüksək səviyyədə hazırlanıb.

Region ölkələrindən, o cümlədən Avropadan gələn yüzlərlə qonaq – mədəniyyət sahələri üzrə mütəxəssislər və jurnalistlər də təşkilatçılıqdan çox məmnundurlar. Onların sırasında bu konqresə artıq 7-ci dəfə qatılanlar var. Bəziləri isə 3-4 ildir ki, ildə bir dəfə yayın sonu, payızın əvvəlində Özbəkistana gəlir, ölkənin tarixi abidələrlə, muzeylərlə zəngin şəhərlərində (Xivə, Nukus, Səmərqənd, Buxara və s.) 4-5 gün boyunca ən lüks otellərdə yaşayır, hər naz-nemətlə təmin olunur, bildiklərini, təcrübələrini bölüşür, başqa ölkələrdən olan həmkarları ilə dostlaşır, əlaqələr yaradır, sonra öz ölkələrinə qayıdır, bu gözəl Asiya ölkələrinin məziyyətlərindən danışırlar. Ona görə də ildən-ilə Özbəkistana gələn turistlərin sayı artır.

Azərbaycan, Qazaxıstan və digər ölkələr də belə tədbirləri tez-tez keçirir, ölkənin tanınması, loru dildə desək, reklamı üçün pul əsirgəmirlər və uzaq perspektivdə mütləq bunun xeyrini görürlər.

Özbəkistan bu cür beynəlxalq konqres və konfransları keçirməyə 7 il öncədən, ölkədə prezident dəyişikliyi olandan sonra başlayıb. Özbəkistanın birinci prezidenti İslam Kərimov ölkəsini qapalı saxlamağı üstün tuturdu. Onun zamanında Özbəkistana gəlib-gedən əcnəbilərin sayı o qədər az olub ki, bəlkə də hazırda 1 ayda bu ölkəni ziyarət edənlərin sayı 10 il ərzində ölkəyə gələnlərdən 10 dəfə çoxdur. Bu dəyişiklik, Şavkat Mirziyayevin prezident seçilməsindən sonra baş verib. Mirziyayev ölkənin qapı-pəncərələrini əcnəbilərin üzünə taybatay açıb. Böyük turizm potensialı olan, hər şəhəri tarixin dərin qatlarından, qədim mədəni mirasdan xəbər verən ölkə artıq digər Şərq ölkələrindən, eləcə də Avropadan gələn turistlərin sevə-sevə ziyarət etdikləri məkana çevrilib.

3382fae3-dc36-4735-abdf-6f31c3e18c70.jpg (102 KB)

Bu məsələdə prezidentin çağırışına ilk səs verənlərdən biri iş adamı, bu yaxınlarda dissertasiya müdafiə edərək alim də olmuş Firdevs Abdulxalıqov olub. “Özbəkistanın mədəni mirası – yeni intibahın əsası” adlı beynəlxalq konqresin sponsoru, təşkilatçısı məhz odur. Bu şəxs konqres başlayandan bitənə qədər tədbirlərdə iştirak edir, qısa çıxışlar edir, az qala hər kəslə ilgilənir, tədbirin bədii hissəsində ölkənin qonaqlarına şəxsən iltifat göstərir. Söz yox ki, bu konqresin təşkili üçün o, öz şirkətlərinin büdcəsindən böyük maliyyə vəsaiti ayırır. Bir neçə yüz qonağın dünyanın müxtəlif ölkələrindən Özbəkistana daşınması, 5 ulduzlu otellərdə yerləşdirilməsi, delikates təamlarla təmin edilməsi, hər halda zarafat iş deyil. Bütün bu xərcləri Abdulxalıqov çəkir və hiss olunur ki, o, bunu Özbəkistanın dünyada tanınması üçün sevə-sevə edir.

1b9d6be2-3eb8-4670-af7f-03d044e7839b.jpg (208 KB)

Dünən konqresin böyük toplantısından sonra iş seksiyalar üzrə də davam etdirildi, azərbaycanlı mütəxəssislər də parlaq çıxışlar etdilər. Ümumiyyətlə, konqresin işində iştirak edən qonaqlar, eləcə də yerli mütəxəssislər vətənimizə, eləcə də həmvətənlərimizə ehtiramla yanaşırlar. Hər kəs Azərbaycandan olduğumuzu biləndə, sözün birbaşa mənasında üzlərində güllər açır. Avropalılar üçün Azərbaycan siyasi baxımdan Avropanın ucqar ölkəsi olsa da, asiyallılar üçün Şərqin qapısı və Avropa ölkəsidır. Hiss olunur ki, heç kəs ölkəmizi tipik üçüncü dünya ölkəsi, Şərq məmləkəti saymır. Ölkəmizdə qonaq olmuş adamlar mütləq çoxlu tərifli sözlər deyir, olmayanlar isə Bakıya gəlməyi çox arzu edirlər.

Ən maraqlı nüanslardan biri odur ki, Orta Asiya ölkələrindən olan və konqresin işində iştirak edən bir çox şəxslər ya Anadolu ləhcəsində, ya da sırf Azərbaycan dilində danışırlar. Bu, bir qədər gözlənilməz idi. Onlar bunu hansı ara öyrəniblər? Söhbət etdikcə məlum olur ki, bu şəxslər Azərbaycanla müəyyən əlaqələri və dostluqları olan şəxslərdir. Onlar ölkəmizdəki həmkarları və dostları ilə o qədər danışıb, yazışıblar ki. artıq anlaşma baryeri sıfırlanıb. Zatən, dillər də bir-birinə yaxındır, on minlərlə identik söz var deyə, qısa müddət ərzində lisan, şivə problemi aradan qalxır.

sultanmurad.JPG (46 KB)

Bu şəxslərdən biri filologiya professoru, vaxtilə prezident İslam Kərimovun çıxışlarının mətnini yazanlardan biri olmuş Sultanmurad Alimdir. O, hələ gəncliyindən bəri Azərbaycanda çox adamı tanıyır, onlarla ünsiyyəti olub. Sultanmurad bəy bu sırada BDU-nun filologiya fakültəsinin dekanı Pənah Xəlilovdan tutmuş müasir alimlərimizə qədər bir xeyli adamın adını çəkdi, xüsusi olaraq, Almaz Ülviyə və Ramiz Əskərə də salam göndərdi. 2004-cü ildə Azərbaycanda olduğunu deyən və ölkəmizi çox sevdiyini bildirən alim həm də Füzulişünasdır. Özbək məktəbliləri üçün 8-ci sinifdə tədris olunan ədəbiyyat fənnində Füzuliyə aid məqaləni o yazıb.

Səmərqəndin etnik-milli tərkibi haqqında danışan Sultanmurad bəy deyir ki, bu şəhərdə taciklər daha çoxdur, amma şəhərətrafı qəsəbələri də nəzərə alsaq, yarı-yarıdır. Bununla belə, hər iki xalq, eləcə də digər etnik azlıqlar can bir qəlbdə yaşayırlar. “Bütün örf və adətlərimiz, musiqimiz, mətbəximiz eynidir. Obrazlı desək, Səmərqənddə yaşayan taciklərlə özbəklər iki dildə danışan bir xalqdır”, - Sultanmurad Alim deyir.

Daha sonra o, erməni-azərbaycanlı münaqişəsi barədə son məlumatları bizdən alır, artıq Qarabağda erməni qalmadığını, daha dəqiqi, çox az qaldığını öyrənincə deyir ki, məgər onlar yüz illərlə birlikdə yaşadıqları xalqın torpağını qoparıb başqa dövlətə qatmaq istəyəndə bunun mütləq qanlı savaşa səbəb olacağını anlamadılarmı. “Birlikdə, mehribancasına yaşamaq olardı axı. Yaxşı ki, Özbəkistanda yaşayan xalqlar belə şeyləri lap əvvəldən anladılar və araqarışdıranların fitvasına getmədilər”, - professor deyir.

Uzun söhbətimizin sonunda Sultanmurad əkədən yaşını soruşuram. Alim Alimin cavabı bizim dildə, lakonik şəkildə belə olur: “Üç ay kəm - yetmiş”.

b4f7c02d-45c4-4703-9101-e834ada23306.jpg (184 KB)

Anadolu və Azərbaycan türkcəsinin qarışığından ibarət olan dildə danışanlardan biri də Dürdanə Rəsulova adlı gənc xanımdır. O, özbəkdir, amma Tacikistanda yaşayır, tələbədir, eyni zamanda jurnalistdir. Dürdanə Azərbaycansevərdir, mahnılarımızı əla bilir, bəzi Azərbaycan yazıçılarının əsərlərini özbəkcəyə çevirib çapa hazırlayır. Və bu qızın cəmi 21 yaşı var. Professor Vaqif Sultanlı ilə köhnədən tanış olan Dürdanə Azərbaycan mahnılarının melodiyasına o qədər gözəl rəqs edirdi ki, bütün salon onun tamaşasına durmuşdu. Bakıda keçirilən hansısa beynəlxalq tədbirə dəvət olunarsa, sevə-sevə gələcəyini deyən Dürdanə türk xalqlarının daha da yaxınlaşması, çulğaşması üçün bu cür tədbirlərin intensiv təşkil edilməsini vacib sayır.

Biz avtobusda oturanda maşının audipleyerində “Arşın mal alan” filmindən mahnı verirdilər. Dürdanə dedi ki, bilirəm, bu mahnını sizin Üzeyir Hacıbəyov yazıb. Dedim, düzdür. Ardınca o, əlavə etdi ki, amma biz Üzeyir Mehdizadəni də çox sevirik, Özbəkistanda və Tacikistanda çox populyardır...

Daha bir yarıməzəli detal: BDU-nun konqresdə iştirak edən professoru Vaqif Sultanlı ilə söhbətimiz zamanı soruşuram ki, biz “əlyazma” deyirik, özbəklər isə “qolyazma”, nədən belədir. Professor izahat verir ki, biz də imza atmağa “qol çəkmək”, nəsə bir işə girişməyə “qol qoymaq” deyirlər, onların da belə deməsi təbiidir. Daha sonra o, əlavə edir ki, ona qalsa, türkmənlər də kimsə vəfat edəndə “aradan çıxdı” deyirlər...

P.S. Çalışaq, heç vaxt heç yerdə aradan tez çıxmayaq...

Xalid Kazımlı, Musavat.com
Səmərqənd, Özbəkistan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR