İnsanlara hürriyət, millətlərə istiqlal!

Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...

706 20.04.2024 09:13 Ölkə A A

Deputatın qadağa çağırışına Eyyub Hüseynovdan reaksiya: “MDB məkanında bu yağa qarşı böyük antireklam aparılır”

Palma yağının zərərli olması, piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olması yeni xəbər deyil. 2000-ci illərin əvvəllərindən etibarən dünya ictimaiyyəti bu məsələyə aid müzakirələrə şahidlik edir. 

Palma yağı 1970-ci illərdən İndoneziya və Malayziyada yemək yağı kimi istifadə olunur. Dünyada palma yağının ən böyük istehsalçı və ixracatçıları da elə İndoneziya və Malayziyadır. Bu iki ölkə birlikdə qlobal palma yağının 80 faizini istehsal edir. Hazırda qlobal bitki yağı istehsalının 33 faizi məhz palma yağıdır. 

2015-ci ildən etibarən palma yağının sənaye istehsalının həcmi digər bitki yağlarından 2,5 dəfə yüksək olmağa başlayıb. Elə həmin ildən etibarən dünyada palma yağının insan orqanizminə mənfi təsirlərinə dair məqalələr, materiallar dünya mətbuatına çıxmaqdadır. Bu materiallardakı əsas iddia palma yağında konseragen maddələrin olması barədədir. 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatının sifarişi ilə aparılan tədqiqatlar zamanı məlum oldu ki, palma yağında hansısa xüsusi konseragen maddə mövcud deyil. Sadəcə, bütün bitki yağları kimi onu da bir neçə dəfə 200 dərəcəyə qədər qızdırdıqda tərkibində dəyişiklik baş verir, konseragen maddələr yaranır. 

2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin palma yağı ilə bağlı tədqiqat apardığına dair məlumat açıqlandı. Həmin məlumatda qeyd olunurdu ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə zərər vurur. Tədqiqat  hesabatının müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə edirdilər. Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər. 

Qida sənayesində biskvitlər, peçenye, dondurma, keks, şokolad və ondan hazırlanan məhsullar, marqarin yağının, xəmirli şirniyyatların istehsalında palma yağından istifadə olunur. Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilir. Bu təkliflə deputat Fəzail Ağamalı parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib. O qeyd edib ki, deyilənə görə, palma yağlarının ərimə temperaturu 37 dərəcədir. “Əgər bu yağlar insan bədənində həll edilmirsə, deməli, palma yağlarının ölkəyə idxal edilməsi qadağan edilməlidir. 

Dövlət Gömrük Komitəsi öz məsuliyyəti çərçivəsində bu məsələləri həll etməlidir. Biz bu qidaların Azərbaycana gətirilməsinin qarşısını ala bilsək, qida təhlükəsizliyi sahəsində inqilabi dəyişikliklər edə bilərik", - deyə o əlavə edib. 

Azərbaycanda bu qanun ləğv edilir - Eyyub Hüseynov açıqladı - Unikal.az

 Eyyub Hüseynov 

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Palma yağı barədə MDB məkanında böyük media basqısı var. Səbəbi də odur ki, palma yağı ən ucuz başa gələn və müsəlman ölkələrində, Malayziyada, İndoneziyada istehsal olunan yağdır. MDB məkanında yağ bazarına girməməsi üçün bununla bağlı təzyiqlər edilir. Beş il öncə istehlakçı hüquqlarını qoruyan təşkilatların dünya konqresində məsələ qaldırdım. Məlum oldu ki, iki cür palma yağı hazırlanır. Dənəsindən qida üçün hazırlanan yağ və gövdəsindən hazırlanan sənaye üçün yağdan söhbət gedir. Qida üçün tam yararlı olan dənəsindən hazırlanan yağ Avropa və digər bazarlarda satılır. İsveçrə kimi ölkələrdə hətta uşaqların qidasına da qatılır. Azərbaycana da idxal olunur. Azərbaycana gətirilən qida yağları şübhəsiz ki, tam standartlara uyğundur və Qida Təhlükəsizliyi Agentliyinin [AQTA] nəzarətindədir, heç bir təhlükəsi yoxdur. Sadəcə, MDB məkanında bu yağa qarşı böyük antireklam aparılır ki, bu bazara daxil olmasın. Təəssüflə qeyd edirəm ki, bütün etiketlərin üzərinə bütün yaxşı və pis xüsusiyyətləri yazılmaqla nə üçün satışda yoxdur. Bu da MDB ölkəsində buna olan təzyiqin nəticəsidir. Yəni bir sıra spred yağları daxil edirlər. Lakin üzərində palma yağı olduğunu yazmırlar, bitki yağı kimi qeyd edirlər. Mən bir ay qabaq AQTA sədrinə rəsmi məktub yazmışam, yağların adını çəkmişəm ki bunların tərkibində hansı bitki yağları varsa, adları yazılsın. Güman edirəm, bu məsələ həll olunacaq. Palma yağı qadağan olunmamalıdır. Əlbəttə, qida üçün olanı istifadə oluna bilər”. 

Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı palma yağı ilə bağlı deyilən müsbət fikirləri inkar edir. Təşkilatın ekspertləri tərəfindən aparılan təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə ürək xəstəliklərinin çoxalmasını müəyyən edib. Həkimlər palma yağını ateroskleroz əmələ gətirən qandakı “pis xolesterini” artırması ilə bağlı məlumatlar veriblər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR