İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdən Bakıya qarşı yeni de-marş - diplomatik əlaqələr qırılarsa...

942 19.04.2024 13:23 Siyasət A A

Fransa siyasi elitasında Makronun radikal davranışları birmənalı qarşılanmayacaq; münasibətlərin kəsilməsinə yönəlik addımlar növbəti şantaj cəhdidir; sabiq xarici işlər nazirindən ilginc açıqlamalar

Fransa Azərbaycana qarşı bu de-marşa da getdi: Bakıdakı səfiri “məsləhətləşmə” adı ilə geri çağırdı. Xəbər verildiyi kimi, onsuz da “xeyrə-şərə yaramayan” səfir Ann Buayon artıq Fransadadır və dərhal da prezident Emmanuel Makron tərəfindən qəbul edilib. 

Bu nə məsləhətləşmələrdir, yəqin ki, aydındır. Yəni əslində hədəf bambaşqadır. Bununla Fransa Qarabağ üzərində öz suverenliyini tam bərpa etmiş Azərbaycanın bölgənin açar ölkəsi kimi müstəqil siyasət yürütməsini hələ də “həzm edə” bilmədiyini, növbəti dəfə və nümayişkaranə şəkildə büruzə verir. 

Olsun. Ancaq Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Sirkə nə qədər tünd olsa, öz qabını” sındırar. Hər halda, erməninin “böyük bacısı” Fransanın bunca pislikləri həmişə özünə qalıb, yenə də belə olacaq. 

Başqa yandan, Azərbaycanın Fransaya elə bir ehtiyacı yoxdur, nəinki Fransanın Azərbaycana. Yəni Paris Güney Qafqazla bağlı Bakıya qat-qat çox möhtacdır, nəinki əksinə. 

Di gəl, Makron Fransası bölgənin açar və vazkeilməz dövləti kimi Azərbaycanla münasibətləri korlamaq, vəziyyətin hazırkı kritik həddə, hətta diplomatik münasibətlərin qırılma nöqtəsinə çatması üçün mümkün olan bütün addımları atıb. Fransa parlamentinin qondarma “arsax”ı tanıması, BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri, Avropa İttifaqında Azərbaycan əleyhinə kampaniya, Avropa Parlamentində ölkəmizə qarşı qətnamələrin qəbulunda aktiv iştirak etməsi, Laçın yolundakı ekoaksiya zamanı “blokada şousu”, Fransadakı səfirliyimizə hücumlara laqeydlik, nəhayət, Ermənistanın Azərbaycana qarşı silahlandıraraq revanşa hazırlanması və Natəvanın heykəlinə məlum vandallıq əməllərini sadalamaq kifayətdir. 

Azərbaycan isə bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Əgər hansısa ölkə bunun əksini edirsə, bu artıq həmin ölkənin problemidir

Bəs belə hallarda qarşı tərəf adətən hansı addımı atır? Yəni Azərbaycan da öz səfirini məsləhətləşmələr üçün geri çağıra, ümumiyyətlə iki ölkə arasında diplomatik əlaqələr minimum səviyyəyə endirilə bilərmi? Fransa səfirinin geri dönməməsi mümkünmü?  

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə digər bir məntiq də mövcuddur: “Məsələn, Fransa xarici siyasətini izləsək görürük ki, onu formalaşdıran bir neçə qurumdur. Onların arasında Prezident Administrasiyasında olan mütəxəssislər, Xarici İşlər Nazirliyi, müxtəlif ekspert qurumları və xarici siyasətin bir hissəsini formalaşdıran parlamentdəki bölmələr var. Son zamanlar bu və ya digər qərarların qəbul olumasında üstünlük daha çox Prezident Administrasiyasındadır. Bunun nəticəsində prezident Emanuel Makronun təkcə Azərbaycana qarşı yox, digər bəzi ölkələrə qarşı da addımları ciddi təniqdlərə səbəb olur. Makronun addımları faktiki olaraq Fransa xarici siyasəti üçün problemlər meydana çıxarır. Mən istisna eləmirəm ki, Azərbaycandakı Fransa səfirinin Parisə çağırılmasının əsas məqsədi bəlkə həqiqətən də məsləhətləşmələr aparmaqdır. Çünki bu və ya digər qərarı qəbul edərkən qeyd etdiyim müxtəlif qurumlar iştirak edir. İndi ola bilsin ki, həmin qurumlar səfirlə hansısa qərarların məsləhətləşməsini həyata keçirmək istəyirlər. Ola bilsin ki, səfirin Azərbaycanla bağlı verilmiş təlimatları həyata keçirə bilməməsi kimi məsələlər var. Buna görə də Parisə çağırılması mümkündür. Bəlkə, Prezident ona hansısa iradları birbaşa çatdırmaq istəyib? Gözləyək görək nəticələr, gedişat necə olacaq.

Amma Makronun dərhal səfiri qəbul etməsi sanki nümayişkaranə şəkildə Bakıya mesaj verməkdir. Mesaj göndərilir ki, əlaqələrin səviyyəsini aşağı sala bilərik".

Sabiq nazir qeyd etdi ki, Azərbaycan tərəfi buna cavab olaraq Parisdəki səfirini Bakıya məsləhətləşmələr üçün çağırsa, bu, gərginliyin bir az da artmasına gətirib çıxaran addım olacaq. Ancaq şübhəsiz ki, Azərbaycanın belə bir cavab addımı atmaq hüququ var: “Mən indiki problemin bütün incəliklərini bilmirəm, lakin hesab edirəm ki, Azərbaycan səfirliyini orada saxlamalıdır. Çünki səfirin fəaliyyəti Azərbaycanın maraqlarının Fransanın siyasi mühitində təbliğ olunması üçün bir vasitədir. Biz bu vasitədən imtina etməməliyik. Əminəm ki, Makronun indi Azərbaycana qarşı həyata keçirdiyi siyasət heç də tam şəkildə Fransa siyasi elitasının hamısı tərəfindən dəstək almır. Həmin dairələr Makrondan fərqli olaraq Azərbaycanla əlaqələrin güclənməsinin tərəfdarıdırlar. Ona görə də hesab edirəm ki, Makronun səfirlə bağlı addımı yeni bir yanlışlıqdır. Burada daha çox hansısa emosional səbəblər əsas kimi götürülüb. Siyasətdə bu cür davranış öz ölkəsi üçün də problemlər meydana gətirir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Fransa-Azərbaycan münasibətlərinin iki istiqamətdən biri üzrə inkişafı perspektivi var: “Birinci variant odur ki, rəsmi Paris Azərbaycan siyasətini korrektə edir, səfirini yenidən Bakıya döndərir və Azərbaycan əleyhinə açıqlamalardan imtina edir. Paris eyni zamanda Ermənistana hərbi texnika göndərməsi qərarına da yenidən baxır. Bu halda Bakı ilə Paris arasındakı münasibətlərdə tədricən normallaşma başlaya bilər, hətta bu məqsədlə iki ölkə diplomatlarının tərtib edə biləcəkləri ”yol xəritəsi"nə ehtiyac yaranacaq. İkinci variant isə Parisin qatı ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirməsidir ki, səfirlərin geri çağrılmasından sonrakı mərhələdə diplomatik münasibətlərə xitam verilir. Bu, iki ölkə arasında iqtisadi və enerji sahəsindəki əlaqələrin də tədricən zəifləməsinə və dondurulmasına yol açacaq. Bu variant heç kim üçün faydalı deyil. Paris münasibətlərin normallaşması üçün addım atmasa, hadisələr ikinci variant üzrə inkişaf edəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR