İnsanlara hürriyət, millətlərə istiqlal!

Parkinq qiymətlərinin artırılması narazılıq yaratdı

835 28.03.2024 11:35 Ölkə A A

Ekspertlər hesab edir ki, qiymətlər baha olsa da... 

Bakıda Azadlıq meydanında və Qış parkında yerləşən yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər artırılır. Musavat.com xəbər verir ki, bu yenilik əhali arasında birmənalı qarşılanmayıb, xeyli müzakirələrə və narazılığa səbəb olub. Qeyd edək ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. Azadlıq meydanında yerləşən yeraltı avtomobil dayanacağında gündəlik tariflər belədir: 0-1 saat - 1 manat; 1-3 saat - 2 manat; 3-6 saat - 3 manat; 6-12 saat - 5 manat; 12-24 saat 10 manat. Aylıq tariflər isə belə olacaq: bir günə 12 saatlıq - 100 manat (əvvəl 50 manat); bütün günü (24 saatlıq) - 140 manat (əvvəl 80 manat); qonşular tarifi - 75 manat. Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi. 

Qış parkının yeraltı avtomobil dayanacağında isə parkinq üçün qiymətlər belə olacaq: gündəlik tariflər aşağıdakı kimi olacaq: 0-2 saat - 1 manat;

2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat. Aylıq tariflər isə belə olacaq: bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);  bütün günü (24 saatlıq) - 120 manat (60 manat); qonşular tarifi - 50 manat (20 manat). Göründüyü kimi, aylıq tariflər 100-170% artıb. Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Elməddin Muradlı: "Bakının nəqliyyat sistemi çökür" | Baki-baku.az

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı öz sosial media hesabında mövzu ilə bağlı bildirib ki, müasir şəhərsalma prinsiplərində, xüsusən də hava limanları, dəmir yolu vağzalları ərazisində parklanma qiymətləri baha olur: “Səbəb odur ki, həmin parkinqlər daim dolu olmasın və hava limanı və vağzallardan istifadə edənlər rahat olmalıdır. İndi oradakı şərait taksilər üçün daha rahat olacaq, müştərini mindirib-düşürüb tez çıxsa ödəniş etməyəcək. Amma qiymət ucuz olanda bütün maşınlar ora dolacaq. Onda da sərnişinlər narazılıq edəcək ki, qatarla adam yola salanda əraziyə girmək olmur, adam qarşılayanda yer tapılmır və sair. Bəs indi nə edək? Yük boşaldıb yük aparan, şəxsi maşından istifadə etməyən insanlar önəmlidir, yoxsa sutkalıq parkinq davası edənlər?

Belə də ki, həmin ərazidən kənarda adi parkinqlər də var normal qiymətə. Azdırsa, çoxaltmaq lazımdır. Əsas odur ki, var". 

qaynarinfo.az

Yasin Mustafayev

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı  “Yeni Müsavat”a qiymətlərin çox baha olduğunu dedi: “Haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Amma burada bir məqama diqqət etmək lazımdır, nə üçün bahalaşır? Atılan addımların səbəbinə baxsaq, məsələyə də aydınlıq gətirmiş olarıq. Təbii ki, burada məqsəd vəsait qazanmaq deyil. Hazırda parkinqlərlə bağlı islahatlar aparılır. Artıq standart tarif paketləri var. Biz şəhər mərkəzinə gedərkən parkinq yerlərinin boş olduğunun şahidi oluruq. Əvvəllər parkinq yerləri müəyyən edilməmişdi. Bir vətəndaş avtomobilini səhərdən axşama kimi bir yerdə park edirdi, axşam da orada çalışanlara 50 qəpik, ya da 1 manat pul verib çıxıb gedirdi. Beləliklə, bütün yerlər zəbt olunurdu. İndi saatı 1 manat olan yerlər 10 saata 10 manat olacaq. Təbii ki, bu, onların büdcəsinə görə deyil. Belə insanlar fikirləşirlər ki, avtomobili daha uzaqda, pulsuz yerdə saxlayım. Bu da yerlərin boşalmasına gətirib çıxarır. Yəni bütün bunları tələb və təklif müəyyənləşdirir. Təklif olunan parkinq yerlərini qiymət müəyyən edir. Təbii ki, onun yerləşdiyi mövqe də buna təsir edən amillərdir. Şəhər mərkəzi daha çox tələb olan yerdir. Ona görə orada bir manatdır. Ətrafa getdikcə daha az tələbat var, həmin ərazilərə daha az tarif müəyyən edilib. Təbii ki, yeni parkinq yerləri açılmalıdır ki, vətəndaş maşınını daha rahat saxlaya bilsin. Hazırda bunu etmək mümkün olmadığına görə bu, qiymət siyasəti ilə tənzimlənir. Əsas məqsəd odur ki, qiymət baha olduqca orada daha az maşın saxlanılacaq”. 

Ekspert: “Ölkəmizdə avtomobil parkının yenilənməsi üçün bir neçə üsul var”  - 30.04.2021, Sputnik Azərbaycan

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, o da parkinq tariflərinin kəskin yüksəlməsindən narazıdır: “Azərbaycanda parklanma yerlərinin qiyməti Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir və tənzimlənməlidir. Amma dayanacaqlarda fərqli qiymət ola bilər, xüsusən də özəl sektorda. Bu gün Bakı şəhərində parklanma yerlərinə tələb kəskin artıb. Bunun da əsas səbəblərindən biri Bakının mərkəzi küçələrində olan parklanma yerlərinin ləğv edilməsi və həmin ərazilərə avtomobillərin daxil edilməsinin qadağan olunmasıdır. Belə olan halda, təbii ki, bir ərazidə parklanma yerləri ləğv edilirsə, digər yerlərdə avtomobil dayanacaqlarına tələb kəskin artır. Çox təəssüf ki, bəzən tələb artdıqda həmin parklanma yerləri və yaxud dayanacaqların da qiyməti kəskin yüksəlir. Vacib bir məqam, parklanma tarifləri dövlətin mövcud sosialyönümlü siyasətinə zidd olmamalıdır. Haradasa parklanma yerlərinin, hansısa küçələrin bağlanması sahibkarlığa da ziyan vurur. Bu məsələlər nəzərə alınmalıdır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də açıqlama yayıb. Qeyd edilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik-4 manat 66 qəpik arasında dəyişir: “Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir. Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR