İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Kreml və Qərbin ortaq hədəfinə çevrilir: İrəvan indi artıq iki düşmən arasında "girov"dur

1964 30.12.2023 15:20 Analitika A A

Əgər, rəsmi İrəvan Rusiya əleyhinə indiki mövqeyini davam etdirərsə, bu, Ermənistan üçün yaxın gələcəkdə hətta dövlətçiliyin itirilməsi ilə belə, nəticələnə bilər... Eyni zamanda, yenidən Rusiyanın orbitinə geri dönmək xəttinin tutulacağı təqdirdə isə Ermənistan ABŞ və Qərbin beynəlxalq məkanda mövcud himayəsindən tamamilə məhrum olacaq...

Cənubi Qafqazda "erməni faktoru" regional sülh prosesini əngəlləməyə cəhd göstərən beynəlxalq siyasi iradə mərkəzlərinin istifadəsində qalmaqda davam edir. Regiondan kənar həmin beynəlxalq güclər Ermənistandan "geopolitik manipulyasiya aləti" kimi yararlanırlar. Rəsmi İrəvanın Qərblə Rusiya arasında davam edən qarşıdurmadan faydalanmaq həvəsi isə Ermənistanın geopolitik poliqona çevrilməsinə münbit şərait yaradır. Və bu baxımdan, hazırda Ermənistan üçün kifayət qədər təhlükəli situasiyanın yaranmaqda olması da qətiyyən təəccüb doğurmur.

Onu da qeyd etmək lazımdır ki, hazırda Paşinyan hakimiyyəti ciddi tərəddüdlər içərisinə düşmüş kimi görünür. Hər halda, rəsmi İrəvanın Rusiya-Qərb qarşıdurması üzərindən apardığı hesablamaların iflasa uğradığını anlamaq çətin deyil. ABŞ və Qərb Ermənistana Paşinyan hakimiyyətinin ümid bəslədiyi təhlükəsizlik təminatını verməyə həvəs göstərmir.

Rusiyanın Ukrayna savaşında məğlub olacağı barədə hesablamalar isə özünü doğrultmur. Əksinə, son aylarda Rusiyanın Ukrayna savaşında təşəbbüsü ələ keçirməsi Ermənistanı Qərbə yaxınlaşdırmaq kursu tutmuş Paşinyan hakimiyyətini narahat edir. Və hazırda rəsmi İrəvan Qərbə "qaçmaq", yaxud Rusiyanın orbitinə geri dönmək variantları arasında qalıb.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Təbii ki, belə situasiya Paşinyan hakimiyyətini çıxılmaz duruma salmaqdadır. Çünki rəsmi İrəvan nə tutduğu rola davam edə, nə də geri çəkilə bilmir. Hər iki variant geopolitik məkanda mövcud olan situasiya baxımından, çox risklidir və ona görə də, Paşinyan hakimiyyətinin son üç ildə yürütdüyü "xaotik xarici siyasət"in dalana dirəndiyini düşünmək mümkündür. Və bu səbəbdən də hazırda rəsmi İrəvan hər ehtimala qarşı kiçik manevrlərlə yaxın vaxtlarda xarici siyasət vektorunun yenidən dəyişdirilməsi üçün "açıq qapı" axtarmaqla məşğuldur.

Maraqlıdır ki, Ermənistanın II Qarabağ savaşında biabırçı məğlubiyyətindən sonra Rusiyanı ən ağır ittihamlarla hədəfə alanların sırasında xüsusi radikallığı ilə seçilmiş parlamentin spikeri Alen Simonyan belə, öz mövqeyinə tədricən düzəliş etməyə çalışır. O, bildirib ki, Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyə mövcud deyil. Onun fikrincə, bəzi ermənilər sadəcə, Rusiyanın yürütdüyü siyasətdən narazıdırlar: "Ancaq bu narazılığı Rusiya əleyhinə əhval-ruhiyyə kimi qəbul etmək doğru olmazdı".

Ola bilsin ki, Alen Simonyan və Paşinyan hakimiyyətinin digər təmsilçiləri özlərini dünyanın ən ağıllı siyasətçiləri hesab edirlər. Ona görə də, Kremlin son aylarda ABŞ və Qərbin Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açması barədə bəyanatlarını xatırlamağa ehtiyac duymur. Rusiya Xarici İşlər Nazirliyinin ABŞ və Qərbin Kremli Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq üçün məhz Ermənistandan istifadə etməyə çalışdığı barədə açıqlamaları da yəqin ki, yox sayılır.

Bütün bunların üzərindən sükutla keçən erməni spiker Ermənistanın hətta KTMT-da fəaliyyət göstərməsi ilə bağlı da problemin olmadığını sübut etməyə cəhd göstərib. Halbuki, ötən ilin sonlarında məhz Alen Simonyan Ermənistanın KTMT-nı tərk etməsinin qaçılmaz addım olduğunu sübuta yetirmişdi. Baş nazir Nikol Paşinyan isə elə həmin ərəfədə KTMT-nın yekun sənədini imzalamaqdan imtina etmişdi. Və indi rəsmi İrəvan yenidən KTMT-nın Ermənistan üçün əhəmiyyətindən danışmağa başlayıb.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Belə anlaşılır ki, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma prioritetlərində müəyyən dəyişikliklər baş verməyə başlayıb. Hər halda, son vaxtlara qədər aktual, hətta vazkeçilməz hesab edilən hədəfləri doğuran səbəblər indi önəmini itirməkdədir. Halbuki, rəsmi İrəvan əsasən iki səbəbdən Ermənistanı Qərbə "qaçırmağa" cəhd göstərirdi. Birincisi Paşinyan hakimiyyəti ABŞ və Qərbin Ermənistana genişmiqyaslı dəstəyinə və yardımlarına nail olmağa can atırdı. Rusiya ilə hərbi və siyasi ittifaq ucbatından isə bu, mümkün deyildi.

Digər önəmli səbəb isə Ermənistanın II Qarabağ savaşında biabırçı məğlubiyyəti ilə birbaşa bağlıydı. Belə ki, Paşinyan hakimiyyətinə Ermənistanın hərbi-siyasi məğlubiyyətinə haqq qazandırmaq üçün erməni toplumunun narazılığına daha asan hədəf ola biləcək günahkar lazımlydı. Belə günahkar obrazına isə II Qarabağ savaşında Ermənistanın əvəzinə Azərbaycanla vuruşmağa həvəs göstərməmiş Rusiya daha uyğun gəlirdi. Ona görə də, rəsmi İrəvan Ermənistanın bütün uğursuzluğunu məhz Rusiya ilə əlaqələndirməklə, Paşinyan hakimiyyətini erməni toplumu qarşısında təmizə çıxartmağa çalışırdı.

Ancaq son vaxtlar yeni situasiya yaranmağa başlayıb. Ona görə də, Paşinyan hakimiyyəti Rusiyaya qarşı ABŞ və Qərbin təlimatlarını icra etmək öhdəliklərinə yenidən baxmaq məğlubiyyətində qalmış kimi görünür. Yəni, rəsmi İrəvan Rusiya əleyhinə ritorikasını və Ermənistanın mövcud xarici siyasət vektorlarını dəyişmək məcburiyyəti ilə üzləşib.

Halbuki, bu, məhz indiki situasiyada o qədər də asan deyil. Çünki Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində israrla və planlı şəkildə Rusiya əleyhinə təbliğat kampaniyası aparıb. Erməni toplumu isə bu propoqandanı artıq çoxdan mənimsəyib. Və bu baxımdan, hesab etmək olar ki, Paşinyan hakimiyyəti öz "xaotik xarici siyasət kursu"nun girovuna çevrilib.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin nəzarəti altında olan erməni siyasi elitası Rusiya ilə hərbi-siyasi ittifaqın Ermənistan üçün təhlükəli olduğuna tam şəkildə əmindir. Erməni siyasi dairələri Rusiyanın Ermənistanı yenidən nəzarətə almaq üçün Azərbaycana dəstək verdiyinə qətiyyən şübhə etmir. Eyni zamanda, hesab olunur ki, Azərbaycan və Ermənistan üçün vacib olan yekun sülh sazişinin qarşısında məhz Rusiya əngəli mövcuddur.

Təbii ki, bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın Rusiya əleyhinə narrativlərini qısa müddətdə dəyişdirib, yeniləməsi qətiyyən mümkün deyil. Çünki buna nail olmaq üçün baş nazir Nikol Paşinyan əvvəlcə öz yaxın ətrafını və siyasi komandasını geopolitik formatlanmaya ehtiyacın yarandığına inandırması lazımdır. Bu haldasa, erməni baş nazir özünüinkar vəziyyətinə düşə biləcəyindən zamana ehtiyac duyulmamış deyil. Halbuki, rəsmi İrəvanın belə bir zamanı yoxdur. Yəni, zaman faktoru Ermənistanın əleyhinə işlədiyindən Paşinyan hakimiyyəti tədricən seytnot durumuna yaxınlaşır.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin Cənubi Qafqaz ətrafında qurmağa çalışdığı "geopolitik tələ"də indi Ermənistanı çabalamağa başlayıb. Əgər, rəsmi İrəvan Rusiya əleyhinə mövqeyini davam etdirərsə, bu, Ermənistan üçün yaxın gələcəkdə hətta dövlətçiliyin itirilməsi ilə belə, nəticələnə bilər. Eyni zamanda, yenidən Rusiyanın orbitinə geri dönmək xəttinin tutulacağı təqdirdə isə Ermənistan ABŞ və Qərbin beynəlxalq məkanda indiki himayəsindən tamamilə məhrum olacaq. Bu baxımdan, Paşinyan hakimiyyəti nəhayət ki, öz avantürist xarici siyasətinin real nəticələri ilə üz-üzə qalıb və hər hansı prinsipial qərarın qəbul olunmasında hələ də tərəddüd edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR