İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Moskvaya gedəcəkmi?..

926 30.04.2024 08:50 Yazarlar A A

Qeyd edək ki, bizim siyasi təhlilçilərin də böyük hissəsinin diqqəti bu tədbirlərə yönəlib, hansılar ki, mayın 7-dən start götürməlidir. Bəli, bizim insanlar Nikol Paşinyana inanmamaqda davam edirlər və hər dəfə belə zənn edirlər ki, erməni baş naziri hansısa hiyləgərlik edəcəkdir. 

Əlbəttə, biz də belə ehtimalları istisna etmirik. Amma çox böyük ehtimalla götürəndə, Paşinyan bu illər ərzində Azərbaycana qarşı hər hansı addım atmayıb - əlbəttə, İkinci Qarabağ savaşını nəzərə almasaq! 

Amma erməni baş naziri də bu müharibənin nətincələrini nəinki qəbul etdi, hətta bu yaxınlarda heç bir savaş və gərginlik olmadan dörd kəndi Azərbaycana qaytardı. Odur ki, biz də Paşinyana qarşı azacıq da olsa, münasibətimizi dəyişməliyik, ən azı ona görə ki, erməni baş naziri hətta öz həmvətənlərinin psixologiyasını da dəyişməyə çalışır, anlayır ki, neçə illərdir davam edən düşmənçilik ermənilərə heç nə verməyəcək. 

Doğrusu, bu yaxınlarda onun öz həmvətənlərinə “Azərbaycanın yaxın olması sizi qorxutmamalı, əksinə, sevindirməlidir!” deməsi bizim də bu adama qarşı münasibətimizi xeyli dəyişdi.

Oxşar hissləri biz əvvəlcə neçə illər bundan əvvəl də keçirmişdik. Bəli, ötən əsrin yetmişinci illərinin sonları idi. Erməni yazıçısı Qrant Motevasyonun bir əsərini oxumuşduq. Bilirsiniz, keçirdiyimiz ilk hiss, təəssürat nə oldu? Sən demə, ermənilər də bütün digər bəşər övladları kimi adi insanlar idi! Bəli, tamamilə adi insanlar - ən adi hisslərin yad olmadığı ən adi insanlar!.. 

Daha sonra, bir neçə illər bundan əvvəl Almaniyanın məşhur kansleri Konrad Adenauer haqqında bir yazı oxumuşduq - sən demə, bu adam təkcə yeni iqtisadiyyat və yeni siyasət yaratmırmış, həm də almanların psixologiyasını dəyişməyə cəhd edir, onları faşizm zəhərindən qurtarmaq üçün almanları digər xalqlarla, hətta slavyanlarla müqayisə edirmiş. 

Əlbəttə, bizim Paşinyanı Adenauerlə müqayisə etmək fikrimiz yoxdur - erməni baş naziri hələ sübut etməlidir ki, o, həqiqətən də Azərbaycan və Türkiyə ilə münasibətləri dəyişməyə çalışır və üstəlik, özü də ən azı bir orta statistik erməni kimi türklərə heyvani münasibət bəsləmir...

Qayıdaq Rusiya məsələsinə. Hazırda Ermənistanda vəziyyət mürəkkəb və gərgin olaraq qalır. Revanşist müxalifət bir tərəfə, kilsə də Paşinyana qarşı acıqlıdır, insanları ona qarşı qaldırmağa çalışır. Amma bizə elə gəlir ki, bütün bunların heç bir nəticəsi olmayacaq. Ermənilərin böyük əksəriyyəti hələ ki Paşinyana dəstək verir. Özü də bu, təkcə onunla bağlı deyil ki, ermənilərin də böyük hissəsi daha müharibə istəmir, həm də belə məqam var ki, Paşinyanın idarəçiliyi dövründə ölkə iqtisadiyyatında ciddi artım müşahidə olunur. Bu artımın da böyük hissəsi Rusiya ilə, Avrasiya İqtisadi Birliyi çərçivəsindəki əməkdaşlıq sayəsində mümkün olub. Sözsüz, Paşinyan bütün bunları nəzərə almaya bilməz - məhz buna görə də o, daim Rusiya ilə iqtisadi əməkdaşlığın qalmasında maraqlı olduğunu bildirir. 

Ermənistan iqtisadiyyatının Avropa İttifaqı ölkələrinə inteqrasiya olunmasından danışmaq fantastik bir hekayə söyləmək kimidir. Odur ki, Paşinyan böyük ehtimalla Moskvaya səfər edəcək və yaxud da ermənilər bu tədbirlərdə hansısa statusda iştirak edəcəklər. Düşünürk ki, Qərb də buna anlaşıqla yanaşacaq, ona ki, o, Ermənistanın bütün yükünü birdən-birə çiyinlərinə götürə bilməz...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR