İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın bölgəsəl yol və kəmər təklifi - növbəti hiylə, yoxsa...

894 28.03.2024 09:40 Siyasət A A

3 ildən artıqdır ki, Ermənistan sülhdən, regional infrastrukturların bərpasından qaçır. Bu gerçəkliyə rəğmən Ermənistanın baş naziri Nikal Paşinyan verdiyi açıqlamalarda özünü sülh və kommunikasiyaların açılmasının “fədakarı” kimi qələmə verir. 

Hansı ki, Ermənistanın və məhz Paşinyanın ortaya iradə qoya, xarici təsir dairələrinin boyunduruğundan xilas ola bilməməsi səbəbindən bu deyilənlər baş tutmur. 

Bir reallığı da qeyd etmək lazımdır ki, son vaxtlar Nikol Paşinyan yenə “fədakar” qiyafəsinə girib. O, Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində bildirib: “Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına yardım Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına əhəmiyyət verirəm. "Dünyanın kəsişməsi" layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru kəmərlərini, elektrik xətlərini və internet- kabelləri nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycanın Naxçıvanından keçir və bu dəmir yolu sovet illərində mövcud olub. Bu, “Dünyanın kəsişməsi” Şimal-Cənub marşrutudur. Həmçinin Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizi ilə, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bundan ötrü Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə daxil olmalıdır. Biz belə qərarlara hazırıq. Üstəlik, bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə bilər. Bu, aşağıdakı şərtlərlə mümkündür:

- Bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır;

- Hər bir ölkə sərhəd və gömrük nəzarətini öz ərazisindəki dövlət qurumları vasitəsilə həyata keçirir və təhlükəsizliyi təmin edir;

- Sözügedən infrastrukturdan həm beynəlxalq, həm də daxili nəqliyyat üçün istifadə oluna bilər;

- Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edir".

İlk baxışda Paşinyanın açıqlamaları “xoş məram” kimi görünə bilər. Ancaq ilk diqqətçəkən budur ki, Nikol imza atdığı 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizindən birmənalı boyun qaçırır. Yol və kəmərlərin birmənalı qonşu dövlət kimi bərpasından danışılırsa, Nikolun təklif etdiyi variant məqbul, yoxsa qəbuledilməzdir? 

İran Azərbaycana qarşı niyə düşmən mövqeyindədir?- “Bunun iki səbəbi var”- Anar Əliyevlə MÜSAHİBƏ - Editor.az

Anar Əliyev: “O, üzdə xoş məram kimi görünə bilən fikirləri ilə əslində daha ciddi və daha təhlükəli məsələlərə yer ayırır”

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, son günlər Ermənistanın baş nazirinin ayrı-ayrı platformalarda açıqlamaları, eyni zamanda Tavuş bölgəsində erməni sakinlərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin nizamlanması, sülh sazişinin imzalanması istiqamətində işlərin irəliləyəcəyi ümidlərini formalaşdırıb. Lakin təəssüf ki, bu çıxışların hər birində yenə də erməni hiyləgərliyi, məkri özünü göstərir: “Məsələn, Nikol Cənubi Qafqazda möhkəm sülhün əldə olunmasında maraqlı olduğunu, bu istiqamətdə zəruri addımları atmağa hazır olduğunu bəyan edib, bunun üzərindən nəqliyyat, kommunikasiya və iqtisadi əlaqələrin qurulması istiqamətində müsbət mövqeyini açıqlayıb. Amma Azərbaycan və Ermənistan üzərindən Şərqlə Qərbin, Şimalla Cənubun birləşməsini özündə əks etdirən nəqliyyat dəhlizindən danışarkən yenə absurd "Dünyanın kəsişməsi" layihəsindən bəhs edib. Çox təəssüf ki, Paşinyan 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini diqqətdən yayındırmağa çalışıb. Hansı ki, 10 noyabr bəyanatına imza atarkən Paşinyan anlayırdı ki, 9-cu bəndlə Ermənistan üzərinə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat kommunikasiya əlaqəsinin qurulması, maneəsiz keçidin təminatı öhdəliyini götürmüş olur. İndi isə Paşinyan nəqliyyat kommunikasiya xətlərinin açılmasına, bu xətlərdən müxtəlif dövlətlərin istifadə imkanlarına toxunmaqla yanaşı, bir neçə şərt irəli sürür. Çox təəssüf ki, bu şərtlər Azərbaycanın maraqlarına uyğun olmayan, eyni zamanda bölgədə davamlı sülhün əldə olunmasına ciddi zərbə vuracaq bir yanaşmadır".

Politoloq qeyd etdi ki, erməni baş nazir bu şərtləri irəli sürməklə rəsmi Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni qəbul etmədiyini bəyan etmiş olur. Eyni zamanda 10 noyabr bəyanatının tələbinə əsasən açılmalı olan Zəngəzur dəhlizinin təhlükəsizliyinin Ermənistanın müvafiq qurumları tərəfindən təmin ediləcəyi ideyasını irəli sürür: “Bu, yoxlamalarsız keçidin təmin edilməsinə qarşı olan ideyadır, həm də 10 noyabr bəyanatının 9-cu bəndi ilə ziddiyyət təşkil edir. Ermənistan bu yanaşma ilə bir gedişlə iki nəticə əldə etməyə nail olmaq istəyir. Bununla İrəvan həm özünün maraqlarını reallaşdırmağa, həm də Fransa başda olmaqla, Qərb havadarlarının bölgəyə daha geniş imkanlar çərçivəsində daxil olmasına şərait yaratmağa çalışır. Bunlar Paşinyanın üzdə xoş görünən fikirlərinin əsl mahiyyətidir. Bunlar onu göstərir ki, "xoş məram"lı fikirləri ilə əslində daha ciddi və daha təhlükəli məsələlərə yer ayırır. Hansı ki, bu təhlükəli məsələlər davamlı sülhün əldə olunmasına yalnız və yalnız maneçilik törədə bilər. Nəticə etibarilə bu, konfrontasiyanın güclənməsinə səbəb olar. Ermənistan bunu dərindən düşünməlidir. Bu mövqe Paşinyanın yanaşmasından daha çox Fransa kimi Qərb havadarlarının sifarişinə bənzəyir. Çünki bölgədə konfrontasiya məhz həmin güclərin maraqlarına xidmət eləyir.  Biz artıq müxtəlif yollarla Ermənistana səbr kasamızın daşmaq üzrə olduğunu və Ermənistanın nazı ilə sonsuza qədər oynamayacağımızı çatdırmışıq.  Ermənistan real sülhün əldə olunması istiqamətində praktiki addımlar atmalıdır".    

Politoloq Yusif Bağırzadə:”Rusiya problemin birdəfəlik həllində maraqlı  deyil”

Yusif Bağırzadə: “Nikolun şərtləri özündə Rusiyanın oyundankənar vəziyyətə salınmasını ehtiva edir”

Politoloq Yusif Bağırzadə isə bildirdi ki, Paşinyanın son müsahibəsində səsləndirdiyi fikirlər onun bir il əvvəl “dünyanın kəsişməsi” adlı layihəni təqdim edərkən dediyi fikirlərdən fərqlənir: “Əgər Paşinyan əvvəl Hindistan, İran, Ermənistan, Gürcüstan vasitəsilə Qara dənizdən keçən və Avropaya nəql edilən kommunikasiya xətlərindən danışırdısa, indi Azərbaycan və Türkiyəni də əhatə edən faktiki olaraq yeni bir layihədən danışır. Paşinyan başa düşüb və ya onu başa salıblar ki, Azərbaycan və Türkiyə olmadan bölgədə hər hansı layihənin reallaşması mümkün deyil. Odur ki, Nikol budəfəki çıxışında "Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Naxçıvandan keçir" deməklə bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə biləcəyinin mesajını verib. Eyni şəkildə Ermənistanın Qərbi Zəngəzur, yəni Sünik bölgəsi vasitəsilə də Naxçıvana və Türkiyəyə tranzit xəttinin açılmasına razı olduğunu bildirib. 

Azərbaycan və Türkiyə bu şəkildə bir layihənin reallaşmasında əslində maraqlı ola bilər. Nəzərə alaq ki, Azərbaycan sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə həm Şimal-Cənub, həm də Qərb-Şərq layihələrini aça biləcəyini İkinci Qarabağ savaşından sonra dəfələrlə bəyan edib. 

Amma Paşinyan haqqında danışılan layihənin reallaşması üçün şərtlər irəli sürür. Biz “bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır” şərtini təbii ki, qəbul edirik və razıyıq ki, beynəlxalq daşımalarda sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi vacibdir. Söhbət Azərbaycanın əsas hissəsindən Naxçıvana və geriyə istiqamətdə daşınan mallar və insanlardan gedirsə, burada hansısa gömrük prosedurlarının həyata keçirilməsi, yoxlama aparılması bizim üçün məqbul deyil. Paşinyanın “Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edir” şərti bu mənada Azərbaycanın əsas hissəsindən Naxçıvana daşınan mallara şamil edilməməlidir. Çünki Ermənistan və layihə iştirakçısı olacaq digər ölkələr haqqında danışılan tranzit yolundan yalnız beynəlxalq nəqliyyat yolu kimi istifadə edəcəyi halda Azərbaycan həmin yoldan faktiki olaraq həm də daxili nəqliyyat yolu kimi istifadə edəcək". 

Politoloqun sözlərinə görə, Paşinyanın şərtləri özündə Rusiyanın oyundankənar vəziyyətə salınmasını ehtiva edir. Bu da Rusiyanın sözügedən layihənin reallaşmasına problemlər yarada biləcəyini ortaya qoyur: “Rusiya 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan bəyanatın 9-cu maddəsinə müvafiq olaraq Azərbaycanın qərb regionları ilə Naxçıvanı birləşdirən kommunikasiya xətlərinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının cavabdeh olmasını istəyir. Odur ki, Paşinyanın "İstənilən region ölkəsinin ərazisindən keçən kommunikasiya xətləri həmin ölkənin yurisdiksiyası altında olmalıdır" bəyanatı həm də üçtərəfli sazişin 9-cu maddəsindən yayınmağa hesablanıb. 

Bizim üçün əslində Zəngəzur dəhlizində Rusiyanın olub-olmamasının elə bir əhəmiyyəti yoxdur. Yetər ki, həmin yolun təhlükəsizliyi təmin olunsun və ən əsası Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yol olaraq dəhliz statusunda olsun. Paşinyanın bununla razılaşması lazımdır. Çünki əks halda “Dünyanın kəsişməsi” layihəsi Azərbaycan və Türkiyənin iştirak etməməsi isə utopiyadan başqa bir şey olmayacaq. Ermənistanın bizdən yan keçəcək infrastruktur layihələrini reallaşdırmaq imkanı yoxdur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR