İnsanlara hürriyət, millətlərə istiqlal!

Peşə təhsilinin köklü problemləri necə həll ediləcək - rəy

534 14.12.2023 13:17 Təhsil A A

“Tələbə təcrübə keçdiyi müddətdə minimum əmək haqqı məbləğində məvacib almalıdır”

Azərbaycanda peşə təhsilindəki köklü problemlərin həlli istiqamətində işlər görülür.

“Report” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı bildirib.

“Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir insanın təhsil həyatında dalan rolunu oynayırdı. Şagird orta məktəbdən məzun olub ya peşə məktəbinə, ya da kollecə gedir. Əvvəl 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb 10-11-ci sinfi bitirməli idi”, - o qeyd edib.

E.Əmrullayev vurğulayıb ki, kadr və peşə hazırlığı uzun müddətdə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir edən amildir: “Bəzən müqayisə edilir ki, sovet dövründə peşə təhsili güclü və yaxşı idi, bəs niyə bərpası mümkün deyil?! Peşə təhsilinin strukturunun müəyyənləşməsi lazımdır”.

Nazir deyib ki, son illər peşə təhsilinə maraq artıb: “Lakin əvvəllər uzun illər ərzində əhalinin böyük hissəsi peşə təhsili almayıb. İl ərzində ölkədə 150 minə yaxın uşaq doğulursa, bunlardan bəlli hissəsi bəlli səbəblərə görə 18 yaşına çatmır. Əvvəlki dövrdə 17-20 min ali, 10-15 min peşə, 15 minə yaxın şəxs isə orta ixtisas təhsilinə yiyələndəyini görürdük. 20 illik dövrdə isə təxminən 3 milyon insanın formal peşə hazırlığı yoxdur. Çox insan görür ki, hər hansı iş üçün diplom elə də önəmli deyil, ona görə də diplom almaq üçün maraq göstərmir”. 

Emin Əmrullayev — Vikipediya

Emin Əmrullayev 

Emin Əmrullayev həmçinin bildirib ki,  peşə hazırlığına yönələnlərin iki dəfə artması müəyyən müddətdən sonra iqtisadiyyata təsirlərini göstərəcək. 

Elm və təhsil nazirinin müavini İdris İsayev hesab edir ki, nəticənin əldə olunması üçün ənənəvi peşə təhsili yanaşmasından kənara çıxılmalıdır. Nazir müavini bildirib ki, bu gün açılan yeni iş yerləri əvvəlkindən fərqlidir: “Burada yüksək texnologiyaların tətbiqindən, əmək məhsuldarlığının yüksək olmasından söhbət gedir. Bugünkü iş yerləri sadə deyil, işçilər də daha müasir bilik və bacarıqlara sahib, eləcə də özəl sektorun tələblərinə cavab verən kadrlardır. Peşə təhsil sistemi də bu kimi çağırışlara hazır olmalı, imkanlardan istifadə etməlidir”. 

O, həmçinin bildirib ki, özəl peşə təhsil müəssisələrinin fəaliyyəti təşviq ediləcək. “Peşə təhsili müəssisələrinin sayının artmasını istəyirlər və bu prosesdə dövlət-özəl tərəfdaşlığına əsaslanan fəaliyyət də nəzərdə tutulub”, - deyə nazir müavini əlavə edib. 

Hazırda Azərbaycanda 98 peşə təhsili müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artıb. Keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.

Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru təyin olunub

Ceyhun Kərəmov 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Yeni Müsavat”a açıqlamasında peşə təhsilinə tələbə qəbulu planının bir neçə qurumla razılaşdırıldığını bildirdi. C.Kərəmov qeyd etdi ki, agentlik planı Elm və Təhsil Nazirliyinə təqdim edir, nazirlik isə öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırır: “Qəbul planı əmək bazarının ehtiyacına, eyni zamanda iqtisadiyyatın inkişaf strategiyasına uyğun olmalıdır. Peşə Təhsili üzrə Dövlət Agentliyi bu istiqamətdə ayrı-ayrı sahələrlə işləyir. Məsələn, turizm sektorunda peşə təhsilinə maraq var. Ən çox qəbul aşpazlıq, dərzi, bərbər-vizajist, manikürçü, mühasib kimi ənənəvi peşələr üzrədir. Qrafik dizayner, kompüterlərin təmiri və s. kimi yeni ixtisaslara da maraq kifayət qədərdir. Tələbata uyğun olaraq regionlarda peşə məktəbləri açılır”.

C.Kərəmov həmçinin tələbələrin iş imkanlarını da şərh edib: “1 il təhsil alan tələbə ən azı 3 ay istehsalat təcrübəsində olmalıdır. Bu, adətən ənənəvi modeldə təhsil ilinin son 3 ayını əhatə edir. Təcrübə ya iş yerində olmalıdır, ya da peşə məktəbinin emalatxanasında təşkil edilir. Şərait bütün məktəblərdə eyni deyil. Biz işləmək imkanını tətbiq edən modeli artırmaq istəyirik. Azərbaycanda ənənəvi alman modeli olan Dual peşə təhsili tətbiq edilir. Bu il 900-ə yaxın tələbəni cəlb etmişik. Tələbə həftədə 3 dəfə məktəbə gedir, 2 gün iş yerində olur. Tələbə təcrübə keçdiyi müddətdə minimum əmək haqqı məbləğində məvacib almalıdır. Təəssüf ki, işəgötürənlərin əksəriyyəti bunu etmir. Bunu nəzərə alaraq yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etmək istəyirik ki, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilsin. Təklifimiz mentora verilən əlavə məbləğin xərc kimi göstərilməsidir. Yaxud da başqa modellər təklif edilməlidir ki, işəgötürənlərin marağı olsun. Əks halda, çətin olacaq. Hazırkı vəziyyətdə işəgötürənlər minimum əmək haqqı ilə işə qəbul həyata keçirmək istəmirlər”.  

Qeyd edək ki, 2022-2023-cü tədris ilində peşə təhsili üzrə Dual Təhsil Proqramının əhatə dairəsinin genişləndirilərək 9 regionda, 15 peşə təhsil müəssisəsində, ümumilikdə 46 qrupda tətbiqi nəzərdə tutulur. Proqrama turizm, ictimai iaşə, kənd təsərrüfatı və sənaye istiqamətində 25 ixtisas üzrə 50-dən çox qabaqcıl işəgötürən müəssisə cəlb olunub.

Dual Təhsil Proqramının tətbiqinin genişləndirilməsində əsas məqsəd müxtəlif sahələrdən olan peşəkarlarla birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlanması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.

Dual Təhsil proqramı tələbənin tədris ili boyunca peşə təhsili müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır. 

Bu gün elm və təhsil naziri Emin Əmrullayev həmçinin bildirib ki, Xankəndidə peşə təhsili müəssisəsi açılacaq: “Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var. Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Azad olunan ərazilərdə 8 peşə təhsil müəssisəsi yenidən qurulacaq. Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR