İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prius”larla vuruşa-vuruşa yaşamaq...

2567 06.05.2024 10:28 Yazarlar A A

 

Son həftələrdə bir vərdişim əmələ gəlib, evdən tərpənib işə çatana və işdən çıxıb evə yetişənə qədər yol boyunca vuruğu, sürtüyü, əziyi, batığı olan maşınları sayıram. Çoxu “Prius”dur. Biz hər gün bu markalı maşınlarla sözün əsl mənasında vuruşa-vuruşa hərəkət edirik.

Bu sayış hesab itənə qədər davam edir. İndi qərara gəlmişəm ki, zədəsiz, salamat olanları sayım. Bu gün işə gələndə birini görmüş, siftə eləmişəm. Maşının durumuna nəzər yetirdikdə aydın bilinirdi ki, adam yola məhz bu gün, ya da dünən çıxıb. Axşam baxarıq, necə olacaq.

Niyə məhz zədəli “prius”lar çoxdur, deyim. Birincisi, onlar çoxdurlar, bu saat şəhərdə hər 10 avtomobildən 5-i “Toyota” konserninin istehsal etdiyi məlum markalı maşınlardır. İkincisi, bu maşınları sürən adamlar olduqca usta sürücülərdir və yol boyunca gözəl manevrlər edirlər, sağdan sola, soldan sağa adlayır, harada boş yer görürlər, ora girirlər, sürət həddi-filan demədən şütüyüb gedirlər – Alonso onlarla yarışa bilməz.

İndi sual çıxacaq ki, onlar belə usta sürücüdürlərsə, nədən maşınları o gündədir. Hamısı vuruq-vuruq, siqnal işıqları qırıq-qırıq, qapıları əzik-əzik, buferləri sürtük-sürtük və s.

Bu sualın ilk cavabı odur ki, gəzən ayağa daş dəyər. “Prius”lar çox gəzir. Onu sürənlər yaşayış, mövcudluq uğrunda amansız mübarizə aparırlar, ona görə elədirlər. Siz heç zədələnməyən futbolçu görmüsünüz? Yoxdur eləsi. Çünki onlar hər həftə oyuna çıxır, mübarizə aparırlar və təbii ki, topuqlarına, dizlərinə, bəzən qasıqlarına, hərdən də bellərinə təpik zərbəsi alır, zədələnirlər. Bu baxımdan zədəsiz futbolçu həmişə yalnız ehtiyat oyunçular skamyasında oturanların arasında olduğu kimi, zədəsiz “Prius” da yalnız qarajda və ya duracaqda ola bilər.

Təbii ki, bu zədələrin hamısı qəza nəticəsidir. Bu da o deməkdir ki, ən azı o qəzaların yarısı maşının salonunda sərnişin olarkən baş verib. Yəni paytaxtın minlərlə sakini təhlükəli vəziyyətə düşüb, qorxub, necə deyərlər, yağı-bağır olublar.

Bu yaxınlarda bir simsar adam danışır ki, toyda bir az içib, ayıq sürücü çağırıb, bir nəfər gəlib, məlum olub ki, adam özü taksi işlədir, amma indilikdə maşını təmirdədir, ona görə də bekar qalmamaq üçün bu işi görür. İçkili qardaş danışır ki, sürücü yol boyunca öz maşınını necə sürürsə, bununkunu da elə sürmək istəyib, maşın sahibi xəbərdarlıq edib, ayıq sürücü narazı sifətlə deyib ki, belə maşın sürmək ləzzət eləmir. Maşın yiyəsi deyib ki, qardaş, eybi yox, qoy ləzzət eləməsin, amma mənzil başına salamat çataq. Arada ayıq sürücü maşının çəkməsindən, yaxşı sürət yığmamasından da narazı qalıb və maşın sahibinə deyib ki, ağsaqqal, sən bununla təhlükəli vəziyyətlərdən necə çıxırsan. Ağsaqqal da cavab verib ki, mən bununla təhlükəli vəziyyətlərə girmirəm, amma bu gün maşın o vəziyyətlərə mənsiz girir.

Gerçəkdən, vəziyyət ağırdır, əlaqədar təşkilatlar taksi firmalarında yoxlamalar, profilaktiki söhbətlər aparmalıdır. Lazım gəlsə, hər taksi firmasına psixoloqlar ayırmalıdırlar ki, bir-birinə oxşayan sürücülər avtomobili normal sürsünlər, öz sərnişinlərinin və digər yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaratmasınlar.

Bu “hamısı bir-birinə oxşayan sürücülər” söhbətini havayıdan yazmıram. İnanmırsınız, özünüz diqqət edin. İstisnalar ola bilər, amma 100 sərnişini danışdırıb taksi sürücülərinin fotorobotunu hazırlayaq, ortaya belə bir şəkil çıxacaq: orta yaş 35, boy 1.70, arıq, saqqalı, cins şalvar, tünd köynək. Hamısı da mütləq ən azı siqaret çəkir.

Bir tərəfə baxanda yaxşıdır ki, bu şəxslərin heç olmasa bu işləri var, bekar qalıb kriminal aləmə yuvarlanmırlar, hər gün bir miqdar pul qazanır, başlarını dolandırırlar. Amma gerçək budur ki, bunların maşınında yol getmək təxminən ZTR-ə minib düşmən səngərinə yaxınlaşmaq kimi bir şeydir, hiss edirsən ki, hər dəqiqə vurula bilərsən.

Bir ara “Niva” sürücüləri beləydi. Digər sürücülər uzaqdan “Niva” gəldiyini görəndə maşınlarını sağa çəkir, yolu boşaldırdılar, “Niva”lar sürüb getsinlər, xətalarını uzaq eləsinlər. Hətta bu xüsusda bir zarafat da vardı, deyirdilər ki, yol kənarında 3-4 adamın “Niva” sürücüsünü döydüyünü görürsənsə, çat, bir-ikisini də sən vur, çünki nəsə bir qələt eləyib.

İndi o xətalı “Niva”ların yerini “Prius”lar alıb. Əlbəttə, bu avtomobil markasında günah yoxdur, günah heç onu kütləvi şəkildə ölkəyə gətirənlərdə də deyil. Günah bu maşınları sadəcə sükan tutmağı, pedal basmağı bacaran, amma olduqca məsuliyyətsiz və intizamsız adamlara verənlərdədir.

Nəticəsi də budur: cəmi 1-2 ay müddətində taksi xidməti göstərən bu maşınların salamat əzası qalmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR