İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulu kim verirsə, müharibəni də, musiqini də o sifariş edir

1755 19.08.2023 16:00 Yazarlar A A

 

ABŞ Zelenskiyə ilyarımda təximinən Azərbaycanın Neft Fondundakı qədər dollar verilib 

Ukrayna Ali Radasının deputatları təcili toplaşaraq Rusiya ilə münaqişənin hər hansı ərazi güzəştləri yolu ilə dayandırılmasının mümkünsüzlüyü barədə qanun layihəsi hazırlayıblar.  Məlumdur ki, NATO baş katibinin aparat rəhbəri Stian Yenssen bir neçə gün əvvəl “Ukrayna ərazilərinin bir hissəsini güzəştə gedəcəyi təqdirdə Şimali Atlantika blokuna qoşula bilər” deyib. 

Ali Rada deputlarının hazırladığı sənəddə isə birmənalı olaraq, ərazi güzəştlərinin mümkünsüzlüyü vurğulanır. NATO rəsmisinin Kiyevin nəbzini yoxlamağa hesablanmış “torpaq əvəzinə, NATO üzvlüyü” təklifindən sonra Kiyevin “öldü var, döndü yox”  mövqeyini qanuniləşdirmək istəyi anlaşılandır. Bundan əvvəl də  Zelenskinin Putinlə danışıqlar masasına oturmayacağını ehtival edən sənəd  qəbul edilib. 

787906.jpg (88 KB)

Ukrayna hakimiyyətinin bu mövqeləri niyə qanuniləşdirdiyi haqda ehtimallar irəli sürmək olar. Birincisi, Ukrayna heç bir halda ərazi güzəşti etməyəcəyini bəyan edir ki, bu da müharibə edən ölkə üçün çox mühümdür. Əgər ərazi güzəştləri təkliflərini hətta müzakirə üçün belə masaya alsan, ağlı başında olan heç bir komandan daha əsgərlərini havayıdan qurban vermək istəməz, əksinə, Prezident və onun komandasına qarşı bəlkə də silahlı üsyana qalxar. Deyər ki, əgər sonunda belə bir güzəştə gedəcəkdinizsə, niyə bu qədər qurban verirdik, bəs indi həlak olanların həyat yoldaşlarına, övladlarına nə cavab verək? 

Kiyevin Putinlə danışıqların yasaqlamasına gəlincə, arqument çox sadədir.  Danışıqlar Putinlə ola bilməz, çünki o aqressordur, Ukrayna ərazininə hücum əmrini verib və s.  Putunlə mümkün masa söhbəti alınarsa,  o zaman da soruşulacaqdı ki, danışıqlara gedəcəkdinizsə, niyə bunu müharibədən əvvəl etmədiz, ölkəni xaraba qoymaq, bu həngamə nəyə lazım idi? 

Kiyev Putinlə danışıqları yasaqladıqdan sonra, indi də müharibənin ərazi güzəştləri hesabına dayandırılacağını rədd edir, bunu qanuna da salır ki, bir daha heç kimin belə  təklif etməyə cəsarəti olmasın. 

O da aydındır ki, hər iki yasağın Rusiyadan daha çox Qərbə yönəlik mesaj xarakteri daşıyır. Ukraynanı masaya oturtmaq, hətta ərazisinin bir hissəsini güzəştə getməyə Qərb ikna edə bilər. Daha bir maraqlı məqam budur ki, Zelenski hər iki mövqeyi qanuniləşdirməklə özünü də təzyiqlərdən sığortalamaq istəyib. Sabah kansler Şoltz, prezident Bayden və ya bir başqası güzəşətlər üçün  Zelenskiyə təzyiqlərə başlayarsa, Kiyev hakimiyyətinin başçısı deputatların qəbul etdiyi qanunlara istinad edəcək. Yəni burada uzanan müharibənin məsuliyyətini də deputatlarla bölüşmək niyyəti var. Zelenski bu qərarlarla həm də Qərbin onu aradan götürmək planlarını da əngəlləməyi hədəfləyib. Çünki Zelenskidən sonra hakimiyyətə gələn olsa, mütləq bu qanunları geri oxutmalıdır, sonra isə özü masaya oturmalıdır. Bu isə istər-istəməz  yeni hakimiyyətə qarşı narazılıq və etimadsız yaradar. Zelenskinin zor-xoş kürsüsündən uzaqlaşdırılmasından sonra onun yerinə gələn(lər) bu qanunlara əməl etməzsə, xain damğasından qaça bilməz.  

ABŞ administrasiyası “ərazi əvəzində NATO üzvlüyü” haqda danışıqlar getdiyi iddialarını təkzib edir.  Yaddan çıxarmayaq ki, Qərb tərəfdaşları Ukrayna hakimiyyətinə bundan əvvəl də bir neçə dəfə ərazi güzəştlərinə razı salmağa çalşıb.    

1831140086_0_321_3071_2048_1920x0_80_0_0_81baac367ec41cf24afb6671161083d0.jpg (418 KB) 

Ukraynanın hələ ki, istənilən uğurla nəticələnməyən, amma davam edən əks-hücumundan sonra Qərbin müxtəlif dairələrindən belə bir əzici təkliflər olacağı gözlənilən idi.  

Bu ərəfədə isə məlum olub ki. Kiyevin F-16 qırıcılarla təmin ediləcəyi üçün daha əngəl qalmayıb. Bundan əvvəl Danimarka və Hollandiya F-16-lartı Ukraynaya təhvil verməsini təsdiqləyib.

Kiyev neçə müddətdir ki, onlara F-16-ların verilməsini və bunun nəticəsində müharibədə ciddi dönüş olacağı vədi verir. 

1692089005_photo_2023-08-15_09-44-31.jpg (347 KB)

F-16-lar ABŞ hərbi-sənaye kompleksinin brendidir. ABŞ isə ehtiyat edir ki, təcrübəsiz ukraynalı pilotlar F-16-ları hədəfə çevirə bilər. Rusiya “Leopard” tanklarını vuran döyüşçüyə 1 milyon rubl mükafat verir və bu səbəbdən ukraynalı tankçılar  hədəf olmamaq üçün bu “dəmir maşın”a  həvəslə oturmurlar. Vaşinqton isə bu təyyarələri  təhvil verməzdən əvvəl pilotların hazırlıq səviyyəsinə təminat almaq istəyir. Pilotun  F-16-larda tapşırıqları yüksək səviyyədə yerinə yetirmək üçün təxminən ilyarım vaxt lazımdır. F-16-lar üçün mühəndis dəstələri də xüsusi əhəmiyyət kəsb edir.  

  ABŞ indiyədək Ukraynaya 44 milyard dollar civarında hərbi silah-sursat, yardım verib. Bu, təxminən Azərbaycanın müstəqillikdən bəri Neft Fondunda yığılan vəsaitdən bir qədər azdır. Astronomik rəqəmdir. Buna rəğmən isə Ukraynaya ərazindən imtina et deyirlərsə, bu da təsadüfi deyil. Pulu kim verirsə, musiqini də o sifariş edir. Zelenski bunu da yasaqlaya bilsə...     

Nazim SABİROĞLU, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR