İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin qəfil “İsti-su”ya gəldi, narahat bəyanatlar verdi-bizə də təhlükə...

5803 19.05.2023 21:57 Yazarlar A A

Rusiyanı parçalanmaqdan qorumaq bizim işimiz deyil, amma bu fəlakət planının bir ucunun bizə də dəyə biləcəyini heç vaxt unutmayaq… 

Rusiya prezidenti Vladimir Putin Şimali Qafqaza- Pyatiqorsk şəhərinə gəlib və məlumatlara görə, bir neçə gün burada qalacaq. Burada videformatda  Millətlərarası Münasibətlər Şurasının toplantısında çıxış edib və bir çox diqqətçəkən bəyanatlar səsləndirib. 

Rusların Qafqazla ilk tanışlığı da bu şəhərdən başlayıb. Pyatiqorskın müalicəvi isti kükürdlü sularını da gərək ki, rus alimi kəşf edib. 1768-ci ildə iki il davam edən Osmanlı-Rusiya müharibəsi türklərin məğlubiyyəti ilə yekunlaşdı. 1774-cü ildə hər iki dövlət arasında Kiçik Qaynarca adlı sülh müqaviləsi bağlandı ki, bir çox ərazilər, müasir Pyatiqorskla birlikdə Rusiyanın təəbəliyinə verildi. (Yeri gəlmişkən, məhz bu müqavilənin şərlərinə görə Rusiya Qara dəniz dövlətinə çevrildi). Ruslar Suvorovun rəhbərliyi altında dərhal burada möhkəmlənməyə başladılar, ərazilərdə hərbi qalalar tikdilər, qoşun yerləşdirdirdilər. Ruslar buranı əvvəl Qoryaçavodsk("İsti Su") adlandırıblar. Şəhərin Pyatiqorsk adlandırılmasına 1829-cu ildə qərar verilib.  

1572637853_0_160_3072_1888_1920x0_80_0_0_44ca22af7d99fe38edd25f6be3dae7c4.jpg (440 KB)

Tarixə qısa ekskursumuz təsadüfi deyil, çünki Putin burada məhz Rusiyada yaşayan xalqlar- millətlərarası münasibətlər haqda geniş danışıb. Rusiya çox üzə vurmasa da, ölkənin ən həssas yerinin çoxmillətli subyektlərinin olduğunun fərqindədir.  Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın xırda subyektlərə parçalanmış  xəritələri geniş yayılıb.  Qərbin beyin mərkəzləri Rusiyaya yalnız onun parçalanması halında qalib gələ biləcəklərini  gizlətmirlər də. Moskva fərqindədir ki, bu cəhdlər yalnız  xəritə üzərində qalmır, görünür, açıqlanmayan kəşfiyyat məlumatları da var. Bunu Putinin səsləndirdiyi bəyanatlarda da görmək olar. 

Rusiya prezidenti deyib ki, “ölkədə xalqların harmoniyasına və  qardaşlığına zərbə vurmaq cəhdləri səngimir”. “Deyirlər ki, Rusiyanı 10-larla kiçik dövlətlərə bölmək lazımdır.  Rəqiblərimiz belə qərara gəliblər ki, Rusiyanın çoxmillətli olması onun zəif nöqtəsidir və bizi parçalamaq üçün hər şey edirlər. Onlar milli icmalar daxilində təxribatlar təşkil edir, müxtəlif ictimai-siyasi birliklər yaradır, Rusiyanın dekolonizasiyasının zəruriliyini həyasızcasına bəyan edirlər” -Putin bildirib.  Rusiya prezidenti deyib ki, ölkənin mədəni, milli müxtəlifliyinin ölkənin zəif tərəfi olduğunu düşünənlər yanılırlar:  “Təbii ki, çoxmillətli xalqımızın min illik tarixində hər bir ailədə olduğu kimi aralarında çəkişmələr və ziddiyyətlər olub. Ancaq min il ərzində tədricən rus xalqlarının ailəsi  mehriban ailəsi formalaşıb”. Prezident “xüsusi hərbi əməliyyatda” Rusiyanın demək olar ki, bütün xalqlarının iştirak etdiyini, yüzdən çox millətin nümayəndəsinin yüksək hərbi mükafatlara layiq görüldüyünü  söyləyib. Prezident Rusiyanı parçalamaq istəyənləri axmaq adlandırıb: “Əslində bu axmaqlar başa düşmürlər ki, bizi güclü edən məhz bu müxtəliflikdir. Təbii ki, biz fərqli insanlarıq və hər birimizin öz sevimli vətənimiz var. Ancaq daş-divarın arxasında hiss etdiyimiz  tək, güclü, nəhəng vətənin adı Rusiyadır”.

e82aa838351ec0a29f31e2d37db14e0e8ba9ea81ba87af7e69b93aae229d.jpeg.png (93 KB)

Putin Polşada qeydiyyatdan keçmiş “Azad Xalqlar Forumu-PostRusiya” forumu haqda da danışıb. “Bu xeyirxahlar harda toplaşıblar? Praqada? Onlara kifayət qədər pul verilir ki, pivə içməyə davam etsinlər.” 

“Azad Xalqlar Forumu-PostRusiya” Rusiyada  qadağan edilmiş təşkilatlar siyahısındadır.  Bu ictimai hərəkat Rusiyada ayrılmaları da daxil olmaqla, regionları üçün daha çox müstəqillik tələb edir. Forum bu yaxınlarda Brüsseldə Avropa Parlamentinin binasında toplantı keçirib. Tədbirdə müstəqil İçkeriyanın yaradılmasının əsas ideoloqlarından olan  Çeçenistanın keçmiş mədəniyyət naziri Əhməd Zakayev,  Şimali İnqriyanın müstəqilliyinin tərəfdarı Maksim Kuzəhmədov, Azad Yakutiya Fondunun nümayəndəsi Raisa Zubareva və başqaları iştirak ediblər... Rusiyada “Şimali İnqriya Respublikası” haqda  az adam eşidib.  İndiki Leninqrad vilayətinin sərhədləri daxilində  cəmi il yarım mövcud olub. Bir neçə fotoşəkil və nadir poçt markalarından başqa, ondan demək olar ki, heç bir iz qalmayıb. İndi yada düşüb ki, Rusiyadan onu da “geri almaq lazımdır...”  

Yadıma təxminən iki il əvvəl Putinin vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şuranın iclası zamanı həmin Şuranın üzvü, rejissor Aleksandr Sokurovla mübahisəsi düşdü. Həmin görüşdə Sokurov çox diqqətçəkən çıxışında demişdi ki, Rusiyanın tərkibində yaşamaq istəməyən xalqların istəklərinə  prezident diqqət yetirməlidir. Qısası, müstəqil yaşamaq istəyirlərsə, onlara bu hüquq tanınmalıdır.  

Putin isə rejissorun çıxışına sərt reaksiya vermişdi. "Siz hardan bilirsiniz ki, kim bizimlə yaşamaq istəyir, kim istəmir? 90-cı illərin qanlı dövrü göstərdi ki, bütün bunlar nə ilə nəticələnə bilər. Bəyəm rus xalqı Rusiya Federasiyasının parçalanmasında və dağılmasında maraqlıdır? Bəyəm belə olsa Rusiya qalacaq? Siz bizi Moskva vilayətinə çevirmək istəyirsiniz?" deyə,  qəzəblənmişdi.  

Screenshot_1.png (381 KB)

Rusiyanın bu məsələdə narahat olması üçün haqlı səbəbləri var. Kimlərsə, Rusiyanı xalqlar koloniyası hesab edirsə, öz işidir, bu qiymətləndirmə ilə şəxsən mən heç vaxt razı olmamışam.  SSRİ tərkibində 15 respublika ilə Rusiyanın tərkibindəki xalqların müstəqilliyi fərqlidir.  O milli subyektlərin müstəqil yaşamaq üçün potensialı ya yoxdur, ya da çox azdır. Məsələn, Çeçenistan bu işdə hamıdan önə düşdü, mübarizə terroradək gedib çıxdı. Sonra hətta qısa müddətdə şəriət qanunları ilə idarəetmə başladı, adamları ilk belə “qərarla” məhkəməsiz-filansız divara dirəyib güllədilər.  İndi xalqların müstəqilliyindən danışanlar Tatarıstanın adını daha çox çəkirlər, “bu respublikanın nefti var, öz gücünə müstəqil yaşaya bilər” və sairə deyirlər. Rusiyanın xırda milli subyektlərə parçalanması ancaq Qərbə nəsə verə bilər, onlar xalqlar koloniyasının nə olduğunu Rusiyadan da yaxşı bilirlər. İstər ingilislər olsun, istər fransızlar... 

Rusiyanın tərkibindən çıxıb o cür müstəqillik  qazananlar  tezliklə kimlərinsə əlində oyuncaq, alət olacaq. Bu cür parçalanmadan ətrafdakı bütün ölkələr kimi biz də əziyyət çəkərik. Rusiyada İslamın tarixinə baxın, bu yaxınlarda hansısa subyektdə neçəsə yüz illiyini qeyd etdilər. Rusiyanın parçalanması bu ölkədə yaşayan türkdilli və tükmənşəli xalqların başına müsibət gətirər.  

Bir çox dairələr vaxtilə Azərbaycan üzərində də bu cür xain separtizm planlar qurduqlarını unutmayaq,  o planlardan hələ də vaz keçməyiblər. Rusiyanı parçalanmaqdan qorumaq bizim işimiz deyil, amma bu fəlakət planının bir ucunun bizə də dəyə biləcəyini heç vaxt unutmayaq…

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR