İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Rusiya Birləşmiş Dövlətinin yarandığını elan edəcək?

4574 16.02.2023 21:58 Yazarlar A A

Rusiya Gürcüstanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndiriləcək o qərarı verərsə, regionda vəziyyət daha da gərginləşəcək, erməni separatizmi daha da “əl-qol” açacaq

Ukrayna müharibəsinin 1 illiyi ərəfəsində həm Qərbdə, həm Rusiyada xüsusi hərəkətlilik müşahidə edilir. ABŞ prezidenti Co Baydenin fevralın 20-də Polşaya səfər edəcəyi gözlənilir. ABŞ prezidentinin Zelenskidən savayı bir neçə ölkə liderinin iştirakı ilə görüş planlaşdırılıdığı haqda informasiyalar var. (Bu konteksdə Ukrayna prezidentinin Prezident Əliyevə və Qazaxıstan liderinə zəng etməsi maraq doğurur. Ola bilsin, hansısa məsələni birbaşa müzakirə etmək zərurəti yaranıb, o səbəbdən Bakıya və Almatıya zəng vacib olub. Hər halda, Polşada görüş ərəfəsi bu zəng barədə düşünməyə dəyər).

Fevralın 21-də isə Rusiya prezidenti Putin Federal Məclisə müraciət edəcək. Prezident Federal Məclisə müraciəti hələ 2022-ci ildə olmalı idi. Amma fevralın 21-də Putinin Rusiyanın “Donetsk və Luqansk xalq respublikalarının” (DXR və LXR) “müstəqilliyini tanıdığını” elan edən müraciəti yayıldı. Fevralın 22-də isə parlamentarilər növbədənkənar iclasda separatçı qurumları “tanımaq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişləri” ratifikasiya etdi. Eyni zamanda, Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verdi. İki gün sonra Putin Ukrayna ərazisinə qoşun yeridildiyini elan etdi...

poslanie_prezidenta.jpg (108 KB)

Rusiya liderinin müharibənin bir illiyi ərəfəsindəki çıxışında həmişə olduğu kimi, sosial sahə, mənzil-kommunal təsərrüfatı, yol tikintisi, tibb, demoqrafiya mövzulardan başqa nələr söyləyəcəyi haqda ən müxtəlif iddialar səslənir, xüsusilə Qərb analitikləri bu mövzuda baş sındırır.

Əksər rusiyalı polittexnoloqun fikrincə, prezident mümkün qədər çox şəhər və qəsəbələri tutmaq üçün bütün cəbhələrdə genişmiqyaslı hücum elan edəcək. Ən cəsarətli versiyalar içərisində xüsusi əməliyyatın statusunun dəyişdirilməsi, ölkədə hərbi vəziyyətin tətbiqi və növbəti səfərbərliyin elan edilməsi də var.

Bir çox versiyalar fonunda xüsusi olaraq diqqətiçəkən biri var: Putin çıxışında Belarusla tam inteqrasiyanı(birləşməni) elan edə bilər. Ekspertlər Belarus prezidenti Lukaşenkonun sabah Moskvaya 4 günlük, yəni fevralın 21-dək səfərdə olacağı bu iddiaların təsdiqi adlandırırlar. Lukaşenkonun səfərə gələcəyi artıq təsdiqlənib. Keçən il Belarus Konstitusiyasına çox mühüm bir düzəliş qəbul edib. Həmin düzəlişlə Belarusun qeyri-nüvə statusu ləğv edilib ki, bu, Rusiya ilə birləşmə prosesində çox mühüm məqamdır. İqtisadi və siyasi inteqrasiya baxımından Rusiya və Belarus birləşsə, Çinin “bir ölkə, iki sistem”, yəni Honq-Konq modeli əsas götürülə bilər. Hətta bu birliyə artıq ad axtarışı da var. Rusiya-Belarus Birlik Dövləti, Rusiya- Belarus Birləşmiş Dövləti adlandırmaq təklifləri səslənir. Ehtimal etmək olar ki, Rusiya və Belarusun birləşmə haqda qərarından Qərb də məlumatlıdır və bu səbəbdən son bir həftədə Qərb ölkələrinin səfirlikləri öz vətəndaşlarına tez bir zamanda hər iki ölkəni tərk etməyi tövsiyə ediblər.

1580114839_f1ff9240-46cf-4ab2-82a6-b92f8fdcd457.jpg (27 KB)

Daha bir versiya Cənubi Osetiya və Abxaziyanın Rusiyanın subyektinə çevriləcəyi haqda qərarın mümkünlüyü haqdadır. Məlumatlara görə, fevralın 22-də Cənubi Osetiya prezidenti Alan Qaqloyev və Abxaziya lideri Aslan Bjaniyanın Putinlə görüşü nəzərdə tutulub. İnteqrasiya, yeni subyektlərin Rusiya Federasiyasının tərkibinə daxil olmasına razılıq verən əsas qurum olan Federasiya Şurasının Putinin çıxışından dərhal sonra, fevralın 22-də iclas təyin etməsi sualları daha da artırıb. Həmin gün Dövlət Duması da toplaşacaq, onların gündəliyi haqda bilgi yoxdur.

Maraqlıdır ki, budəfəki çıxışı ərəfəsi Rusiya prezidenti gözlənilmədən Dövlət Dumasındakı fraksiya liderləri ilə görüşüb. Kremlədən yayılan süjetlərdə yalnız ümumi sözlər efirə verilib, prezidentin onlarla niyə görüşmək zərurəti yarandığının hələ ki, tutarlı izahı yoxdur.
Fevralın 22-də daha bir tədbir də planlaşdırılıb. “Lujniki” də Putinin də iştirak edəcəyi genişmiqyaslı mitinq-konsert keçiriləcək. Stadiona 80 min adam toplaşacağı gözlənilir.

abxaziya-v-c-nubi-osetiya-hec-vaxt-gurcustana-qaytarilmayacaq.jpg (29 KB)

Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesabatında isə o ehtimalı irəli sürür ki, 1 il davam edən müharibədə Rusiyanın parlaq qələbəsi mümkün olmayıb, o səbəbdən Putin ümumi sözlərlə kifayətlənməli olacaq...

Rusiya Gürcüstanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndiriləcək o qərarı verərsə, regionda vəziyyət daha da gərginləşəcək, erməni separatizmi daha da “əl-qol” açacaq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR