İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusunda tədbir keçirilib FOTO

988 28.04.2023 11:42 Texnologiya A A

Azərkosmos və Kosmik Nəsil Məşvərət Şurasının təşkilatçılığı, ADA Universitetinin dəstəyi ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan (SG Azerbaijan)” tədbiri keçirilib. Tədbir “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunub.

Dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” Günü kimi qeyd edilir. Bu əlamətdar gün qızları informasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sektorda rolunun artırılmasına dəstək vermək məqsədini daşıyır.

“Space Generation Azerbaijan” tədbirində əsasən 18-35 yaş qrupuna aid olan tələbələr, gənc mütəxəssis və alimlər, kosmos həvəskarları kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə və vebinarlarda, master-klass və netvörkinqdə iştirak ediblər.

Qadınların STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) kosmik sahə və innovasiyada rolunun gücləndirilməsi haqqında maraqlı panel müzakirələrdə Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları qızlara İKT sahəsinin vacibliyi haqqında tövsiyələrini veriblər.

Tədbirdə, həmçinin iştirakçılar “James Webb” kosmik teleskopunun hazırlanmasına həsr olunmuş master-klasda yeni üsullar öyrəniblər.

Daha sonra iştirakçılar ABŞ-nin aerokosmik şirkəti olan “Axiom Space”in alimi Lusi Lou tərəfindən kosmik stansiyaların yaranması və kommersiyalaşması haqqında və Kosmik Nəsil Məşvərət Şurasının gender bərabərliyi mövzusuna dair vebinarlara qoşulublar.

Tədbirin sonunda ölkəmizin istedadlı gəncləri – fizika və astronomiya üzrə ABŞ-nin Kopernik olimpiadasının qalibi Qəndab Məmmədova, “ActInSpace” beynəlxalq hakatonunun qalibi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Nexus” komandası, “Zəhra kosmosda” platformasının təsisçisi Zəhra İmanova və Azərkosmosun mühəndisi Rövşanə Bəhmənli “Kosmosda gələcək nəsil liderlər” mövzusuna dair çıxış ediblər.

Sonda oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat verilib və iştirakçılar arasında konqresdə iştirak etmək üçün lotereya keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR