İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı Rusiya “sülhməramlıları”nın komandanı dəyişir - davranış da dəyişəcəkmi...

1747 09.09.2021 09:30 Siyasət A A

Rəsmi Moskva general Muradovun əvəzlənməsilə bağlı xəbərləri nə təsdiq, nə təkzib edir; fəaliyyətini ermənilərə xidmətə həsr etmiş rus generaldan ermənilər də narazıdır; deputat: “Ya Azərbaycanın maraqları nəzərə alınmalı, bitərəflik qorunmalı, ya da sülhməramlı missiyanın fəaliyyətinə xitam verilməlidir”

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya “sülhməramlıları”nın komandanı, general Rüstəm Muradov vəzifəsindən getdi. Qarabağın baş terrorçusu Araik Arutyunyanın dostu kimi yaddaşlarda qalacaq Muradov gethagetdə iki erməni hərbçinin Ağdərədə əsir (!) götürülmüş Azərbaycan hərbçisi ilə dəyişdiriməsi prosesinə rəhbərlik etdi.

Düzdür, ermənilər də R.Muradovdan narazılıq edirlər, amma 10 aylıq dönəmə nəzər saldıqda görürük ki, rusiyalı komandan bədnam qonşularımız üçün əlindən gələni edib. Sülhməramlıların bir çox hallarda öz missiyasına zidd davranış sərgiləmələri də göz önündədir.

Virtualaz xatırladıb ki, ötən həftəsonu Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovun öz missiyasını başa vurduğunu elan edib. Xəbər verilmişdi ki, müdafiə naziri Arşak Karapetyan missiyasını başa vurması ilə əlaqədar Rüstəm Muradovu qəbul edib. Lakin Rusiya Müdafiə Nazirliyi bu haqda heç bir şərhlə və ya məlumatla çıxış etmədi. Daha sonra “Sputnik Armenia” agentliyi Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən Rüstəm Muradovu Rusiyanın Abxaziyadakı hərbi bazasının komandiri olmuş general Mixail Kosobokovun əvəz edəcəyi haqda məlumat yaydı. Yenə də Rusiya Müdafiə Nazirliyinin bununla bağlı hər hansı şərhinə rast gəlinmədi. Bəs nədən Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanının rotasiyası barədə xəbərləri Ermənistandan yayırlar? Rusiya Müdafiə Nazirliyi niyə bu haqda heç nə demir? Haqqin.az saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti idarəsinə sorğu göndərib, amma bu sorğuya cavab verilməyib.

KİV-in yazdığına görə, onu Daşkənd doğumlu general-mayor Aleksey Avdeyev və ya general-mayor Mixail Kosobokov əvəzləyə bilər. Kosobokov Rusiya Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib. Ancaq önəmlisi Muradovu kimin əvəzləyəcəyi deyil. Odur ki, Azərbaycanın həm cəmiyyətində, həm də hakimiyyətində rus hərbi kontingentinin 10 aylıq fəaliyyəti ilə bağlı ciddi narazılıq var. Narazılıq hətta ölkənin birinci şəxsi səviyyəsində dilə də gətirilib. Bu, həmçinin onunla bağlıdır ki, “sülhməramlıların” statusu tam dəqiqləşməyib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bugünlərdə “Haber Global”a verdiyi müsahibədə deyib ki, səlahiyyətlərin konkretləşməsi ilə bağlı Bakı və Moskva arasında danışıqlar davam edir. Bu danışıqlar uğurla nəticələnə, yəni Azərbaycanın maraqları nəzərə alınmaqla yekunlaşa bilərmi? Ən əsası, “sülhməramlıların” komandanını dəyişməsi ilə davranışı da dəyişəcəkmi?

Ceyhun Məmmədov medalla təltif edilib

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, şəxslərin dəyişməsi dövlətin siyasətinin dəyişməsi anlamına gəlmir: “Həm Rüstəm Muradov, həm də onun xələfləri dövlətin müəyyənləşdirdiyi siyasəti həyata keçirirlər. Rusiya dövləti siyasətini dəyişməlidir. Sülhməramlı missiyanın bu baxımdan fəaliyyətinə yenidən baxmalı, açıq məsələlərə tam aydınlıq gətirilməlidir. Hazırda Azərbaycan tərəfi Rusiya sülhməramlılarının fəaliyyətindən haqlı olaraq narazıdır. Bu məsələ ilə bağlı ölkə rəhbərliyi də öz münasibətini bildirib. Bu gün sülhməramlıların bitərəf olmadığı, daha çox ermənilərə dəstək olduğu, yerləşdikləri ərazilərdən Azərbaycana atəş açılmasına göz yumduqlarının şahidi oluruq”. C.Məmmədov qeyd etdi ki, bu missiyanın əsas məqsədi bölgəyə sülh gətirmək, xalqlar arasında etimadı təmin etmək olmalıdır: “Biz bu missiyanın gah su daşıdığını, gah da ermənilərin məişət qayğılarının həllinə çalışdığını görürük. Ona görə erməni tərəfi onların fəaliyyətindən çox razıdır. Belə olduğu təqdirdə ”sülhməramlıların" statusunun tam dəqiqləşməsi və səlahiyyətlərinin konkretləşməsi zərurəti aktuallığını qoruyur. Ya Azərbaycanın maraqları nəzərə alınmalı, bitərəflik qorunmalı, ya da sülhməramlı missiyanın fəaliyyətinə xitam verilməlidir".

Oxu.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan hərbçi Üzeyir Cəfərovun fikrincə, Rusiya sülhməramlıların komandanının kim olması heç bir halda Qarabağdakı kontingentlərinin fəaliyyətinə təsir etməyəcək: “Çünki o qüvvələr tabe olduqları Cənub Federal Hərbi Dairəsinin mənzil qərargahı yerləşən Rostovdan və Moskvadan tapşırıqlar, göstərişlər alırlar. Ona görə də bu gün Rusiya dövlətinin idarəçiliyində 3 nəfər konkret şəxs ölkələrinin bütün sahələrini idarə edirlər. Putin-Lavrov və Şoyqu ”trio"su hansı qərarları verirlərsə, o şəkildə də Rusiya Federasiyası idarə olunur. Ona görə də istər Rustəm Muradov olsun, istərsə də onun yerinə gələn yeni generallardan biri, heç bir halda qoyulan cizgidən zərrə qədər də kənara çıxa bilmirlər və çıxmayacaqlar". Polkovnik Cəfərov digər məqama diqqət çəkdi: “Baxın, görün Rusiya kimi nəhəng dövlətin sülhyaratma missiyasının komandiri olmuş general-leytenant, Rusiyanın qəhrəmanı Rüstəm Muradov elə ikinci və üçüncü dərəcəli işlərlə məşğul olurdu ki, adam söz tapmırdı bunu ifadə etməyə. Nə vaxtdan beynəlxalq qurumların əsirlərlə, girovlarla və bu qəbildən olan insanlarla işlərini hərbçi yerinə yetirib? Heç vaxt belə rəzil və gülünc mənzərə olmamışdı. Ona görə də Rusiya siyasi-hərbi rəhbərliyi bilərəkdən hansı iş gəldisə, sülhməramlılara gördürürdülər, əsas işlərindən başqa. Axırda da sülhməramlılar arasında əyyaşlıq, əxlaqsızlıq, tərbiyəsizliklər baş alıb gedirdi. Faktiki olaraq Rustəm Muradov tutduğu vəzifədən rüsvaycasına qovulub. Rusiya Federasiyasının dünyanın ayrı-ayrı bölgələrində ”sülhyaratma missiya" ilə məşğul olan xeyli əsgər və zabitləri var. Amma Qarabağdakı kimi bərbad və rəzil bir missiya olmamışdı və yəqin ki, olmayacaq".

Ü.Cəfərov bildirdi ki, sülhməramlılar əvvəl 10 noyabr 2020-ci il bəyannaməsində göstərilən müddəaları yerinə yetirsinlər, sonra hansısa digər məsələlərə baş vurmaq olar: “İndi onlar özlərini çox ”ağıllı və bic" göstərmək üçün müxtəlif təzyiq üsullarına əl atmağa çalışırlar. Azərbaycan dövləti də onları məcbur etməlidir ki, üzərilərinə götürdükləri missiyanı olduğu kimi vicdanla, vicdansızcasına deyil, məhz vicdanla yerinə yetirsinlər. Onlar regiona Azərbaycan tərəfdən dəvət olunub və ilk növbədə ölkəmizin milli maraqları təmin olunmalıdır və ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa olunmalıdır".

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Qafar Çaxmaqlı

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlının sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanının dəyişməsi Rusiyanın siyasətini dəyişdirməyəcək: “Rusiya buraya öz hərbi qüvvələrini yeritməklə regiona nəzarəti həyata keçirmək siyasətini tətbiq edir. Onların missiyası burada möhkəmlənməkdir. Keçən 10 ay ərzində o, bunu etməklə məşğul olub, 1960 personal əvəzinə, onun iki qatını yerləşdirib və Azərbaycanın maraqlarına uyğun olmayan fəaliyyət göstərməkdədir. Azərbaycanı narazı salan bir sıra hərəkətləri də göstərir ki, Rusiya bizim torpaqlarda bizimlə hesablaşmır. Heç Ermənistanla da hesablaşmır. Rusiyanın sülhməramlı mandatını hələ də təsdiq etməməyimiz də göstərir ki, onların missiyası 10 noyabr 2020-də imzalanmış razılaşmaya uyğun deyil. Ermənistandan əlini-qolunu sallayıb istənilən şəxs Qarabağa gəlib gedir, təxribatçılıq fəaliyyəti üçün imkanlar yaradılır, erməni silahlı birləşmələri Qarabağın ərazisindən təmizlənmir, Xankəndi və digər yerlərdə Azərbaycanın suveren haqları təmin edilmir, onların gözü qarşısında Azərbaycanın mövqeləri atəşə tutulur”.

Q.Çaxmaqlı da əmindir ki, Muradovun gedişi ilə bunun dəyişəcəyi inandırıcı deyil: “Rusiya sühməramlılarının mandatı ilə bağlı qeyri-müəyyənliyin hökm sürməsi Azərbaycanın müəyyən tələblər irəli sürməsinə imkan vermir. 10 aydır ki, onların mandatının müəyyənləşməsi yubadılır. Belə bir durumda Azərbaycanın adekvat tədbirlərə əl atması mümkündür. Azərbaycan bölgədə Türkiyənin hərbi varlığını təmin edən tədbirlər görməlidir. Hansısa etapda Türkiyə dəvət oluna və bu regionda hərbi bazasının qurulmasına çalışılmalıdır. İndiki halda yalnız bu yolla Rusiya hərbi kontingentinin rolunu azaltmaq mümkündür”.

Akif Nağı — Vikipediya

 Akif Nağı 

Sülhməramlıların fəaliyyətinə hər zaman tənqidi yanaşan QAT sədri Akif Nağı da tam əmindir ki, kontingentin komandanının əvəzlənməsi heç nəyi dəyişməyəcək: “Komandan kim olur-olsun, o, Rusiyanın siyasətini həyata keçirəcək. Muradov həm Rusiyanın siyasətini həyata keçirirdi, həm də şəxsi keyfiyyətlərinə görə anti-Azərbaycan mövqeyində idi. Ermənilərlə isti münasibətlər qurmağa, onların işinə yarmağa çalışırdı. Yeni gələn də eyni dövlət siyasətini davam etdirəcək. Rusiya isə getdikcə daha açıq şəkildə öz maraqlarını yeritmək istəyəcək. Yeni komandanın da qarşısına məhz bu vəzifə qoyulacaq. Yeni gələnin daha obyektiv olacağına ümid etməyə dəyməz”. A.Nağının sözlərinə görə, biz Rusiyanın dövlət rəhbərliyinin mövqeyinin dəyişməsinə nail olmalıyıq: “Bunun üçün Türkiyə ilə birlikdə Rusiya qarşısında sərt tələblər qoymalıyıq. Rusiya əvvəlcə sülhməramlıların sayının  razılaşdırılan rəqəmdən nə üçün bir neçə dəfə artdığı ilə bağlı izahat verməli, sülhməramlıların sayını azaltmalıdır! Həmçinin Rusiya Azərbaycan tərəfinin sülhməramlılarla birlikdə məsuliyyəti bölüşməsinə razılıq verməlidir. Əks halda, bölgədə Türkiyə hərbi kontingenti artırılmalı, ruslarla balans vəziyyətinə gətirilməlidir. Azərbaycan Rusiya ilə danışıqlarında məhz bu mövqedən çıxış etməlidir”.

Göründüyü kimi, ekspertlərimizin heç birinin Rusiya sülhməramlılarına etimadı qalmayıb. Həmçinin kontingentin bundan sonrakı rəhbərinin də müsbətə doğru hansısa mövqe ortaya qoyacağına inam yoxdur, çünki missiya özünü doğrultmayıb. Belə olduğu halda sülhməramlıların bundan sonra daha 4 il 2 ay qalacağına, daha doğrusu, Azərbaycan dövlətinin və xalqının buna razılaşacağına kimsə təminat verə bilməz. Bu mənada Prezident köməkçisi Hikmət Hacıyevin sülhməramlıların statusu ilə bağlı müzakirələrin getdiyi barədə açıqlaması da rəsmi Bakının məsələyə nə dərəcədə həssas yanaşdığını deməyə əsas yaradır. Kreml heç şübhəsiz burada möhkəmlənmək istəyir, amma 30 illik müstəqillik tarixini qeyd etməyə hazırlaşan Azərbaycan göz görəsi özünün maraqlarını qurban verə bilməz.  

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR