İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan getmək istəyən ermənilərə sözüm...

4530 25.09.2023 09:14 Yazarlar A A

 

İnternetin erməni seqmentində Xankəndi və ətrafında “qaçqın” şəkillərinə baxıram, amma heç nə hiss etmirəm- Niyə belədir?

 

35 il əvvəl ermənilər Qarabağda iki millətin taleyində sağalmaz yaralar buraxacaq “miatsum” hərəkatını başlayanda, daha sonra bu torpaqların əzəli sahiblərinin evlərini yandırıb, girov götürüb, öldürüb,  sonda da silah gücünə didərgin salanda nə Allah yadlarına düşdü, nə insanlıq. Qaçqınlığın bütün məhrumiyyətlərini yaşamış biri kimi baş verənləri kino lenti kimi indi geri fırlayanda sümüklərim belə sızıldayır...

Bütöv bir nəslin faciəsi... Xankəndindən qovulan, həyatı boyu birinin qəlbini belə qırmamış Mehparə xalamı Oğuzun hansısa bir ucqar kəndində qərib məzarlığında dəfni o lentdə sadəcə, kiçik bir epizoddur. Ölkənin dörd bir tərəfində var o qaçqın məzarlığından. 

Bələkdə anaların qucağında çıxan uşaqlar çadırlarda, yataqxana künclərində niyə yarıac-yarıtox böyüməli idi ki? Onların günahı nəydi? Məhrumiyyətləri heç demirəm, onları unutmaq istəyirəm, sadəcə, unutmaq!

Şuşa üç ilə yaxındır azaddır, Mirzə Həsən qəbiristanlığında atamızın məzarını axtarırıq, amma tapmırıq, hamı bu dərdədir, bəs o ölülərin suçu nəydi? Qonşusunun öz yurdundan didərgin düşməsindən bəlkə də hansısa erməninin ürəyi sızladı... Amma belələrinin sayları barmaqla sayılacaq qədər olardı.  Əksəriyyəti düşündülər ki, indi həyətləri daha geniş olar, hər il gedib qonşunun yiyəsiz qalmış ağaclarının məhsulunu yığıb yeyərlər, torpağını  əkib-becərib, öz uşaqlarının qarnını doyurarlar, azərbaycanlılar cəhənnəmə ki... Cəhənnəm kimi  həyata göndərdilər yüz minlərlə insanı, qocanı, körpəni...İndi sıra sizdə demək istəyərdim, amma sizin Qarabağda torpağınız heç olmadı ki...    

Bu vəziyyətin əbədi olaraq davam edəcəyinə  o qədər arxayın idilər ki... Siyasi liderləri danışıqlarda özlərini darı yemiş donuz kimi aparırdılar, qulaqları heç nə eşitmirdi, “biz qalibik, bizim şərtlərimizə əməl edəcəksiniz” deyirdilər. Xankəndidən Xudafərinədək ərazilərə sahiblənmişdilər. Bəzi əraziləri o şərtlə qaytarmağa razılaşırdılar ki, Qarabağın dağlıq hissəsinə daha gözümüzün ucu ilə də baxmayaq. “Erməni arxayın deyildi, ona görə o torpaqlarda evlər tikmirdilər” deyirlər. Palavra, həm də özümüzü aldatmaq idi bu. Xankəndi və ətrafı onlara zatən bəs idi, sayları nə qədər idi ki?  Bizə zülm, gözdağı üçün o torpaqları daha 50 ildə o vəziyyətdə saxlamaq istəyirdilər ki, təki biz qayıtmayaq, təki onlar rahat yaşasın, tək və təki onlar... 

İndi internetin erməni seqmentində Xankəndi və ətrafında  “qaçqın” şəkillərinə baxıram, amma heç nə hiss etmirəm. Belə hallar insanda tək-tək hallarda olur. Niyə belədir? Yenə günahkar onlardır, ürəyimizi daşa döndərən bu rəhmsiz millətin bizə etdikləridir.

Biz heç kimi torpaqlarımızdan qovmuruq. Bizim millət olaraq xarekterimizdə belə pislik yoxdur.  Ona görə bütün millətlər Azərbaycanda rahat yaşayır, işləyir, vəzifə tutur. Ermənilər də belə idi. Respublikanın əksər yerlərində ən bərəkətli torpaqlarda, ən yaxşı evlərdə yaşayırdılar, yaxşı vəzifələrdə işləyirdilər. Bunun qarşılığında bizə, dövlətə elə bir pislik etdilər ki, onun nə əfvi var, nə “amnistiyası”...  

Qarabağdakı vəziyyəti köklü olaraq dəyişən son antiterror tədbirlərindən sonra ermənilərin əksəriyyətinin köçüb gedəcəyi haqda çox xəbərlər var. Azərbaycan heç kimi zorla evindən çıxarmır, amma silahlı terrorçuları torpağından təmizləyir. Onların Qarabağın hüdudlarını tərk etməsi dövlətin əsas şərtlərindən biridir. Sadə ermənilərə- hansı ki, Azərbaycanın vətəndaşı olaraq qalmaq istəyirlər-  dövlətin vədi bəllidir. Qarabağın digər ərazilərində azərbaycanlılar necə yaşayırlarsa, onlar da elə şərait yaradılacaq.

Kim ki, Azərbaycan dövlətinin ərazisində yaşamaq istəmirsə, bu onun öz seçimidir. Heç kimi zorla burada saxlayıb, bizimlə yaşa demək fikrimiz yoxdur. Gedirlərsə, getsinlər.  Amma həqiqətən də günahsız uşaqlarınıza heç olmasa indi həqiqəti deyin. Deyin ki, onlar təmsilçisi olduğu millətin xəstə təfəkkürünü, qəddarlığının, rəhmsizliyinin qurbanlarıdır.  Heç olmasa indi düzünü deyin!     

Qarabağdan deyəsən, lap çoxdan qaçmış  “keçmiş nazir” David Babayan deyib ki, “xalqımız Azərbaycanın bir parçası kimi yaşamaq istəmir,  doxsan doqquz faizi” getməyə üstünlük verir. “Reuters” isə hələ də səsi gələn xunta rejiminə istinadən xəbər verib ki, “120 min etnik erməninin əksəriyyəti Azərbaycanın tərkibində yaşamaq istəmədikləri üçün evlərini tərk edəcəklər”.

Laçın postunda gedənlərin siyahısı var, dövlət lazım bildiyi vaxt da onu da tam açıqlayacaq və bu 120 min  yalanı bir daha ifşa olunacaq. Fakt budur ki, İkinci Qarabağ müharibəsi başlayanadək Xankəndi və ətrafında 50-60 min civarında erməni yaşayıb. Müharibədən sonra bəziləri qayıtmadılar və ya köçüb getdilər. İndi təxminlər torpaqlarımızda 30-35 min arası ermənin olduğunu deyir. Paşinyan siyasi tülküdür, elə-belə demir ki, Ermənistan 40 min ermənini qəbul etməyə hazırdır. 120 mindən cəmi 40 min? Ermənistan 40 min erməni qəbul etməyə hazırdırsa, demək Xankəndi və ətrafını tamamən Ermənistana köçürür. Bunların hamısı rəqəmlərə manipulyasiyadır. Bunu qarşıdakı aylarda çox eşidəcəyik. “Human Rights Watch”un Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini Tanya Lokşinanın Rusiya mediasına müsahibəsində deyib ki, Azərbaycan Qarabağda vəziyyəti tam nəzarətə aldığı üçün “regiondan köçmək istədikləri halda onları tərk etmək azadlığı təmin etməyə borcludur”.   

Dövlət özü bilər, mən hamısının getməsini istəyərdim. Amma dövlətin vətəndaşlıq şərtlərini qəbul edənlərə də müharibə edəsi deyilik. Təhlükəsizliklərinə Azərbaycan dövləti təminat verir.

    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR