İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Putin üçün Beynəlxalq Tribunal qurur?..

692 09.04.2024 11:16 Yazarlar A A

Çoxdandır ki, Qərblə Rusiya arasındakı qarşıdurma belə kontrastlı olmamışdı - hazırda iki geosiyasi düşərgə arasındakı cəbhə xətti Ukrayna sərhədlərindən kənara çıxıb. 

Onun izlərini nəinki Yaxın Şərqdə, uzaq və isti Afrikada, Mərkəzi Asiyada, hətta dağlar arxasındakı Cənubi Qafqazlarda da görmək mümkündür. Bəli, ötən həftənin sonlarında baş tutan aprel görüşünü ABŞ və Avropa İttifaqı təmsilçiləri nə qədər qeyri-geosiyasi tədbir kimi qələmə verməyə çalışsalar da əslində belə deyildi, - Aİ təmsilçisinin sözlərindən belə anlaşıldı ki, Brüssel İrəvanı da Tiflisin yedəyinə qoşmağa hazırlaşır ki, bu ölkəni də gələcəkdə öz orbitinə cəlb edə bilsin. 

Görüş ərəfəsində təşkilatçılar Bakını inandırmağa çalışdılar ki, o, hərbi və təhlükəsizlik xarakteri daşımayacaqdır. Açıqlamalarda və ya bəyanatlarda bunu təkzib edən hər hansı əlamət və yaxud da işarə olmadı. Amma belə ehtimal irəli sürüldü ki, görüşün böyük hissəsi KİV-lər üçün məxfi keçirilib. Amma biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da açıqlamalarına diqqət etdik. O da təsdiqləyirdi ki, aprelin 5-də baş tutan üçtərəfli aprel görüşündə hərbi və ya təhlükəsizlik xarakterli hər hansı məsələ müzakirə olunmayıb və xüsusən də hər hansı bir sənəd imzalanmayıb... 

Olsun. “İnandıq”. Amma aprel görüşü başlayandan atəşkəs rejiminin pozulması aramsız xarakter alıbdı və bu günlərdə bu hallar maksimum həddə çatıbdı. Əlbəttə, bütün bunları başqa cür də yozmaq olar. 

Məsələ bundadır ki, azacıq dəstək görən kimi ermənilər dərhal həvəslənir və tətiyi çəkirlər - bu otuz ildə biz buna bir növ alışmışıq. Amma burada başqa məqamlar da var. 

Birincisi, erməni terror təşkilatlarının maliyyələşdirilməsi haqda xəbərlər gəlir. İkincisi, İrandan, hətta Hindistandan Ermənistana silah, hətta canlı qüvvə daşınması haqqında məlumtlar daxil olur. Bütün bunları nəzərə almamaq mümkündürmü? Əlbəttə ki, yox. Hətta aprel görüşündə Ermənistana vəd olunan təxminən 350 milyon dollarlıq yardımın da ermənilər tərəfindən silah-sursata sərf ediləcəyi istisna olunmur - baxmayaraq ki, bu yardım üç-dörd ilə ödəniləcək və belə götürəndə bir ilə düşən məbləğ elə də böyük deyildir...

Qərəz, Rusiya-Qərb qarşıdurmasından başladığımız yazını tez bir zamanda Ermənistana istiqamətləndirdik. Əlbəttə, bu, bir qədər mübahisəli görünə bilər və biz də bununla razıyıq, çünki ermənilərin etdiklərinin və yaxud da etmək istədiklərinin hamısını Qərbin adına yazmaq olmaz. Amma o da var ki, son vaxtlar fransız casuslarının sorağı nəinki Azərbaycan-Ermənistan sərhədindən, hətta Bakıdan gəlir...

Qayıdaq bilavasitə Rusiya-Qərb qarşıdurmasına. Aprel görüşünə Rusiyanın müvafiq strukturları istisnasız olaraq bir aspektdən - geosiyasi məqamlardan yanaşdı. Ruslar erməniləri Qərbin fitnələrinə uymamağa çağırdı və onlara işarə etdilər ki, Moskva bütün hallarda İrəvanı öz müttəfiqi saymaqda davam edəcək. 

Üstəlik, burada bir maraqlı məqamı da qeyd etmək lazımdır. Aprel görüşündən bir-iki gün əvvəl Qərbdən daha bir soraq da gəldi. Belə ki, Qərb dövlətlərinin Rusiya prezidenti Vladimir Putin üçün Beynəlxalq Tribunal yaratmaq haqqında qərar qəbul etdiyi və Tribunalın ilin sonuna qədər təsis ediləcəyi bildirildi. Qırxdan çox ölkə bu qərara səs verib və onların arasında Gürcüstan və Moldova da var. 

Əlbəttə, ilk baxışda bu, ekzotik qərar kimi də qəbul edilə bilər. Amma ilk belə qərarlar meydana çıxandan, Beynəlxalq Məhkəmənin Rusiya prezidentinin həbsinə qərar verməsindən sonra V.Putin xarici səfərlərini xeyli azaldıb və demək olar ki, minimuma endirib. 

Əlbəttə, biz demirik ki, bugün-sabah Rusiya prezidentini həbs edəcəklər. Amma keçmiş Yuqoslaviyanın da hərbi caniləri sona qədər inanmırdılar ki, onları nə vaxtsa mühakimə edəcəklər. Ən əsası heç kim inanmırdı ki, bir gün NATO keçmiş Yuqoslaviyaya birbaşa müdaxilə edəcək... 

Amma bütün bunlar oldu və Rusiyanın da bütün bunlara “reaksiyası” yalnız və yalnız “Primakov ilgəyi” ilə yadda qaldı - bəli, ABŞ-a uçan Rusiya xarici işləri naziri Y.Primakov NATO-nun Yuqoslaviyaya hücum etməsi xəbərini alanda artıq Atlantik okeanının üstündən uçan təyyarəyə geri dönmək göstərişi verdi. Amma bu, nəyisə dəyişdimi?.. 

Hazırda NATO-nun Rusiyaya hər hansı hücumu gözlənilmir. Amma Rusiya ilə Qərb arasındakı qarşıdurma pik həddindədir və onu, olsa-olsa, yalnız ABŞ-da noyabr ayında keçiriləcək seçkilər aradan qaldıra bilər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR