İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Paşinyana müəmmalı mesaj verilib: İrəvan indi ya Kremlə savaş açmalıdır, ya da...

1773 26.01.2024 20:38 Analitika A A

Paşinyan hakimiyyətinin indi tamamilə Qərbin geopolitik maraqlarının girovuna çevrildiyi qətiyyən şübhə doğurmur... Rəsmi İrəvandan Rusiyanı Ermənistandan, həm də dolayısı ilə ümumiyyətlə, Cənubi Qafqazdan çıxartmaq tələb olunur...

Azərbaycanın ermənipərəst Qərb siyasi dairələri münasibətlərində müəyyən çatlar yaranmağa başlayıb. Rəsmi Bakı prinsipial mövqe tutaraq, Qərbin Azərbaycana təzyiqləri qarşısında geri çəkilmir. Əksinə, rəsmi Bakı müqavimət göstərməklə yanaşı, həm də əks hücum taktikasına da üstünlük verir. Və Azərbaycanın belə qətiyyətli, prinsipial davranması ermənipərəst Qərb siyasi dairələrini çaşqınlıq içərisində buraxıb.

Məsələ ondadır ki, rəsmi Bakıya təzyiq göstərməyə çalışan Qərb siyasi dairələri Azərbaycanın müqavimət immunitetinin olduğunu artıq anlamağa başlayıblar. Çünki rəsmi Bakının da enerji resurslarına kəskin ehtiyac duyan Qərb ölkələrinə əks təsir mexanizmləri mövcuddur. Üstünlük, rəsmi Bakı Qərbin qərəzli hücumları qarşısında geri çəkilmək əvəzinə, Azərbaycanın adekvat reaksiya faktorlarını hərəkətə gətirməyə üstünlük verir. Və belə vəziyyətdə Azərbaycanla indiki qarşıdurmanı davam etdirmək Qərb ölkələrinin enerji təhlükəsizliyi maraqlarına ağır zərbələr vuran bilər.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Ona görə də, ehtimal etmək olar ki, Azərbaycanın mövcud situasiyadan ən az itkilərlə çıxmaq imkanları tamamilə qənaətbəxş xarakter daşıyır. Yəni, rəsmi Bakının Qərbin qərəzli hücumlarına tab gətirmək potensialı kifayət qədər yüksəkdir. Böyük ehtimalla Qərb Azərbaycanla qarşıdurmanı Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi maraqlarını riskə atacaq həddə çatdırmaqdan yayınmağa üstünlük verəcək. Və bu, Azərbaycanın Qərb siyasi dairələrinə münasibətdə bərabərhüquülu müstəqil xarici siyasət yürütməsinə təminat verən əsas faktorlardan biridir.

Ancaq Ermənistana münasibətdə eyni fikirləri söyləmək qətiyyən mümkün deyil. Belə ki, rəsmi İrəvan Rusiyadan uzaqlaşdırma siyasəti ilə Ermənistanı "qaranlıq tunelə" salıb. Paşinyan hakimiyyəti faktiki olaraq, Ermənistanın Rusiya ilə müttəfiqliyini qopma həddinə çatdırıb. Və indi Kremlə yaxın siyasi dairələr Ermənistanı Rusiyaya dost ölkələr sırasına daxil edərkən, açıq-aşkar tərəddüdlər keçirdiklərini qətiyyən gizlətmirlər.

Digər tərəfdən, rəsmi İrəvan da Ermənistana Qərbdə yeni müttəfiqlər axtardığını vaxtaşırı etiraf edir. Bu axtarış isə Ermənistana indiyə qədər yalnız ABŞ və Qərbin müəmmalı vədlərindən başqa heç nə qazandırmayıb. Üstəlik, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərin korlanması ucbatından Ermənistanı birmənalı şəkildə ABŞ və Qərbdən asılı vəziyyətə salıb. Və rəsmi İrəvan Qərbdən gələn bütün təlimatları icra etməyə məhkum duruma düşüb.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg (214 KB)

Ancaq rəsmi İrəvanın Ermənistanı bu qeyri-müəyyən situasiyadan çıxartmaq şansları demək olar ki, qalmayıb. Ermənistanın Qərbdən gözlədiyi təhlükəsizlik təminatı hələlik Paşinyan hakimiyyətinin ümidlərini doğruldacaq keyfiyyətdə deyil. Bunun əksinə üstəlik Qərbin Ermənistana yönəlik tələbləri artmağa və sərtləşməyə başlayıb. Və bu, indiki situasiyada Ermənistanı öhdəsindən gələ bilməyəcəyi "geopolitik yük"ün altına çəkir.

Məsələ ondadır ki, rəsmi İrəvan Qərbdən uçacaqları mövcuddur. Buna paralel olaraq da Qərbin Ermənistandan olduqca önəmli gözləntiləri var. Xüsusilə də, Avropa siyasi dairələri hesab edirlər ki, İrəvan Brüsselə münasibətdə müəyyən istəklər formalaşdıra bilər. Ancaq bu istəklərə reallıq qazandırmağın yeganə yolu Brüsselin Ermənistana yönəlik gözləntilərini qüsursuz təmin etməkdən keçir. Və bu, indiki halda, Avropa Birliyinin geopolitik maraqlarını ifadə edir.

Maraqlıdır ki, Qərb analitikləri Ermənistanın Rusiyadan uzaqlaşdırma kursuna sadiq olduğunu sübut etməsinin artıq vaxtı çatıb. Bunu etmək üçün isə rəsmi İrəvan ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından çıxmalıdır və Rusiya ilə müttəfiqlik münasibətlərini tamamilə kəsməlidir. Və bütün bunlar baş vermədikcə, Ermənistanın Qərbdən həlledici səviyyədə dəstək ala bilməsi qətiyyən real deyil.

Qərb siyasi dairələrini Ermənistandan narazı salan əsas məqam ondan ibarətdir ki, rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan qurumlardan çıxmaq barədə real addımlar atmır, bu niyyətini birmənalı şəkildə elan etmir. Paşinyan hakimiyyəti indiyə qədər yalnız Rusiyanı və onun patronajlığı altında olan qurumları tənqid etməklə, kifayətlənib. Halbuki, bu, ABŞ və Qərb üçün qətiyyən yetərli deyil. Ona görə də, Qərbin, xüsusilə də Avropa Birliyinin Ermənistandan ciddi gözləntilərinin reallaşıb-reallaşmayacağını zaman göstərəcək.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Belə anlaşılır ki, ABŞ və Qərbin Ermənistan siyasəti rəsmi İrəvan üçün kifayət qədər qəliz məzmun daşıyır. Xüsusilə də, Avropa Birliyi rəsmi İrəvanın Qərbə yönəlik siyasi kursuna həqiqətən sadiq olduğuna əmin olmaq istəyindədir. Avropa Birliyi Cənubi Qafqaza yerləşmək niyyətində tamamilə qərarlı görünür. Bu niyyətin reallaşması isə rəsmi İrəvanın Avropa Birliyi üçün Cənubi Qafqaza çıxan yolu nə vaxt və nə qədər təmizləyə biləcəyindən birbaşa asılıdır. Və hələlik Avropa Birliyi üçün bu regiona elə bir ümidverici çıxış yolu mövcud deyil.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin indi Qərbin geopolitik maraqlarının girovuna çevrildiyi qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi İrəvandan Rusiyanı Ermənistandan, həm də dolayısı ilə ümumiyyətlə, Cənubi Qafqazdan çıxartmaq tələb olunur. Halbuki, Paşinyan hakimiyyəti Ermənistanın belə bir geopolitik gücə malik olmadığını hamıdan yaxşı bilir.

Ona görə də, rəsmi İrəvanın qarşısında seçim variantları o qədər də çox deyil. İndi Paşinyan hakimiyyəti ya Qərbin tələblərinə uyğun olaraq, Rusiya ilə açıq qarşıdurmaya girməlidir. Ya da ümidləri puça çıxararaq, Rusiya ilə yanaşı, ABŞ və Qərbin də dəstəyini itirmək təhlükəsini gözə almalıdır. Halbuki hər iki variant Ermənistan üçün real geopolitik zərbələr vəd edir. Və bu baxımdan, Ermənistanı bundan sonra daha təhlükəli geopolitik ssenarilər gözləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR