İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Qafqazda "Zelenski oyunu"nun şifrələri: Bakı İrəvanın da yer aldığı hiyləgər plana bulaşmadı, dərhal blokladı

2791 24.02.2024 18:28 Analitika A A

Qərb nəyin bahasına olursa-olsun, Azərbaycan-Türkiyə İttifaqının Rusiya ilə pozitiv münasibətlərini kəskin ziddiyyətlərlə əvəzləməyin mümkün yollarını axtarır... Əgər, Ermənistan üzərindən açılan ikinci "Ukrayna cəbhəsi" effektiv olarsa, Rusiyanın hərbi potensialınının parçalanması və Cənubi Qafqazı itirməsi qaçılmaz xarakter daşıyacaq...

Rusiya əsas diqqətini Ukrayna savaşına yönəldib. Bu savaş poliqonunda Rusiyanın təşəbbüsü ələ keçirmək şansı qazandığı müşahidə olunur. Qərbdə Rusiyanın Ukrayna savaşında qələbə qazana biləcəyi ilə bağlı ehtimallar ön plana keçməyə başlayıb. Ona görə də, indi Qərb siyasi dairələrində Rusiya ilə mümkün gələcək hərbi-siyasi qarşıdurma təhlükəsi ilə bağlı isterik əhval-ruhiyyə hökm sürür. Və bu, NATO üzvü olan Avropa ölkələrini preventiv addımlar atmaq məcburiyyətində buraxır.

Qərbdə əmin olmağa başlayıblar ki, zaman Rusiyanın xeyrinə işləmək mərhələsinə keçmək üzrədir. Hələlik Ukrayna savaşında situasiyanın yenidən Rusiyanın əleyhinə çevirmək cəhdləri pozitiv nəticələrdən çox-çox uzaqdır. Rusiyaya qarşı iqtisadi sanksiyalar müsbət nəticələr verməyib, hətta Kremlin enerji gəlirlərinin fantastik səviyyədə artması onların iflasa uğradığını da təsdiqləyir. Üstəlik, Rusiya əleyhinə sanksiyalar indi Avropa Birliyini daha çox vurur. Və bu baxımdan, Qərbin əslində, Rusiyaya deyil, məhz Avropa Birliyinə sanksiyalar tətbiq etdiyi barədə qənaətlər də möhkəmlənməyə başlayıb.

Ancaq Qərb siyasi dairələrinin Rusiyadan daha güclü bir rəqibi də var. Zaman adlı bu rəqib Qərbi zəiflədir, Rusiyanı gücləndirir. Ukraynanın hərbi məğlubiyyətinə indi daha çox inanan Qərb yaxın gələcəkdə Avropanın Rusiyadan qorunması ilə bağlı dilemma qarşısında qalıb. Əsas problem də məhz bu dilemmanın ortaya çıxardığı reallıqdır. Çünki Avropa ölkələrinin Ukraynanın hərbi məğlubiyyətindən sonrakı mərhələyə hazırlaşmaq üçün zamanı yoxdur.

ezgif.com-gif-maker.jpg (210 KB)

Məsələ ondadır ki, Qərb ölkələri hərbi anbarlardakı silah ehtiyatını Ukraynaya verib. Üstəlik, Avropa ölkələrinin hərbi potensialı Ukrayna savaşından öncə də Rusiya ilə müharibə üçün yetərli deyildi. İndi Avropa ölkələri öz hərbi büdcələrini artırmalı, silah-sursat istehsal etməli və Rusiya ilə savaşa hazırlaşmalıdırlar. Ancaq Avropa ölkələrinin bu hədəfə çatmaları üçün illər deyil, onilliklər lazımdır. Və "qoca qitə"də zaman keçdikcə, daha da güclənən Rusiya xofunun əsas səbəbi də məhz bu reallıqdır.

Təbii ki, mövcud situasiya ABŞ və Qərbi tələsməyə məcbur edir. Ancaq bu isterik tələskənliyin Rusiya ilə hərbi potensial fərqinin qapanmasına yetərli olmayacağını da anlayırlar. Ona görə də, bu situasiyanı daha çox hərbi-siyasi manevrlərlə dəyişmək variantını sınaqdan keçirməyə çalışırlar. Yəni, ABŞ və Qərb üçün indi əsas fəaliyyət istiqamətlərindən biri kimi məhz Rusiyanın diqqətinin, hətta mümkün olacağı təqdirdə, hərbi gücünün parçalanması da böyük önəm daşıyır.

Hər halda, Ukrayna savaş poliqonunda Rusiyanın hərbi resurslarını parçalayıb, zəiflətmək üçün yeni qarşıdurma məkanına ehtiyac yaranıb. Çünki yalnız bu halda, Kreml daha çox istiqamətlər üzrə hərbi-siyasi resurs və enerji sərf etmək məcburiyyətində qala bilər. Bu, ABŞ və Qərbə həm gələcək savaşa hazırlaşmaq, həm də Ukrayna ordusunun döyüş qabiliyyətini yenidən yüksəltmək baxımdan, əlavə zaman qazandıra bilər.

Təbii ki, Rusiyanın Ukrayna savaşına paralellik təşkil edə biləcək daha bir hərbi-siyasi problemin yaradılması baxımından, Cənubi Qafqaz ən uyğun coğrafi məkan sayılır. Çünki məhz bu coğrafi məkanda Rusiyanı da içərisinə çəkə biləcək yeni hərbi münaqişə potensialı öz mövcudluğunu hələ də qoruyub, saxlayır. Elə bu səbəbdən də, ABŞ və Qərb, xüsusilə də, Fransa Ermənistana Azərbaycan ilə yekun sülh sazişini imzalamağa icazə vermir.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Məsələ ondadır ki, Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra Ermənistan baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün münbit şəraitin olduğunu vurğulamışdı. Ancaq cəmisi bir neçə gün sonra Fransaya səfər edib, prezident Emmanuel Makronla bağlı qapılar arxasında görüşən baş nazir Nikol Paşinyan dərhal Münhendə dediklərindən imtina etdi və hazırda yekun sülh sazişinin imzalanmasının mümkün olmadığını bildirdi. Və bu, o deməkdir ki, Fransa prezidenti erməni baş nazirə sülh sazişinin imzalanmasını qadağan etdi.

Əsas səbəb ondan ibarətdir ki, Fransaya Cənubi Qafqazda sülh deyil, məhz savaş lazımdır. Ona görə də, rəsmi Paris Ermənistanı sürətlə silahlandırmağa və savaşa hazırlaşdırmağa çalışır. Rəsmi Paris yeni regional savaşdan bir neçə məqsədlə yararlanmaq niyyəti güdür. Birincisi, bu, Fransaya Ermənistanda hərbi kontingent yerləşdirmək bəhanəsi verə bilər. İkincisi, yeni regional savaşın Rusiyanı da öz içərisinə çəkə biləcəyinə ümid bəslənir. Belə ki, rəsmi İrəvanın Kremldən öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirərək, Azərbaycana qarşı radikal addımların atılmasını tələb edəcəyi şübhə doğurmur.

Əgər, Kreml rəsmi İrəvanın hərbi dəstək çağırışlarına pozitiv reaksiya verməzsə, Paşinyan hakimiyyəti Rusiyadan rəsmən qopma istiqamətində konkret addımlar atmaq üçün bəhanə qazanacaq. Buna paralel olaraq, Rusiyadan hərbi bazaların və sərhəd qoşunlarının çıxarılmasını tələb edəcək. Bu isə Ermənistanda Fransa hərbi bazalarının yaradılması üçün məkan boşaldılması anlamı daşıyır. Yəni, Ermənistan cəmiyyətinə Fransanın Rusiyadan daha etibarlı hərbi tərəfdaş olduğu barədə propoqanda məntiqi sonluğa yaxınlaşdırılacaq.

Digər tərəfdən, əgər, Kreml rəsmi İrəvanın dəstək çağırışlarına pozitiv reaksiya vermək məcburiyyətində qalarsa, bu halda, Rusiyanın eyni vaxtda həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri korlanmış olacaq. Əslində, ABŞ və Qərbin uzun müddətdən bəri reallaşdırmağa çalışdığı əsas hədəflərdən biri də məhz budur.

Çünki Qərb nəyin bahasına olursa-olsun, Türkiyənin Rusiya ilə münasibətlərini kəskin ziddiyyətlərlə əvəzləməyin mümkün yollarını axtarır. Buna paralel olaraq, Azərbaycan-Rusiya münasibətləri də korlanarsa, bu, Kremlin Cənubi Qafqazı tamamilə itirməsi anlamı daşıyacaq. Və əslində, hazırda Kremlə yaxın siyasi dairələr Azərbaycanı Cənubi Qafqazda Rusiyanın yeganə tərəfdaşı hesab etdiklərini qətiyyən gizlətmirlər.

5b5a96dd2b20ba074fa414c406a51064.jpg (261 KB)

Bütün bunlar onu göstərir ki, Fransa Ermənistanı Azərbaycana qarşı yeni savaşa sövq etməklə, eyni vaxtda bir neçə hədəfə çatmağın məkrli planlarını qurmağa çalışır. Bəzi məlumatlara görə, Qərb siyasi dairələri bu məkrli plana Ukrayna prezidenti Volodimir Zelenskini də daxil etməyə cəhd göstərirlər. Ukraynanın İrəvandakı səfiri açıq mətnlə bəyan edib ki, rəsmi Kiyev Ermənistanı dəstəkləməyə hazırdır. Bu dəstəyin kimə qarşı yönələcəyini dəqiqləşdirməyən ukraynalı səfir bunun nəticələrinin ən yaxın günlərdə görüləcəyini vurğulamaqla, kifayətlənib.

Digər tərəfdən, "Azadlıq" radiosunun erməni xidməti Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Cənubi Qafqaza səfər edəcəyi barədə məlumat yayıb. Həmin məlumata görə, Ukrayna prezidenti ardıcıl olaraq, həm İrəvanı, həm də Bakını ziyarət edəcək. Əslində, prezident Volodimir Zelenskinin səfəri qətiyyən qeyri-adi xarakter daşımır. Ancaq burada zaman seçimi olduqca ciddi şübhələr doğurur. Bu səfərin Qərbin məkrli planlarına daxil olduğunu düşünmək üçün əsaslar yaranır.

Məsələ ondadır ki, prezident Volodimir Zelenskinin Cənubi Qafqaz səfəri Rusiya ilə savaşan Ukraynaya heç bir hərbi fayda vəd etməz. Çünki Ukraynanın silah-sursata ehtiyacı olduğundan onun NATO ölkələrinə səfəri daha məntiqli olardı. Bu baxımdan, hesab etmək olar ki, Qərb Ukrayna üçün belə bir faydasız səfər təşkil etməklə, əslində, daha çox hərbi-siyasi mesaj vermək niyyəti güdür. Bir tərəfdən, Cənubi Qafqazdakı qarşıdurmanın Ukrayna savaşının tərkib hissəsi, daha doğrusu, ikinci cəbhəsi olduğunu rəsmiləşdirməyə çalışırlar. Yəni, belə anlaşılır ki, ABŞ və Qərb Rusiyaya qarşı ikinci cəbhəni məhz Cənubi Qafqazda açmağa hazırlaşır.

Eyni zamanda, Qərb siyasi dairələri prezident Volodimir Zelenskini məhz indiki qəliz situasiyada İrəvanla yanaşı, Bakıya da göndərmək niyyəti ilə Azərbaycan-Rusiya münasibətlərini korlamağı da hədəfləyirlər. Çünki bu səfər reallaşarsa, rəsmi Bakı və Kreml arasında həqiqətən də müəyyən siyasi çatlar yarana bilər. Halbuki, rəsmi Bakı Azərbaycana qarşı qurulmuş bu məkrli oyundan dərhal duyuq düşərək, prezident Volodimir Zelenskinin səfəri barədə iddiaları təkzib etdi. Və Ermənistanın da içərisində yer aldığı Qərbin geopolitik oyununun Azərbaycana bulaşma ehtimalını dərhal blokladı.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR