Qətərin İranla gizli danışıqlar apardığı və ölkənin ən böyük qaz kompleksini mümkün zərbələrdən qorumaq üçün qeyri-adi təklif irəli sürdüyü məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu nəşri olan The Washington Post təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Qətər rəsmiləri İranla arxa kanallar vasitəsilə təmaslara girərək Ras Laffan qaz-sənaye kompleksinin hədəfə alınmaması üçün diplomatik təşəbbüs göstəriblər. Mənbələrin iddiasına görə, Doha bunun müqabilində müəyyən müddət ərzində qaz hasilatını dayandırmağa hazır olduğunu da müzakirə edib.
Nəşr qeyd edir ki, belə bir addım dünya enerji bazarında ciddi təlatümlərə səbəb ola, mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərini kəskin yüksəldə və ABŞ-la İsrail üzərində müharibənin daha tez dayandırılması istiqamətində əlavə təzyiq yarada bilərdi.
Bununla belə, Qətər hökuməti gizli razılaşma barədə iddiaları təkzib edib. Doha bəyan edib ki, Ras Laffan kompleksində fəaliyyətin məhdudlaşdırılması ilə bağlı qərarlar yalnız təhlükəsizlik, işçilərin qorunması və strateji infrastrukturun təhlükə altında olması ilə əlaqədar qəbul edilib.
Qeyd edək ki, Ras Laffan kompleksi dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz mərkəzlərindən biri hesab olunur və qlobal LNG tədarükündə mühüm paya malikdir. Regionda hərbi gərginliyin artması səbəbindən enerji bazarları son aylarda ciddi təzyiq altında qalmaqdadır.
Bu məlumatlardan aydın olur ki, Körfəz ölkələri İran-ABŞ-İsrail qarşıdurmasında məxfi şəkildə İranla təmas axtarıb, müttəfiqlərinə münasibətdə seperat davranış sərgiləyiblər.
Musavat.com






