İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl sürətlə bahalaşır - toylar azalacaq?

951 19.04.2024 08:13 İqtisadiyyat A A

Ekspert hesab edir ki, nəinki toy bazarı, elektron avadanlıqların qiymətində də artım ola bilər... 

Bu həftə də qızılın qiymətləri yeni rekorda imza atıb. Yaxın Şərqdə artan geosiyasi gərginlik, İranın hücumlarından sonra İsrailin qisas alacağı gözləntiləri fonunda isə artmağa davam edir. Məlumata görə, Nyu-York Comex birjasında bazar ertəsi sessiyanın sonunda iyun ayı qızıl müqavilələri üzrə kotirovkalar 0,4% artaraq bir unsiya üçün 2383 dollar olub. Çərşənbə axşamı ticarət zamanı onların qiyməti 0,3% artaraq bir unsiya üçün 2 389,5 dollar olub. Bu arada “Citi Research” analitikləri yaxın 6-18 ay ərzində qızılın bir unsiya üçün 3 min dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırıblar. 

Beynəlxalq Qızıl Araşdırmaları Mərkəzinin proqnozuna görə qızılın qiymətində bahalaşma davam edəcək. Qiymət artımı növbəti illərdə də davam edəcək. Proqnozlara görə, yaxın zamanda qızıla tələbat ən azı 25 faiz artacaq.

Bəs qızılın sürətlə bahalaşmasının Azərbaycandakı toy biznesinə hansı təsiri ola bilər, nəzərə alsaq ki, toy-nişan mərasimləri ailələrin qızıl-zinət əşyaları almaq qabiliyyətindən xeyli dərəcədə asılıdır.

Əhali də son günlər qızılın qiymətinin artmasından şikayətçidir. Qeyd edilir ki, bir neçə ay əvvəl satışa qoyulan sadə zinyət əşyaları belə bahalaşıb.

Bizimlə söhbətdə satıcılar da dedilər ki, qızılın növündən asılı olmayaraq qramı 20-25 manat arasında qalxıb: “Bahalaşma iki aydır ki, davam edir. Brilyant dəstlər iki ay əvvəl 2500 manat idisə, indi 3000 manatadır. 585 əyar qızılın bir qramı 110 manata satılır, alışı isə 75 manatdır. 750 əyar qızılın bir qramı 140-145 manatadır, 750 əyar qızılın lom alış qiyməti isə 95 manatdır. Qızılın hazırda alıcılıq qabiliyyəti aşağı düşüb. Amma bununla belə alanlar da var. Toy üçün bəzən məcbur olub alırlar, hədiyyə üçün alırlar. Əlbəttə, qiymətlər çox qalxıb, proqnoz edilir ki, hələ bundan sonra da artım olacaq”.  

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli    

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılın bahalaşması tək toy biznesinə deyil, müəyyən mənada digər sahələrə də öz təsirlərini göstərə bilər: “Elektron avadanlıqların qiymətində də artım ola bilər. Yarımkeçiricilərin də tərkibində qiymətli metallardan istifadə olunur. Gələcəkdə onların da qiymətinin artmasına təsiri olacaq. Sözsüz ki, adət-ənənələrimizi, yeni ailə quranlara qiymətli əşyaların hədiyyə olunması ənənəsini nəzərə alsaq, yeni ailə quranların büdcəsinə təsir göstərə bilər. Gənc ailələr və onların valideynləri qızılın qiymətinin artmasından qorxmasınlar. Çünki qızıl həmişə aktiv deyil, tez likvidliyi olan aktivdir, daim onun qiyməti artır. Bu baxımdan qızıla qoyulan yatırım, gənc ailələrin bir-birinə etdiyi hədiyyələr onların gələcək maddi rifahının yüksəlməsinə səbəb olur. O baxımdan qızılın qiymətinin artması gənc ailələri qorxutmamalıdır”. 

Natiq Cəfərli: Büdcənin neft-qaz gəlirlərindən asılılığı yüksəkdir

 Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli də qızılın qiymətinin qalxması ilə bağlı öz sosial media hesabında maraqlı fikirlər səsləndirib. O deyib ki, dünyada qızılın qiymətinin kəskin qalxması yaxşı əlamət deyil: “Tarixən böyük müharibələrdən, təlatümlərdən, böhranlardan öncə qızılın qiyməti kəskin artır. Çünki qızıl həmişə böhranlar zamanı ”güvənli liman" rolunu oynayıb. Yeganə obyektiv iqtisadi səbəb kimi onu demək olardı ki, ABŞ Mərkəzi Bankı (FED) yaxın zamanlarda uçot dərəcəsini aşağı çəkməyə başlayacaq, deməli, dünyada yenidən “ucuz” və uzunmüddətli pullar yaranacaq, kredit faizləri aşağı düşəcək, sərbəst vəsaitin bir qismi birjalara, səhm bazarına və qızıla gedəcək - yəni, iqtisadi səbəb tək budur, və ya, bu ola bilərdi, amma görürük ki, ABŞ-da inflyasiya düşmür, deməli FED sürətlə faiz endirməyəcək və ya faiz endiriminin həcmi və dinamikası kiçik olacaq. Başqa sözlə, qızılın qiymətinin belə kəskin artmasında FED-in təsirləri azdır, hətta yox kimidir. 

Deməli, qızılın qiymətinin kəskin artması daha çox risklərlə bağlıdır, geosiyasi risklər, müharibələrin daha da alovlanması riskləri və ən vacibi, böyük iqtisadi böhranın qapıda olması riski - bütün bunlar “güvənli liman” kimi qızılı önə çıxarır. Mən dəfələrlə publik çıxışlarımda iddia etmişdim ki, dünyada “pandemiyanın” cinayətkarcasına idarə edilməsi, 17-18 trilyon dollar pul çap edib dünyaya səpilməsi, iqtisadiyyatın bilərək çökdürülməsi, logistik xətlərin dağıdılması böyük müharibələrə, ciddi iqtisadi böhrana səbəb olacaq - bu haqda 2020-ci ildə dəfələrlə yazmışdım. O zaman Rusiyanın Ukraynaya hərbi təcavüzü, Yaxın Şərq böhranı hələ baş verməmişdi. İndi dünya elə qarışıb ki, hətta nüvə zərbələri belə ciddi olaraq təhdidə çevrilib, yəni, sülhün əsas qoruyucusu olan (bəli, məhz nüvə silahı sülhün zamanəti, böyük müharibələrin qarşısını alan çəkindirici amil idi) nüvə silahı, indi insanlığın böyük faciəsinə çevrilmək üzrədir. 

Pandemiyanın bərbad idarə edilməsi, insanların haqq və azadlıqlarının məhdudlaşdırılması, iqtisadiyyata vurulan böyük zərbə insanlıq tarixində ən böyük cinayətlərdən biri oldu, amma heç kim də buna görə məsuliyyət daşımadı, çünki regional müharibələr diqqəti başqa səmtə yönəltdi. 

Dünya çox böyük təlatümlərin artıq içindədir, qızıl qiymətləri isə böhranın daha da dərinləşəcəyinin xəbərçisidir. Çıxış yolu isə yeni qlobal masadan, dünyanın yeni təhlükəsizlik konsepsiyasının qurulmasından keçir. Ümid edirəm ki, 2025-ci il yeni masanın qurulması ilə yadda qalacaq, əksər ölkələri qane edəcək beynəlxalq hüquq yenidən təsis ediləcək. Təəssüf ki, bu qaydaları güclülər müəyyən edəcək, amma ədalət olmasa, ədalətin gücü güclünün ədaləti ilə əvəz edilməsə, bu da uzunmüddətli sülhə gətirib çıxartmayacaq. Deməli, hələ bir müddət dünyada ciddi dalğalanmalar olacaq - Azərbaycan siyasi-diplomatik, ciddi və işlək ittifaqların qurulması nöqteyi-nəzərindən güclü mövqedədir, amma bəsit iqtisadi model məmləkətin “yumşaq qarnıdır”. Belə bəsit iqtisadiyyat dünyada olan çağırışlara cavab vermir, deməli, əsas hədəf iqtisadi transformasiya olmalıdır, amma bu transformasiya siyasi-idarəetmə islahatları olmadan mümkün deyil..."

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR