İnsanlara hürriyət, millətlərə istiqlal!

Qordona Makedonsayağı sual: oğulların niyə müharibəyə getmir?

2495 09.04.2023 15:41 Yazarlar A A

Ukrayna müharibəsində həlak olan minlərlə hərbçinin biri də nə Zelenskinin, nə Putinin, nə Baydenin, nə Boris Consonun, nə ordu rəhəbərlərinin dogma adamıdır, belə olsaydı...

Dmitri Qordon təkcə Ukraynada deyil, onun hüdudlarından kənarda da tanınan nyu-media təmsilçisidir, özünün Yotube kanalında xeyli maraqlı  müsahibələri də var. Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan Qordon hələ 2021-ci ilin yayında Ukrayna hakimiyyətini Rusiya ilə müharibəyə çağırmişdi. Demişdi ki,  Kiyev Rusiya ilə bütün əlaqələrini kəsməli və bu ölkəyə rəsmən müharibə elan etməlidir. Ukrayna hakimiyyətləri ilə münasibətlərinin hamar olduğunu demək olmaz, məsələn, 2016-cı ildə Kiyev Şəhər Şurasının deputatı olanda paytaxtın Moskva prospektinin Stepan Banderanın adı ilə dəyişdirilməsi məsələsinə baxılarkən o, bunun əleyhinə səs verən yeganə deputat olmuşdu.  Qordon demişdi ki, kiyevlilərin əksəriyyətinin vecinə deyil ki, Moskva prospektinin adı necə olacaq. Amma bu, onun üçün prinsipial məsələdir. Çünki elə Kiyev yaxınlığındakı yəhudi qəbiristanlığında uyuyanları gülələyən Bandera nümayəndələri idi.  Əlbəttə ki, bu cür mövqe cəsarəti ilə bərabər, həm də yəhudi kimliyindən irəli gəlirdi. Qordon köklü kiyevlidir, orada doğulub, amma ana-atası yəhudidir. Qordonun müharibə ərəfəsi və ondan sonrakı mövqey daima radikal, barışmaz olub.  

1658217902_1635333789-1014006_original.jpg (107 KB)

Ukrayna cəbhəsində hər gün yüzlərlə əsgər həlak olur, Baxmut uğrunda döyüşlərdəki itkilərin(həm də hər iki tərəfdən) təxmini statistikası belə insandan həyacan qarışıq məyusluq yaradır. Qordon isə həminki mövqeyindədir, amma...

“Amma”sı odur ki, dünən Qordondan soruşublar ki, niyə üç oğlundan biri də Ukrayna döyüşlərində iştirak etmir? Bu sual bütün müharibələr üçün həmişə aktual olub. “Bizim Cəbiş müəllim” filmində  Makedonun atası cəbhədə olmayan Namiqə dediyi sözləri xatırlayaq: “Sən özün fikirləş, mənim atam hardadır? Cəbhədə...Məmmədin atası? O da cəbhədə… Zaurun, Əlinin? Hamısı cəbhədə...”  

Məncə, bu sual o vaxt gündəmə gəlir ki, müharibə artıq hamının qapısını döyür, qohum-qonşunun üstünə tabut gəlir. Müharibə dövlətin ordusunun işidir, bu küçə-məhəllə döyüşləri deyil ki, hərə öz ərazisini müdafiə etsin. Amma Ukraynada artıq “bıçaq sümüyə dirənmiş kimi” görünür. Rusiyada da eyni problemlər var, deyəsən, bu yaxınlarda Kremlin sözçüsü Peskovdan da soruşmuşdular ki, oğlu mobilizasiyaya cəlb olunubmu? Yəni bu suallarda qeyri-adi heç nə yoxdur. Rusiyada elə ailələr var ki, nəslindən 20 nəfər hazırda yarızor, yarıxoş hərbi əməliyyatlara cəlb olunub.  Şübhə yoxdur ki, Ukraynada da belədir. O cümlədən, nə qədər azərbaycanlı bu müharbədə həlak olub.  

2023_01_26_201550_sulhhh.jpg (111 KB)

Qayıdıram o “amma”ya ki, Qordon müharibənin tərəfdarı kimi çıxış edirsə, ondan soruşmaqda da haqlıdırlar ki, sənin oğulların niyə döyüşmürlər?  Qordon cavabında deyib ki, böyük oğlu ciddi xəstəlikdən əziyyət çəkir, nəinki orduda, evdə belə yaşaması çətindir. (Allah köməyi olsun).  Digər iki oğluna gəlincə, jurnalistin sözlərinə görə, hər ikisi ABŞ-da yaşayır və onlardan birinin Amerika vətəndaşlığı var. Bundan əlavə, hər iki oğlu İngiltərədə təhsil alıb və Ukraynada doğulmayıblar. İzahat bu… 

İndi bu adamın izahatı, “Rusiya ilə müharibəyə davam” deyib, haykırması əlbəttə ki, oğlu cəbhədə ölənlər üçün artıq əhəmiyyətsizdir. Bu təkcə Qordon, onun oğulları və Ukrayna məsələsi də deyil.   Fəqət  müharbə qırğılarından biri sən olmusansa, hələ də bu çağırışlarında da davam edirsənsə, cəbhədən uzaqda tutduğun iki oğlun üçün dediklərin doğru ola bilər, amma  bu, istənilən halda bəhanə kimi görünəcək. Mən o fikirdəyəm ki, Ukraynada vətən müharibəsi  getmir. Bu böyük güclərin Ukrayna torpağında qan savaşıdır. Bəlkə də bir çoxu o səbəbdən uşaqlarını vaxtında ən müxtəlif bəhanələrlə ölkədən çıxarıblar. Birinci və İkinci  Qarabağ müharibəsində yüzlərlə Qordonsayağı  faktlar var. 

1645788455553.jpg (126 KB)

“Xaç atası”nı yada salın. Mafioz ailə başçısı o həddə kimi düşmənçilik edir ki, oğlunun(Sanni)bədənini güllələrlə dəlmə-deşik edirlər. Dayanmağa məcbur olur. Çünki artıq bu mənasız müharibə onun ailəsinə doğru gəlir. İndi Ukrayna müharibəsində həlak olan minlərlə hərbçinin biri də nə Zelenskinin, nə Putinin, nə Baydenin, nə Boris Consonun, nə ordu rəhəbərlərinin dogma adamı deyil. Belə olsaydı, bu mənasız qırğın daha tez yekunlaşa bilərd. Demək istədiyim bu...

P.S. Allah vətən uğrunda şəhid olan bütün qəhrəman Azərbaycan övladlarına rəhmət etsin...    

Nazim SABİROĞLU, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR