İnsanlara hürriyət, millətlərə istiqlal!

Qordonun möhürü – Avropalı deputatların qərəzli çığırışması

4049 03.10.2023 11:51 Yazarlar A A

 

Ukraynanın postsovet məkanında da yaxşı tanınan telejurnalisti Dmitri Qordon bu günlərdə apardığı tele-müsahibəsində keçmiş SSRİ məkanında mövcud olan münaqişlərdən də bəhs edib.

Qordon deyib: "Dağlıq Qarabağ suveren Azərbaycanın ərazisidir. Cənubi Osetiya, Abxaziya suveren Gürcüstanın ərazisidir. Dnestyanı bölgə suveren Moldovanın ərazisidir. Krım və Donbas suveren Ukraynanın ərazisidir. Və burda nöqtə. Burada müzakirə olunası bir şey yoxdur, hər şey aydındır. 30 illik qarşıdurma tarixindən sonra Dağlıq Qarabağın doğma limanına qayıtması Ukrayna, Gürcüstan və Moldova üçün də çox ümidvericidir. Bu nə deməkdir? A - ədalət zəfər çalır, B - beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən sərhədlər toxunulmazdır"!

qordon.JPG (31 KB)

Bu, ukraynalı statist jurnalistin mövqeyidir. Qordan öz ölkəsində və ondan xaricdə vətənpərvər və dövlətçi adam kimi tanınır, onun bu mövqedə olması sırf vətəndaşı olduğu ölkənin milli maraqlarından irəli gəlir. Başqa sözlə, Dmitri Qordonun bu mövqedə olmaqdan, separatizmə qarşı çıxmaqdan, üsyana qalxmış bölgənin ram edilməsini təqdir etməkdən başqa variantı yoxdur.

Bununla belə, bu, o demək deyil ki, Ukrayna özü işğala və qurama separatizmə məruz qalmasaydı, Qordon aqressorların, ermənilərin tərəfində olardı. Verilişlərini izlədiyimiz qədəri ilə bu şəxsi həmişə obyektiv olmağa çalışan, hər şeyə beynəlxalq hüquq prizmasından yanaşan görmüşük.

Fəqət, heç də hamı Qordon kimi ədalətli ola bilmir, hətta beynəlxalq qanunları da öz mənafelərinə uyğun şəkildə təfsir etməyə çalışırlar.

xofratt.JPG (37 KB)

                          Azərbaycana sanksiya tələb edən alman deputat Hofrayter

Bir sıra Avropa (Fransa, Almaniya, Hollandiya, Finlandiya və s.) ölkələrinin siyasi dairələri hazırda bu yolu tutublar. Xüsusilə də parlament üzvləri dövlətin gəlir-çıxarı üçün birbaşa məsuliyyət daşımadıqlarına görə daha emosional ritorikaya yol verir, birtərəfli mövqe tutur, hansısa motivlərlə (əslində aydındır, başlıca leytmotiv xristian qardaşlığıdır) qərəzlii açıqlamalar verir, öz hökumətlərini Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırır, ölkəmizi Rusiya ilə eyniləşdirirlər.

Rusiya Federasiyasının keçirdiyi “xüsusi hərbi əməliyyat”la bizim ordunun keçirdiyi “lokal hərbi əməliyyat”ın arasında isə yerlə-göy qədər fərq var.

Birincisi, Rusiya başqa bir dövlətin ərazisində qanunsuz və qondarma “dövlət” təsisastları yaradıb, bizim ölkəmizdə isə eyni hərəkəti edən Ermənistandır.

İkincisi, Rusiya başqa bir dövlətin ərazisinə soxulub, ölkənin yüz kilometrlərlə içərisinə dalıb, abad şəhərləri yerlə-yeksan edib. Burada isə işğala məruz qalan biz, şəhər və kəndlərimizi xaraba qoyan Ermənistandır.

Üçüncüsü, Rusiyanın “xüsusi hərbi əməliyyatı” 1 il 9 aydır davam edir və bitmək bilmir, əksinə, şiddətli müharibəyə dönüb, nüvə savaşı həddinə gəlib. Bizim lokal antiterror əməliyyatı isə heç bir sutka da çəkmədi, başladı, bitdi, münaqişənin hərbi mərhələsinə son qoyuldu.

Kirsti-Narinen.jpg (113 KB)

               Ermənilərin köçünü "zorakılıq qorxusu"na bağlayan fin səfir Kristi Narinen

Ona görə də Rusiya ilə Azərbaycanı eyniləşdirmək, ikisinin adını eyni cümlədə çəkmək, ikisinə də “aqressor” damğası vurmaq olduqca yanlışdır, qeyri-obyektivlikdir, qərəz nümunəsidir.

Sağlam məntiqlə yanaşanda Azərbaycanın keçirdiyi hərbi əməliyyatların fəlsəfəsi Ukraynanın dirənişinə daha çox uyğun gəlir. Bu dövlət də Azərbaycan kimi öz ərazisini qoruyur və eynilə onun kimi separatizm yuvalarını dağıtmaq, dövlətin ərazi bütövlüyünü bərpa etmək istəyir. Sabah Ukrayna Donetskdə, Luqanskda, Krımda öz yurisdiksiyasını bərpa etsə və separatçılara dəstək verən, işğalda iştirak edən şəxslər, onların ailə üzvləri, yaxınları bölgəni tərk etsə, Avropa ölkələri bunu da “zorakı deportasiya” və ya “etnik təmizləmə” adlandıracaqlar?

Əlbəttə, elə etməyəcəklər, əksinə, “haqq-ədalət qələbə çaldı”, “Ukrayna öz ərazi bütövlüyünü təmin etdi” deyəcəklər. Hətta eyni nailiyyəti əldə etmək Gürcüstana, Moldovaya nəsib olsa, yenə də bu dövlətlərə hər hansı bir irad bildirən, sanksiya tələb edən olmayacaq.

Bizə gələndə isə ədalət tərəzisi düz çəkmir, erməniyə qahmar çıxmaq, bizi haqsız çıxarmaq ehtirası güclənir, qərəz şüurlara hakim kəsilir və tərifli avropalıların gerçək xisləti üzə çıxır.

Xoşbəxtlikdən, Azərbaycanın keçirdiyi hərbi əməliyyat da, ondan sonra Qarabağdan köçən ermənilərə yanaşma da o qədər korrekt oldu ki, beynəlxalq qanun və konvensiyaların çərçivəsini aşmadı. Bir az o yan-bu yan olsaydı, indi onların qışqırığından qulaq tutulardı.

Bu dünya belədir: haqlı, amma zəif oldunsa, başından basırlar. Düşmənin haqsız, ancaq havadarlı olursa, üstünlüyü o qazanır. Çıxış yolu həm güclü, həm haqlı, həm də səbatlı müttəfiqlərə malik olmaqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR