İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rəfah" əməliyyatı başladı: İsrail oyunun gedişatını dəyişir- Politoloqdan ilginc açıqlamalar

1161 07.05.2024 22:42 Ölkə A A

İsrail ordusu Rəfahda quru əməliyyatına başlamaq qərarına gəlib.

Şərqdən irəliləyən 162-ci Diviziya və 401-ci Zirehli Briqadanın iştirakı ilə ordu qüvvələri sərhəd zolağı və Qəzza zolağı ilə Misiri ayıran yeganə sərhəd-keçid məntəqəsini ələ keçirib. Əməliyyat planına əsasən, ordu şəhəri tamamilə mühasirəyə almağı, dinc əhalini çıxarmağı və Rəfahda HƏMAS-ın 4 batalyonunu məhv etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq İlyas Hüseynov bildirib. O əlavə edib ki, İsrail ordusu Rəfah sakinlərinin Xan Yunis şəhərinin şimal-qərbində və cənub-qərbində yerləşən 100 min nəfərlik çadır düşərgələrinə köçməsini tələb edib: " Beynəlxalq təşkilatlar xəbərdarlıq edib ki, 1,3 milyon insanın sığındığı şəhər fəlakətə çevriləcək - müharibədən əvvəl Rəfahda 300 mindən çox insan yaşayırdı. Maraqlıdır ki, HƏMAS nəhayət dünən gecə atəşkəs planını qəbul edib. Daha əvvəl elan edilmiş plana əsasən, atəşkəs hər biri 40 gündən bir qədər çox davam edəcək və üç mərhələdən ibarət olacaq. Birinci mərhələdə HƏMAS-ın saxladığı 33 israilli girov, hər girov üçün isə 50 fələstinli məhbus azad ediləcək. İkinci mərhələ İsrail Silahlı Qüvvələrinin 42 günlük sükut dövründə Qəzza zolağından çıxarılmasını nəzərdə tutur və nəhayət, üçüncü 42 günlük mərhələdə cəsəd mübadiləsi baş verir və BMT, Misir və Qətərin nəzarəti altında bərpa prosesi başlayır. Həmas da silahlarını yerə qoymağı öhdəsinə götürür. HƏMAS-ın atəşkəs təklifini qəbul etməsindən bir neçə saat sonra İsrailin Rəfah əməliyyatına başlaması İsrail rəhbərliyinin atəşkəsdən yayınmaq üçün bu addımı atması deməkdir. 

ilyas_huseynov_120523.png (1.37 MB)

Netanyahu hökuməti başa düşür ki, atəşkəs təklifini qəbul edərsə və döyüşləri dayandırarsa, HƏMAS Qəzzada hakimiyyətini qoruyub saxlayacaq. “Tam qələbəyə qədər mübarizə aparacağına” söz verən Netanyahu başa düşür ki, müharibəni bu şəkildə bitirmək özü və ümumilikdə İsrailin radikal sağ qanadı üçün sonun başlanğıcı olacaq. Bu səbəbdən o, hətta Vaşinqtonla qarşıdurma şəraitində belə Rəfah əməliyyatına başladı".

Politoloq əlavə edib ki, Rəfah əməliyyatı müharibəni qeyri-müəyyən müddətə uzadır. Bu gün müharibənin 7-ci ayı tamam olur, lakin İsrail hələ də Qəzza zolağına tam nəzarəti ələ ala bilməyib və zolağın mərkəzində hələ də İsrail ordusunun girə bilmədiyi nöqtələr var".

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR