İnsanlara hürriyət, millətlərə istiqlal!

Rıjkov kim idi? – "Ermənistan qəhrəmanı", SSRİ-nin 7-ci baş nazirinin 95 illik həyatı

2484 28.02.2024 13:24 Analitika A A

Bəlkə də çox adamın xəbəri yox idi ki, 1985-91-ci illərdə SSRİ-nin baş naziri olmuş Nikolay İvanoviç Rıjkov hələ sağdır.

Hamı SSRİ prezidenti Mixail Qorbaçovun sağlıq durumunu izləyirdi, ildə dörd dəfə çıxan “Qorbaçov öldü” və “Qorbaçovun ölüm xəbəri yalan çıxdı” başlıqları oxuyurdu, Rıjkovdan isə xəbər yox idi. O, bu məsələdə də Qorbaçovun kölgəsində, ikinci planda qalmışdı. Nəhayət, Rıjkov da dünyanı tərk etdi – özü də 95 yaşında.

rıj-qor.JPG (34 KB)

O və Qorbaçov sanki daha uzun yaşamaq yarışına girmişdilər. Fəqət Qorbaçovdan iki yaş böyük olan Rıjkov ondan 2 il çox yaşadı.

1929-cu ildə Ukraynada, Donetsk vilayətinin Artyomovski rayonunda doğulan Nikolay Rıjkov adi emalatxana ustası vəzifəsindən SSRİ-nin baş naziri postuna qədər uzun bir karyera yolu keçib. Yeniyetməliyi 1941-45 müharibəsinə düşən Nikolay əvvəlcə texnikum bitirib, işləyib, yalnız 3-4 il aradan sonra Uralda politexnik institutunda ali təhsil alıb, mühəndis olub. O, karyerasının əsas hissəsini istehsalat texnokratı olub, müəssisələrdə texnoloq, mühəndis, baş mühəndis, direktor, baş direktor vəzifələrində çalışıb.

Görünür, uğurlu texnokrat və ciddi kadr olması səbəbindən onu həmişə qabağa çəkiblər. Rıjkov 1975-1979-cu illərdə SSRİ ağır və nəqliyyat maşınqayırması nazirinin birinci müavini vəzifəsinə gətirilib, daha sonra, 1979-1982-ci illərdə SSRİ Dövlət Plan Komitəsi sədrinin birinci müavini təyin edilib.

rıj-3.jpg (104 KB)

Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin ölümü Rıjkova düşərli olub. Onu baş katibin dəfnindən 11 gün sonra kompartiyanın mərkəzi komitəsinin katibi, eyni zamanda iqtisadiyyat şöbəsinin müdiri təyin ediblər. Belə anlaşılır ki, əslində Rıjkov daha ambisiyalı, daha fəndgir və daha intriqan adam olsa, Andropov və Çernenkodan sonra SSRİ-nin rəhbəri də ola bilərmiş. Amma Qorbaçov saray intriqalarında daha usta tərpənib, Siyasi Büronun ağsaqqalları da onun namizədliyi üzərində dayanıblar. Nəticədə Qorbaçov SSRİ-nin hakim partiyasının lideri və sovet parlamentinin sədri seçiləndə Rıjkova da baş nazir vəzifəsi düşüb.

O, bu vəzifədə heç nə ilə yadda qalmayan Nikolay Tixonovu əvəz edib. Lenin, Stalin və Xruşovdan sonra ölkənin ali rəhbərliyində, eləcə də Siyasi Büroda əsasən rusların çoxluqda olmasını istəyənlər bu dəfə də hesab ediblər ən yüksək iki postda rus əsilli kadrlar olsa yaxşıdır.

Ən yüksək iki siyasi vəzifədən birinə təyin edilən Rıjkov isə siyasi xadim deyildi, o mühəndis idi, sona qədər də elə oldu. Sadəcə, o, dəmdəməki Qorbaçovdan daha sanballı, təmkinliydi, reklam olunmağı, videokameralar qarşısında uzun-uzadı danışmağı sevmirdi və öz ölkəsinin respublikalarını, dünyanı gəzən Qorbaçovdan fərqli olaraq xarici səfərlərdə də çox olmurdu.

rıj-2.jpg (104 KB)

Bəs SSRİ-nin çökməsinin iki əsas səbəbindən biri olan iqtisadi tənəzzüldə Nikolay Rıjkovun təqsiri vardımı? Əlbəttə, vardı. Əgər Qorbaçovun yarıtmaz idarəçiliyi üzündən SSRİ-də millətlərarası münaqişələr yaranmışdısa, Rıjkovun yarıtmaz rəhbərliyi üzündən də ölkədə istehsal ritmi pozulmuş, müəssisələrin rentabelliyi azalmış, sovet iqtisadiyyatının səmərəliliyi sıfırlanmışdı.

Hətta özünü oda-közə vuraraq iqtisadiyyatı canlandırmaq istəyən Mixail Qorbaçovun siyasətini məhz Rıjkov sabotaj edib, bazar qiymətlərinin və digər mexanizmlərin tətbiqinə müqavimət göstərib.

Onun tənəzzülü durdurmaq, yeni inkişaf perspektivləri açmaq üçün heç bir proqramı, layihəsi olmayıb. Rıjkov tipik “qosplan”çı olaraq qalıb. Halbuki sovet rəhbərliyi Çindən olan əqidədaşları və həmkarları kimi daha çevik olsaydılar, sovet iqtisadiyyatını vaxtında yeni relslər üzərinə, bazat iqtisadiyyatı platformasına keçirsəydilər, istehsala, yeni təşəbbüslərə qapı açsaydılar, tənəzzül bu miqyasda və bu sürətdə getməzdi.

N.Rıjkovun 1990-cı ilin yanvarında Bakıya ordu yeridilməsində də rolu olmamış deyil. Hökumətin başçısı o idi, güc nazirləri ona tabeydi. Əgər o da vaxtilə Əfqanıstana qoşun yeridilməsinə qarşı çıxan baş nazir Aleksey Kosıgin kimi hərəkət etsəydi, Qorbaçov bu avanteradan vaz keçə bilərdi. Amma ölkənin ikinci adamı olan Rıjkov susaraq Bakıda qırğın törədilməsinə rəvac verib. O, qəlbən ermənilərin tərəfində olub.

1990-cı ilin dekabrında infarkt keçirdikdən sonra sovet rəhbərliyi bu qərara gəlib ki, uçuruma gedən SSRİ-nin çökən iqtisadiyyatını Rıjkovun rəhbərliyi ilə xilas etmək mümkün olmayacaq. Ona görə də Rıjkovu 1991-ci il yanvarın 14-də istefaya göndəriblər və onun yerinə sonradan QKÇP qiyamında baş rollardan birini oynayacaq Valentin Pavlov təyin olunub.

Ancaq bu necə infarktmış ki, Rıjkov xəstə ürəyi ilə daha 34 il yaşadı? Buradan o məna çıxır ki, Rıjkovun baş nazir postundan götürülməsinin əsas səbəbi heç də səhhətindəki problem olmayıb, baş nazir postundakı səriştəsizliyi olub.

rojko.JPG (30 KB)

Onun fəaliyyətindən təkcə ermənilər razıydı, ona görə də 2008-ci ildə Rıjkova “Ermənistanın milli qəhrəmanı” fəxri adı verilib. 1989-cu ildə baş verən Spitak zəlzələsi zamanı Rıjkov ermənilərə olduqca böyük diqqət və qayğı göstərmişdi.

Maraqlıdır ki, Rusiyanın indiki rəhbərliyi bu şəxsə fərqli münasibət bəsləyir, başqa cür hörmət qoyurdu. SSRİ-nin dağılmasında Qorbaçovu və Siyasi Büronun digər üzvlərini lənətləyən ruslar dağılma dönəmində ölkənin ikinci adamı və Siyasi Büro üzvü olmuş Rıjkova fərqli yanaşırdılar və onu ali orden medallarla təltif edir, seçkil orqanlarda təmsil olunmasına şərait yaradırdılar. Rıjkov öldüyü günə qədər Dölət Dumasının üzvü, Rusiya Federasiyasının senatoru olub.

rıj-1.JPG (16 KB)

O, Rusiyanın Krımı ilhaq etməsinə və Ukraynaya müdaxiləsinə tərəfdar çıxıb və buna görə Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və bir sıra digər ölkələrin sanksiyalarına məruz qalıb.

Artıq Nikolay Rıjkov həyatda yoxdur. Onun adı yalnız tarixə aid yazılarda, mənbələrdə çəkiləcək və həyatı xüsusi maraq doğurmayacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR