Deputat deyir ki, belə bir müraciətin məhz indi edilməsi ciddi sual doğurur
Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddin müsəlman həmyerlilərini ictimai yerlərdə namaz qılmaqdan çəkinməyə çağırıb. O bildirib ki, namaz üçün xüsusi ayrılmış yerlər var və bu cür hərəkətlər qeyri-müsəlmanlar arasında narazılıq yarada bilər.
Müfti namazın evdə, məsciddə və ya ibadət evində qılınmalı olduğunu vurğulayıb: “Duanın məqsədi Uca Yaradana səmimi müraciətdir, ictimaiyyətə nümayiş etdirmək deyil, başqalarının hisslərinə hörmət etmək vacibdir. Namaz məsciddə, ibadətxanada və ya evdə qılınmalıdır. Hamam və ya qəbiristanlıq istisna olmaqla, bütün Yer kürəsi Allahın məbədidir. Dua etmək lazımdır, lakin bu, nümayiş üçün olmamalıdır. Ətrafdakıları da nəzərə almaq lazımdır”.
“RİA Novosti” yazır ki, müftinin sözlərinə görə, ictimai yerlərdə namaz qılan dindarlar zahirən təqva nümayiş etdirirlər. Bu dua forması qəbul edilməyəcək və həm digər dinlərin nümayəndələri, həm də din qardaşları arasında suallar doğurur.

Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, İslam dininin yanaşmasına görə, müsəlmanlar təmiz yerlərdə namaz qıla bilərlər. Deputatın fikrincə, əgər müsəlmanın evdə, yaxud məsciddə namaz qılmaq imkanı yoxdursa, qəza olmaması üçün istənilən təmiz yerdə ibadətini yerinə yetirə bilər: “Yeganə şərt digər insanlara mane olmamaqdır. İslam bütün insanların hüquqlarını qoruyur. Dinimiz belə məsələlərə çox həssas yanaşır. Bir neçə məqama diqqət çəkmək istərdim. Mən hesab etmirəm ki, müsəlmanlar bu addımı reklam (nümayiş) üçün atırlar. Odur ki, belə bir açıqlamanın verilməsi anlaşılmazdır. Əgər belə bir fakt varsa, bununla bağlı açıqlama verilməsini müəyyən qədər anlamaq olar. Ancaq heç bir əsas olmadan belə bir qərar qəbul edilirsə, bu, son zamanlar Rusiyada müsəlmanlara qarşı həyata keçirilən siyasətlə bağlı ola bilər. Qısqanclıq, yaxud dözümsüzlük elementləri varsa, bu təbii ki, qəbuledilməzdir. Ümumiyyətlə, belə bir müraciətin məhz indi edilməsi ciddi sual doğurur”.

Rəsul Mirhəşimli
Araşdırmaçı, jurnalist Rəsul Mirhəşimli də açıqlamasında diqqətə çatdırdı ki, müsəlmanlar üçün namaz gündəlik həyatın mərkəzində dayanan, insanla Rəbbi arasında rabitə yaradan ən mühüm ibadətlərdən biridir: “Bu ibadət həm fərdin mənəvi yüksəlişinə, həm də ictimai davranışına təsir edir. Elə bu səbəbdəndir ki, peyğəmbərimiz namazı müsəlmanın meracı adlandırır. Lakin bəzən namazın qılınması ilə bağlı heç kimin nəzərə almadığı sosial tərəflər meydana çıxır. İctimai yerlərdə namaz qılmaq bəzi hallarda digər vətəndaşların hərəkətini məhdudlaşdıra, insanların yolunu kəsə və ya narahatlıq yarada bilər. Ticarət mərkəzlərində, hava limanlarında, küçələrdə və digər sıx məkanlarda ibadət edən insanlara hörmətlə yanaşmaq vacib olsa da, belə məkanlarda uzun müddət dayanmaq digərlərinin hərəkətinə çətinlik yarada bilər. Bundan başqa, ictimai yerlərdə namaz qılmaq bəzi qeyri-müsəlmanlar tərəfindən "nümayiş" kimi qəbul edilə və beləliklə, dini ayinlərin düzgün anlaşılmasına mane ola bilər. Qeyd etmək lazımdır ki, ibadət nümayiş üçün deyil, səmimi niyyət üçün edilməlidir. Lakin bir problemi də nəzərə almaq lazımdır ki, bütün iş yerlərində ibadət edən müsəlmanların namaz qılması üçün ayrıca yerlər nəzərdə tutulmayıb. İş yerlərinin rəhbərləri bu nüansı nəzərə alaraq, ibadət edənlər üçün namaz otaqlarının ayrılmasına xüsusi diqqət yetirməlidir. Bütün iş yerlərinin yaxınlığında məscidlər yoxdur. İbadət edən insanlar namaz qılmaq üçün məscidə getmək istəsə, bu, onların işlərini vaxtında yerinə yetirməsinə problemlər yarada, vaxt itkisinə səbəb ola bilər. Bu halda insanlar məcbur olub ictimai yerlərdə namaz qılmağa çalışır. Namazın ən əsas hikmətlərindən biri insan qəlbinin Allahla rabitəyə fokuslanmasıdır. Namaz zamanı diqqətin dağılmaması, ətrafdakıların narahat olmaması və ibadətin daxili dəyərlərini qorumaq mühümdür. Bu baxımdan ibadətin evdə, məsciddə və ya xüsusi ayrılmış ibadət otaqlarında qılınması daha münasib hesab olunur. Namaz insanın öz Rəbbinin qarşısında səcdə etməsi, Ondan başqa kimsəyə əyilməməsinin hikmətini öyrədir. Bunu ictimai şəkildə nümayiş etdirməyə çalışmaq ibadətin daxili mahiyyətinə uyğun gəlmir. Məhz buna görə də dini liderlər ibadətin mahiyyətini qorumaq üçün sadəliyi tövsiyə edirlər. Cəmiyyət müxtəlif dinlərə, ənənələrə və dünyagörüşlərinə sahib insanlardan ibarətdir. Bu müxtəliflikdə qarşılıqlı hörmət, anlayış və empatiya xüsusilə vacibdir. Müsəlmanlar öz ibadət ehtiyaclarını nəzərə aldıqları kimi, ətrafdakı insanların rahatlığını da düşünməlidirlər. Eyni zamanda cəmiyyətin digər üzvlərindən də dini ayinlərə hörmət və anlayış gözlənilir. Bir çox halda ibadət edənlərə qarşı yersiz hərəkətlərin də şahidi oluruq. Bakıda avtobus sürücüsünün sonuncu dayanacaqda marşrutun intervalını nəzərə alıb namaz qılmasına görə bəzi insanlar onu “topa tutmuşdular”. Həmin insanlar bir şeyi unudurdular ki, sürücünün avtobusun dayanacaqdan yola düşməsinə 10 dəqiqə qaldığı vaxtda haradasa başqa yerdə namaz qılmaq imkanı yoxdur. Adam kimsənin hərəkətinə mane olmadan öz ibadətini vaxtında yerinə yetirmək istəmişdi. İctimai yerlərdə namaz qılmağın qadağan edilməsi xüsusi bir məqsəd daşımır. Əsas məqsəd hörmət, qayda və qarşılıqlı anlaşmadır. Müsəlmanlar həm ibadətin ruhunu, həm də ictimai qaydaları nəzərə aldıqda cəmiyyətdə həm mənəvi dəyərlər, həm də sosial harmoniya qorunur".

Kənan Rövşənoğlu
Araşdırmaçı, jurnalist Kənan Rövşənoğlu isə hesab edir ki, söhbət çağırışdan gedir: “Belə bir qadağa mümkün deyil. Sadəcə, tövsiyədir. Ancaq namazın gizli qılınması ilə bağlı bir göstəriş İslamda yoxdur. Məscid olmadıqda müsəlman namazını hər yerdə - pak olması və namaz qılmaq üçün uyğun şərtlərə cavab verməsi daxilində - qıla bilər. O başqa bir məsələdir ki, bir insanın namazı göstəriş və ya başqa insanların hərəkəti və həyatına maneə törətməməlidir, müsəlman təvazökar olmalıdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






