İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Paşinyana "NATO qadağası" qoydu: Kreml İrəvanı çevriliş və işğalla təhdid edir

2361 03.02.2024 18:58 Analitika A A

Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq edir ki, HATO Ermənistanı öz sıralarına qəbul etməyəcək və onun təhlükəsizliyinə təminat verməyəcək...  Rusiya isə ortalıqda təkbaşına buraxılmış Ermənistanla bağlı ən radikal qərarlar qəbul edəcək və bu, erməni dövlətçiliyi üçün faciəvi nəticələr doğura bilər...

Rusiya-Ermənistan münasibətləri gərginləşməkdə davam edir. Kreml rəsmi İrəvana qarşı təzyiqləri artırmağa başlayıb. Belə situasiya rus-erməni münasibətlərində ilk dəfədir ki, müşahidə olunur. Qarşılıqlı ittihamların məzmunu indi artıq etik və siyasi-diplomatik normalardan belə, kənara çıxması ilə diqqəti çəkir. Və bu, hər iki ölkənin siyasi rəhbərliyinə daxil olan şəxslərin açıqlamalarında özünü açıq-aşkar biruzə verməkdədir.

Belə ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Paşinyan hakimiyyətini Ermənistanın maraqlarına zidd xarici siyasət kursunda israr etməkdə suçlamışdı. Mariya Zaxarova vurğulamışdı ki, rəsmi İrəvanın ABŞ və Qərbin reallıqdan uzaq vədlərlə uyaraq, Rusiyadan uzaqlaşmaq siyasəti Ermənistanın mənafelərini böyük risk altında buraxır. Və Paşinyan hakimiyyətinin ən qısa zamanda bu siyasi kursdan imtina etməsi vacibdir.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg (214 KB)

Belə anlaşılır ki, Kreml Ermənistanın dövlət maraqlarını yalnız Rusiyanın orbitində təsəvvür edir. Ancaq İrəvanda son vaxtlar ABŞ və Qərbin dəstəyi ilə bağlı müəyyən tərəddüdlər olsa da, hər halda, erməni siyasi dairələri bunun tam əksini düşündüklərini də qətiyyən gizlətmirlər. Baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı Rusiya ilə müttəfiqliyin Ermənistana fayda deyil, zərər verdiyi qənaətindədir.

Rəsmi İrəvan tərəfindən əsas arqument kimi isə Rusiya ilə hərbi əməkdaşlığın artıq Ermənistan üçün effektiv olmadığı ön plana çəkilir. Yeni hərbi-siyasi müttəfiqlərin Ermənistanı daha fərqli inkişaf mərhələsinə keçirə biləcəyi qabardılır. Və xüsusilə də, Rusiyanın Ermənistanın suverenliyini şübhə altına alması ən ciddi problemlərdən biri kimi təqdim olunur.

Təbii ki, Kremlə yaxın siyasi dairələr Paşinyan hakimiyyətinin bu mövqeyindən qıcıqlandıqlarını gizlətməkdə artıq çətinlik çəkirlər. Onlar rəsmi İrəvanı açıq mətnlə tənqid və təhdid edirlər. Rusiyanın heç nəyi unutmayacağına və zamanı gəldikdə xəyanət edənləri mütləq cəzalandıracağına eyham vururlar. Və bu, Kreml və Paşinyan hakimiyyəti arasında qarşıdurmanın artıq həlledici mərhələyə yaxınlaşdığını sezdirir.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Ermənistan baş naziri Nikol Paşinyanı Ukraynanın prezidenti Volodimir Zelenski ilə müqayisə edib. Onun fikrincə, erməni baş nazir də Ukrayna prezidentinin yolu ilə gedir, Rusiya ilə münasibətləri korlamaq hədəfini qarşısına əsas məqsəd kimi qoyub. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti əvvəl-axır, hətta çox tezliklə İrəvanı itirəcək.

346965141795241.jpeg (117 KB)

Bu, həm də onu göstərir ki, əslində, Kreml Rusiya-Ermənistan münasibətlərinin korlandığı qənaətindən hələlik uzaqdır. Rusiya siyasi dairələri əsas problem kimi məhz Paşinyan hakimiyyətini görürlər. Onlar hesab edirlər ki, əgər, Paşinyan hakimiyyəti "İrəvanı itirərsə", yəni devrilərsə, Rusiya-Ermənistan münasibətlərində hər hansı problem və ya ziddiyyət qalmayacaq. Və bu, o deməkdir ki, Kreml hələ də Ermənistanı əvvəlki kimi Rusiyanın for-postu hesab etməklə yanaşı, müxtəlif istiqamətlər üzrə dəstəkləyir.

Aleksey Juravlev vurğulayıb ki, baş nazir Nikol Paşinyan prezident Volodimir Zelenskinin savaş öncəsi addımlarını eynilə təkrarlayır: "Yəni Rusiya ilə münasibətlər planlı şəkildə qəlizləşdirilir. Halbuki, bu, Ermənistana və erməni xalqına sərfəli deyil, əksinə, təhlükəlidir. Ermənistan KTMT strukturlarından üz döndərib, NATO təlimlərində iştirak etməyə başlayıb. İndi Nikol Paşinyan hətta əvvəlki demarşının Qarabağ hadisələrinə səbəb olduğunu unudaraq, Rusiya ilə hərbi əməkdaşlıqdan da imtina etmək niyyətinə düşüb. Halbuki, Qərbdən ümid etdiyi dəstəyi ala bilməyəcəyini və İrəvanı da tezliklə itirəcəyini hələ də anlamır”.

Təbii ki, bu açıqlamada Rusiyanın ikibaşlı təhdid cəhdi açıq-aşkar nəzərə çarpır. Çünki bunu həm Paşinyan hakimiyyətinin devrilə biləcəyinə, həm də Ermənistanın ümumiyyətlə, suverenliyini itirərək, bir dövlət kimi geopolitik xəritədən silinəcəyinə eyham olaraq da qəbul etmək mümkündür. Hər halda, Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinə Ermənistanı gözləyən real təhlükələri mümkün qədər açıq şəkildə izah etməyə çalışırlar.

Maraqlıdır ki, Kreml Paşinyan hakimiyyətinə Ermənistanın NATO-ya yaxınlaşdırmaq cəhdlərinin doğura biləcəyi nəticələr barədə də xəbərdarlıq mesajları verir. Bu mesajlardasa, Ukrayna savaşının məhz rəsmi Kiyevin NATO planları ucbatından başladığı xüsusi olaraq, xatırladılır. Bu barədə ermənipərəst rus politoloq Stanislav Tarasov da Ermənistan mətbuatına açıqlamalar verib. O, Paşinyan hakimiyyətinin Qərbin sifarişləri ilə oynadığı oyunların çox təhlükəli olduğunu qabardıb. Buna səbəb isə NATO təmsilçisi Havier Kolominanın İrəvanda Ermənistanın bu hərbi-siyasi alyansa yaxınlaşmaq cəhdlərindən məmnunluq ifadə etməsi olub.

nocomment_7b640d664788d2ee40fd439108b905a1_zatbqsxlrm17opguvw6n-e1601888562938.jpg (84 KB)

Rus politoloq vurğulayıb ki, rəsmi İrəvan nədənsə, NATO-nun Ermənistana gözlənilməz və müəmmalı marağı barədə ciddi şəkildə düşünmək istəmir: "Onlar hətta bu alyansın Cənubi Qafqazdakı strateji hədəflərini belə, anlamağa çalışmırlar. Halbuki, NATO addım-addım Rusiyanın sərhədlərinə yaxınlaşır. Bu isə Rusiya üçün "qırmızı cizgi"dir. Elə bu səbəbdən də Ukrayna savaşı başlamışdı".

Maraqlıdır ki, rus politoloq NATO-nun postsovet ölkələrinə münasibətdə davranışlarını da Ermənistan cəmiyyətinə xatırlatmağı unutmayıb: "NATO postsovet ölkələrini öz sıralarına qəbul etməyə o qədər də həvəsli davranmır. Ukrayna, Moldova və Gürcüstanın timsalında bu, artıq hər kəsə məlumdur. Üzvlük ilə bağlı müzakirələr onilliklər boyu davam edir. Ermənistanı da eyni nəticələr gözləyir. Rəsmi İrəvan bütün bunlara Rusiyanın müsbət reaksiya verməyəcəyini də mütləq nəzərə almalıdır. Paşinyan hakimiyyəti bu barədə mütləq ciddi şəkildə düşünməlidir. Əks halda, nəticələri faciəvi ola bilər".

Göründüyü kimi, Kreml rus politoloqların dili ilə rəsmi İrəvanı birbaşa təhdid edir. Paşinyan hakimiyyətinə xəbərdarlıq edilir ki, HATO Ermənistanı öz sıralarına qəbul etməyəcək və onun təhlükəsizliyinə təminat verməyəcək. Rusiya isə ortalıqda təkbaşına buraxılmış Ermənistanla bağlı ən radikal qərarlar qəbul edə bilər. Və bu, Ermənistan dövlətçiliyi üçün faciəvi nəticələr doğurar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR