Qarabağda sülhü təmin etmək missiyasını üzərinə götürmüş kontingentin addımları erməni terrorçularına stimul verməyə yönəlib; parad təxribatına cavab olaraq Türkiyə ilə təcili məsləhətləşmək çağırışı
Rusiya sülhməramlılarının Qarabağda 9 May paradına hazırlıqları ilə bağlı xəbərlər Azərbaycan ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılaşıb. Bildirilir ki, sülhməramlı kontingentin həmin tarixdə Xankəndində hərbi keçidi planlaşdırılıb.
Heç şübhəsiz ki, bu, Azərbaycanın maraqlarına və qanunlarına ziddir. Üstəlik, bu paradda Qarabağın dağlıq hissəsindəki separatçıların iştirakı da gözlənilir ki, belə bir addım yolverilməzdir. Çünki 10 noyabr anlaşmasına görə, sülhməramlılar əslində Qarabağdakı erməni silahlılarının bölgədən çıxarılmasına nail olsunlar, terrorçuların fəaliyyətinə son qoysunlar. Bunun əksinə olaraq, onların qanunsuz silahlı birləşmələrlə çiyin-çiyinə addımlaması Rusiyaya qarşı etirazların artmasına səbəb ola bilər.
Qeyd edək ki, artıq Xankəndi aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin məlumat yayması da təəssüf doğurur. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb. Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir. Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənilir. Söhbət Azərbaycan ərazisindən gedirsə, burada hər hansı addımın atılması birmənalı şəkildə Bakı ilə razılaşdırılmalıdır. Bir neçə gün əvvəl Rusiya müdafiə nazirinin müavini Qarabağa gələndə də yolunu Bakıdan salmamışdı və bu, etirazlar doğurdu. Prezident Putin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib və beynəlxalq birliyin də buna qəti şübhəsi yoxdur. Belə olan təqdirdə Qarabağdakı rus sülhməramlıların parad qərarı da Bakının razılığı əsasında olmalıdır. Rusiyanın 366-cı motoatıcı alayının 1992-ci ildə erməni quldurları ilə birgə Xocalıda azərbaycanlılara qarşı soyqırım aktı yaddan çıxmayıb. Bu mənada Muradovun rəhbərlik etdiyi kontingentin erməni terrorçuları ilə əməkdaşlığı yalnız faciələr vəd edir.
İndi çoxlarını düşündürən sual budur: dövlətimiz bu məsələ ilə bağlı nə etməli, hansı addımları atmalıdır? Hesab olunur ki, bu addımlardan biri də həmin tarixdə Şuşada bizim qoşunların nümayiş keçirməsi ola bilər.

Tofiq Zülfüqarov
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, 9 May - Qələbə Günü bizim üçün də çox əhəmiyyətli bayramdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycanın bu müharibədə 300 min vətəndaşı həlak olub: “Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin 9 May - Qələbə Günü münasibətilə Xankəndində təntənəli yürüş keçirmək istəyində qeyri-adi bir şey yoxdur. Əksinə, biz bu tədbirdən öz maraqlarımız çərçivəsində istifadə edə bilərik”.
T.Zülfüqarov Rusiya sülhməramlılarının 9 May - Qələbə Günü münasibətilə Xankəndində təntənəli yürüş keçirmə istəyini Axar.az-a şərh edərkən deyib ki, Rusiya sülhməramlılarının bu təntənəli yürüşünə azərbaycanlı rəsmilər və hərbçilər də qatılmalıdır: “Hesab edirəm ki, bu təntənəli yürüşə Müzəffər Ordumuzun əsgərləri də qatılmalıdır. Çünki Azərbaycan ərazisində keçirilən hərbi yürüşə mütləq ordumuz nəzarət etməlidir. Digər tərəfdən, Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzində Moskva ilə birlikdə işləyir. Bu mənada Türkiyə də bu tədbirdə iştirak etməlidir”.

Ancaq eks-nazir hesab edir ki, tədbirdə hansısa “tanınmayan” qurumun “rəsmilərinin” iştirak etməsi, bizim üçün heç bir məna kəsb etməyən parçanın dalğalanması kimi mümkün hallar yolverilməzdir: “Bununla bağlı narahatlığımızı öncədən Moskvanın diqqətinə çatdırmalıyıq. Erməni tərəfi bu tədbirdə təxribat törətmək üçün əlindən gələni edəcək. Ona görə də bu kimi halların qarşısı indidən alınmalıdır”.

Fazil Mustafa
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik: “Xankəndində parad keçirmək onların tərəfsizliyi pozması aktıdır və bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq. Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaqdır. Bunun tarixi analogiyası da var. Bilindiyi kimi, 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirmişdir”. F.Mustafa hesab edir ki, təcili şəkildə Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik: “Onsuz da Ramazan ayından sonra Türkiyə prezidenti cənab Ərdoğanın Azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilməsi variantını da düşünmək olar. Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik”.

Elman Məmmədov
Deputat Elman Məmmədov isə Rusiya sülhməramlılarının Azərbaycan ərazisində hərbi parad keçirməsinin özbaşınalıq olduğunu vurğulayıb: “Paradın keçirilməsi sülhməramlı missiyasına aid olmayan bir hərəkətdir və Azərbaycan qanunlarına hörmətsizlikdir. Ermənilər Xocalını işğal edəndə tək olmayıblar. Xocalını Rusiyaya məxsus 366-cı motoatıcı alayın bütün canlı qüvvəsi və hərbi texnikası ilə işğal ediblər. Orada da cəhənnəmə vasil olan İvan adlı tank komandiri vardı. Ermənilər Xocalının adını dəyişdirib onun şərəfinə İvanyan qoyublar. Yəqin ki, İvanyan adının şərəfinə rus sülhməramlıları orada hərbi parad keçirmək niyyətindədirlər”.
E.Məmmədov Rusiyanın parad planı ilə bağlı maraqlı təklif səsləndirib: “Yaxşı olar ki, Azərbaycan Ordusunun həm Şuşada, həm də Ağdamda olan güclü qüvvələri də Xocalıya keçib ruslarla birlikdə orada yerləşsinlər. Desinlər ki, ”gəlmişik parada baxmağa. Əgər Rusiya sülhməramlıları parad keçirmək istəyirsə, bunu gedib öz ölkələrində təşkil etsinlər. Sülhməramlıların Monitorinq Mərkəzi Ağdamdadır, orada keçirsinlər. Nəyə görə parad Xocalıda olmalıdır?"
E.Məmmədov Modern.az-a deyib ki, bu, bir növ Azərbaycanı qıcıqlandırmaq və hörmətsizlikdir: “Hesab edirəm ki, bunun cavabı dövlət rəhbərliyi tərəfindən rəsmi qaydada veriləcək. Sülhməramlıların bu hərəkəti qeyri-qanunidir və qarşısı alınmalıdır. Rusiya sülhməramlıları bizim ərazimizdədir və bizim qanunlarımıza hörmətsizlik edir. Parad keçirməyə belə çox həvəslidirlərsə, Suriya və Liviyada da rus hərbi kontingenti var, onda orada da keçirsinlər”.
Yəqin ki, rəsmi Bakı son sözünü deyəcək. Azərbaycan qanunlarına hörmət etmək istəməyənlər bizdən hörmət gözləməsinlər...
E.PAŞASOY,
“Yeni Müsavat”






